Gürcüstanda hər il bir neçə yüz qız məktəb partasından qaçırılır. Dövlət də bu ənənəyə göz yumur, hüquq müdafiəçiləri belə hesab edir " />

Dövlət qızları satır

Gürcüstanda hər il bir neçə yüz qız məktəb partasından qaçırılır. Dövlət də bu ənənəyə göz yumur, hüquq müdafiəçiləri belə hesab edir

Növbəti məktəbli qızın qaçırılması aprelin 28-də azərbaycanlıların yaşadığı kənddə baş verib.

Günün günorta çağı Marneuli rayonunun Takalo kəndi ərazisində orta məktəbə bitişik ərazidən kişi on ikinci sinif şagirdi olan qızı evlənmək məqsədiylə qaçırıb.

Qızın 17 yaşı var. Kişi ondan 10 yaş böyükdür. Polisə qaçıranın şəxsiyyətini müəyyən etmək üçün iki gün kifayət etmədi. İki gün sonra da kişinin özü qızı evinə qaytararaq bildirib ki, qız heç bir məcburiyyət olmadan özü onunla ailə qurmağa hazırdır. Sonra da hadisələr yüzlərlə belə hadisələrdə olduğu kimi, öz ənənəvi axarı ilə getdi – valideynlər qızlarını qaçıran adamla razılığa gələrək, qızlarını ərə verdilər. Polis də onunla prosesual razılaşma sənədi tərtib edərək, kişini azad etdi, əvəzində də büdcəyə böyük həcmdə ödəniş aldı. Bütün bu razılaşmalar-müqavilələr prosesində qızın səsi eşidilmir. Ancaq başqalarının dilindən onun ərə getməyə razı olduğu deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti JAMnews-a bildirib ki, polis həm qızı, həm də onu qaçıran şəxsi dindirib: “Hər ikisi də deyib ki, artıq dörd ildir ki, bir-birlərini sevirlər, kişi də bir neçə dəfə ona elçi göndərib. Qız ərə getməyə razılıq versə də, istintaq davam edir”.

Qaçırılan qızın bacısı bu məsələylə bağlı bir qədər fərqli danışır, qeyri-hökumət sektorunun nümayəndələriylə söhbəti zamanı o bildirib ki, bacısı ərə getməyə hazırlaşmırdı və onu öz istəyi olmadan qaçırıblar.

Bu, yetkinlik yaşına çatmayan qızın qaçırıldığı və cinayətin cəzasız qaldığı ilk və görünür, son belə hadisə deyil.

Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində qaçırılmalar daha tez-tez olur.

Statistika acınacaqlıdır:

Xalq müdafiəçisinin məlumatına görə, 2011-2014-cü illərdə Gürcüstanda 4599 məktəbli qız 9-cu sinfə keçməmiş təhsillərini dayandırıblar. 2015-ci ildə 611, 2014-cü ildə isə 665 nəfər yetkinlik yaşına çatmayanla nikah bağlanıb

Ombudsmenin 2016-cı ilə olan hesabatında deyilir ki, Təhsil Nazirliyi tərəfindən təqdim olunan statistikaya əsasən, 2015-ci ildə  yaşı 13-17 arası olan 408 şagird təhsillərini ailə qurması səbəbindən dayandırıblar, 168 halda 18 yaşına çatan şagirdlər təhsillərini dayandırıblar

Güman edilir ki, bu məlumatlar dəqiq deyil və vəziyyət daha acınacaqlıdır, çünki məlum olduğuna görə, vəziyyətin daha ağır olduğu Kvemo Kartlinin  bələdiyyə vahidlərində müəllimlər və məktəb direktorları neçə şagirdin ailə qurması səbəbindən təhsilini dayandırması barədə informasiya vermirlər.

Etnik azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə erkən nikahlar adi haldır və yerli sakinlərin dediyi kimi, bu, Azərbaycan ənənələrinin bir hissəsidir.

Çox güman ki, hüquq-mühafizə orqanları da tez-tez bu izahatlarla üzləşirlər, onlar adətən bu kimi hallara göz yumur ki, bu da Gürcüstan qanunvericiliyinin pozuntusudur

“Erkən nikahlar qızlara qarşı zorakılıqdır”, “Qızlarınızı onları zorlayanlara ərə verməyin” – aprelin 30-da onlarla adam Gürcüstan prokurorluğunun qarşısına bu transparantlarla gəldilər. Onlar tələb etdilər ki, Daxili İşlər Nazirliyi və prokurorluğu qanuna riayət etsinlər və Azərbaycan icmasında qızların qaçırılmasına müvafiq reaksiya versinlər.

“Prokurorluq ailələrin razılığa gəlməsini gözləyir, sonra da prosessual razılaşma nəticəsində qaçıranı azad edir. Bu halda da həmin şeylər baş verdi. Polis özü kişini tapmadı. Sonra o özü ortalığa çıxandan sonra onu dindirdilər və buraxdılar. Yetkinlik yaşına çatmayanın azadlıqdan məhrum edilməsi Gürcüstan Cinayət Məcəlləsiylə cəzalandırılır. Bu, kriminaldır”, – hüquq müdafiəçisi Baia Pataraya deyir.

Gürcüstan qanunvericiliyi yetkinlik yaşına çatmayanlarla seksual əlaqə və ya nikaha girmək istəyən şəxslərə qarşı çox sərtdir:

  • Vətəndaş Məcəlləsinin 108-ci maddəsinə əsasən, nikaha girmək 18 yaşına qədər qadağandır.
  • Azadlıqdan qeyri-qanuni şəkildə məhrum etmə Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən, 2 ildən 4 ilə qədər cəza nəzərdə tutur. Yetkinlik yaşına çatmayanlara qarşı eyni əməllərə görə 7-10 il həbs cəzası gözləyir.
  • 16 yaşına qədər olan şəxslə seksual əlaqəyə görə 7 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məcəllənin 1501-ci maddəsi hüquq-mühafizə orqanları əməkdaşlarına qaçırılan qızın ailəsinin razılığı ilə prosessual razılaşma əsasında işi bağlamaq və qız qaçıranı 6-14 min lari həcmində cərimələmək imkanı verir.

Cinayət Məcəlləsinin məhz bu maddəsindən daha çox istifadə edilir. Nəticədə isə erkən nikaha girən minlərlə qız təhsilsiz qalır. Onların təhsili, müvafiq işi olmur və onlar ömür boyu tamamiylə ərlərindən və onların ailələrindən asılı vəziyyətdə qalırlar və öz şəxsi azadlıqlarından məhrum olurlar.

BMT-nin əhali fondunun müxtəlif vaxtlarda əldə etdiyi məlumatlara görə, Gürcüstanda 17% qadınlar 18 yaşına qədər ailə qurub, bundan sonra da əksəriyyətinin ali təhsil almaq imkanı olmayıb.

Demokratik prisiplərə riayət olunmasına istiqamətləndiyini bildirən, buna paralel olaraq da qızlara qarşı müxtəlif zorakılıq hallarının göstərilməsinə kömək edən dövlət bu cür cinayətlərin iştirakçısıdır, hüquq müdafiəçiləri belə hesab edir.

“Dövlət faktiki olaraq bu qızları prosessual razılaşmada qeyd olunan cərimənin qiymətinə satır. Bu qızların qaçırılması hesabına da dövlət büdcəsi dolur”, – “İnsan haqları uğrunda tərəfdaşlıq” təşkilatının rəhbəri, hüquq müdafiəçisi Anna Abaşidze deyir.

Abaşidze daha bir mühüm detala diqqət çəkir – gender amilindən başqa, burada söhbət uşaqların hüquqlarının pozulmasından gedir: “Bu qızlar üçün onların yeniyetməlik dövründə başqaları ailə qurur. ”

Bu, uşaq istismarıdır və daha ağır cinayət təsəvvür etmək çətindir”.

Hüquq müdafiəçilər bildirir ki, qaçırılma adətən qızlara qarşı cinsi zorakılıqla müşayiət olunur,  qızlar buna müqavimət göstərmir və heç vaxt bu haqda açıq danışmırlar:

“Qızları doğma ailələri dəstəkləmir, onun evə qayıtmasını istəmir, çünki bunu rüsvayçılıq sayırlar; qızları dövlət, cəmiyyət də dəstəkləmir. Buna görə də qurbanların başqa yolu qalmır. Onlar taleləri ilə barışmalı olur”, – “Qadının baxışı” qeyri-hökumət təşkilatının nümayəndəsi Qvantsa Xonelidze deyir.

 


More on JAMnews