Gürcüstanda kilsənin rolu ətrafındakı müzakirələr yenidən canlanıb. Ekspertlər patriarxlığın hakimiyyətə böyük təsir gücündən narahatdır " />

Dövlət cənazələri: hərbçilər müqəddəs iztirabkeşin nəşi önündəki növbənin keşiyini çəkir

Gürcüstanda kilsənin rolu ətrafındakı müzakirələr yenidən canlanıb. Ekspertlər patriarxlığın hakimiyyətə böyük təsir gücündən narahatdır

Gürcüstan pravoslav kilsəsinin müqəddəs elan etdiyi Çariça Ketevanın nəşi ötən həftəsonu Hindistandan Gürcüstana gətirilib. Müqəddəs iztirabkeşin cənazəsialtı ay Gürcüstanda qalacaq və bütün ölkə boyu gəzdiriləcək.

Sentyabrın 24-dən Ketevanın nəşi Tbilisidə Müqəddəs Üçlük Kafedral Kilsəsində qoyulub. Müqəddəs nəşə yaxınlaşmaq istəyənlər səhərdən növbəyə düzülüblər. Kilsədəki tünlük və basırıq səbəbilə hərbçiləri köməyə çağırmalı olublar.

Hərbçilər üç saat ərzində növbədə səliqə yaratmağa çalışsalar da, faydası olmayıb, hər kəs müqəddə çariçanın nəşinə yaxın düşmək istəyib.

Bazar ibadəti zamanı patriarx İkinci İliya inanclılara müraciət edib və onları “bu böyük gün münasibətilə” təbrik edib. Müqəddəs Ketevanın nəşinin Hindistandan Gürcüstana gətirilməsində fəal iştirak edən mədəniyyət naziri Mixail Qiorqadzeyə isə xüsusi təşəkkür bildirib. Patriarx nazirə müqəddəs Məryəm ikonası hədiyyə edib.

Qoadan gələn çariça Ketevan

Hindistanda Qoa kilsəsinin dağıntıları altında gürcü çariçası Ketevanın nəşinin tapıldığı ehtimalı ilk dəfə 2013-cü ildə məlum olub. ARCHEOLOGY populyar elmi jurnalında daş sərdabədə tapılan çiyin sümüyünün hindli mənşəli yox, gürcü mənşəli olduğu və bunun DNK analizi ilə təsdiqləndiyi, həm də çariça Ketevana aid ola biləcəyi haqda məlumat dərc olundu.

Tarixi mənbələrə əsasən, 1613-cü ildə İran şahı Abbas Şərqi Gürcüstanın Kaxetiya çariçası Ketevanı əsir götürüb. İslamı qəbul edib, şahın hərəmxanasına daxil olmaqdan imtina etdiyi üçün onu əzab verərək öldürüblər. Ölümündən sonra xristianlar onun bədəninin hissələrini dünyanın dörd bir yanına aparıblar.

Gürcüstan Pravoslav Kilsəsi Ketevanı müqəddəs iztirabkeş elan edib.

Sentyabrın 20-də çariça Ketevanın müqəddəs nəşi Gürcüstana gətirilib, altı ay burada qalandan sonra yenidən Qoaya qaytarılacaq.

Əvvəlcə müqəddəs nəş Müqəddəs Üçlük Kilsəsində saxlanılacaq, sonra müxtəlif regionlara aparılması planlaşdırılır. Milli muzeydə isə sərgi və beynəlxalq konfrans keçiriləcək.

Büdcə pulları

Çariça Ketevanın müqəddəs nəşinin ölkəyə gətirilməsi və ölkə daxilində gəzdirilməsi üçün lazım olan vəsait tamamilə dövlət tərəfindən ödənilir.

Baş nazir Kvirikaşvinin sərəncamına əsasən, bu məqsəd üçün büdcədən 342 min lari (138 min dollar) ayrılıb.

İctimaiyyətin bir hissəsi hesab edir ki, dövlət müqəddəs nəşin gətirilməsini maliyyələşdirməməlidir. Birinci növbədə ona görə ki, kilsə yetərincə varlı təşkilatdır və bu vəsaiti asanlıqla tapa bilərdi (hər il pravoslav kilsəsi dövlətdən 25 milyon lari alır). Bundan başqa, bu addımla dövlətin kilsəyə və sekulyarlığa münasibətdə neytrallıq prinsipi pozulur, çünki dövlət büdcəsi vergilər sayəsində formalaşır, vergi ödəyicilərinin isə heç də hamısı pravoslav xristian deyil.

Kilsə və hakimiyyət nümayəndələri hsab edirlər ki, müqəddəs Ketevanın nəşinın Gürcüstana gətirilməsi həm dini, həm də milli nöqteyi-nəzərdən tarixi məqamdır, buna görə də büdcədən maliyyələşdirmədə təəccüblü heç nə yoxdur.

“Dövlət kilsəyə yardım edir və bu, həm onun vətəndaş mövqeyinin möhkəmləndirilməsi, həm də milli vəhdət üçün vacibdir”, – JAMnews-la söhbətində Gürcüstan Katalikos-patriarxının katibi Mikael Botkoveli deyib.

Teoloq Beka Mindiaşvili müqəddəs nəşlərə sitayiş edilməsində başqa bir vacib problemi də görür.

Onun sözlərinə görə, bu, teoloji nöqteyi-nəzərdən doğru deyil və xristianlığa, yevangelist təliminə ziddir. Bundan başqa, Mindiaşvili dövlətin davranışında siyasi motiv olduğunu bildirir.

“Bu, hakimiyyət tərəfində seçki öncəsi fəallaşmış pravoslavlığın növbəti səhnələşdirilmiş aktıdır”, – Mindiaşvili deyir.

Onun sözlərinə görə, çoxillik siyasi ənənə bu dəfə də pozulmayıb və hakimiyyət dini inanclarla oynayaraq seçiciləri öz tərəfinə çəkmək istəyir (oktyabrın 21-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər baş tutacaq).

“Seçkilər ərəfəsində həmişə belə olur – hakimiyyət nümayəndələri pravoslavlığa, kilsəyə nə qədər sadiq olduqlarını nümayiş etdirirlər… İctimaiyyət arasında, medianın gözü qarşısında ibadət etməyə başlayırlar”, – Mindiaşvili deyir.

Hakimiyyətin dini tədbirləri maliyyələşdirməsi heç kimi təəccübləndirməməlidir, çünki “Gürcüstanda pravoslavlar çoxluğu əhatə edir, buna görə də dövlət resurslarının sərf olunması doğru addımdır”, – öz növbəsində Botkoveli hesab edir.

Dini fanatizm?

Gürcüstanda müqəddəslərin məzarlarına və müqəddəs nəşlərə sitayiş etmək fenomeni yeni deyil. Bu nöqteyi-nəzərdən ən böyük miqyaslı və yaddaqalan hadisələr üç il əvvəl keşiş Qabrielin məzarı başında baş verib.

2014-cü ildə prixoda mənsub dindarlar arasında belə bir şayiə yayıldı ki, Samtavro monastırının rahibəsi Paraskeva anaya ilahidən vəhy gəlib. Sanki onu monax Qabriel ziyarət edib və deyib ki, milada qədər kim onun məzarına baş çəksə iki arzusu yerinə yetəcək.

Bir çox KİV-in yaydığı bu xəbər çoxları tərəfindən tam ciddi qəbul olunmuşdu. Bir həftə ərzində minlərlə insan Mtsexidəki bu məzarı ziyarət etmişdi və insanlar uzun-uzadı növbələrdə gözləməli olmuşdular.

Bu zaman Tbilisidən Mtsexiyə gedən yolda saatlarla sovrulmayan tıxaclar əmələ gəlmişdi. Xüsusi olaraq səfərbər edilmiş patrul polisi də vəziyyətdən xilas edə bilmirdi. İnsanlar açıq səma altında soyuq havada qucaqlarında körpə südəmər uşaqları ilə gözləyirdilər.

Patriarxlıq inanclıları xüsusi bəyanatla sakitləşdirdi, bu bəyanata əsasən Qabriel atanın ruhu miladdan sonra da onları qoruyacaqdı. Paraskeva ana isə bildirmişdi ki, ona vəhy filan gəlməyib.

Çariça Ketevanın nəşinin Gürcüstana gətirilməsi ilə bağlı proseslər ictimaiyyət arasında kilsənin ölkə həyatındakı rolu ətrafında müzakirələri yenidən qızışdırıb. İctimaiyyətin bir hissəsi hesab edir ki, əhalinin əksəiyyəti asanlıqla dini fatatizmin təsiri altına düşür və çox vaxt təhlükəsi həddə çatır. Patriarxlığın hələ də hakimiyyətə böyük təsir imkanının olması isə narahatlıq doğurur.

Gürcüstan kilsəsi əhalisinin 83 faizinin özünü pravoslav xristian hesab etdiyi (2014-cü il əhalinin siyahıya alınmasına əsasən) ölkənin ən nüfuzlu institutlarından biridir. Kilsə rəhbəri katolikos-patriarx İkinci İliya isə bütün sosial sorğulara əsasən ən çox etimada sahib ictimai fiqurdur.

“Ölənlərə, iztirabkeşlərə və onların nəşlərinə qarşı bu münasibət ənənəvi, mühafizəkar dini qruplar üçün xarakterikdir”, – Beka Mindiaşvili deyir.

Onun sözlərinə görə, təhsil səviyyəsinin aşağı olduğu yerlərdə maddi əşyalara sitayiş fenomeni ortaya çıxır və hakimiyyət də bu vəziyyətdən istifadə edir:

“O yerdə ki, liberal-demokratik siyasi mədəniyyət çatışmazlığı var, orada hakimiyyətə səfərbərlik üçün əlavə resurs lazımdır. Bunun üçün ən yaxşı vasitə isə din və insanların manipulyasiyasıdır”.

Kilsədə isə hesab edirlər ki, müqəddəş nəşlərə sitayiş normaldır və inanclı insanlara qarşı tənqid onların dini baxışlarını təhqir edir.

“Biz müqəddəs nəşlərə sitayiş edirik. əks düşüncə isə şüurun tənəzzülü deməkdir. Bu, kilsəyə qarşı məqsədyönlü kampaniyadır və bu institutun zəiflədilməsinə xidmət edir”, – patriarxın katibi Mikael Botkoveli deyir.

Müqəddəs iztirabkeş Ketevanın nəşi Müqəddəs Üçlük kilsəsindən Kaxeti regionuna, Alaverdi monastırına yollanacaq. Oradan isə Gürcüstanın digər regionlarına.

 


More on JAMnews