Gürcüstanda matəm günü elan olunub" />

Dörd nəfər həlak olub. Tbilisidə qaz sızıntısı nəticəsində yaşayış binasında partlayış vaş verib

Gürcüstanda matəm günü elan olunub

Foto: Azadlıq Radiosu

Tbilisidə yaşayış binasında təbii qaz partlaması nəticəsində dörd nəfər həlak olub. Onların arasında dörd yaşlı uşaq da var. Bu gün Gürcüstanda matəm elan olunub.

8 nəfər müxtəlif xəsarətlərlə Tbilisi xəstəxanalarına yerləşdirilib.

Faciə zamanı yaralananlardan çoxu İaşvili adına uşaq klinikasında müalicə alır – daha yüngül xəsarət almış beş uşaq artıq evə buraxılıb.

Xəstəxananın reanimasiya şöbəsində əməliyyatdan sonrakı müşahidə üçün 4 və 6 yaşlı iki qız qalır. Klinikadan bildirilib ki, kiçik pasiyentlərin vəziyyəti stabildir və həyati təhlükələri yoxdur.

Dünən axşam isə bina sakinləri evakuasiya olunub. Hələlik bu binada yaşamağın mümkün olub-olmayacağı bəlli deyil. Ekspertlər artıq səhər saatlarından binanın vəziyyətini öyrənməyə başlayıblar.

Faciəni doğuran səbəb

Didi Diqomi rayonunda, Avtandil №8 ünvanında partlayış səsi təxminən 20:00-da eşidilib.

Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin sakinləri Facebook-da zəlzələ olduğunu zənn etdiklərini yazıblar.

Təbii qazın altıncı mərtəbədə partladığı ehtimal olunur. Qazın konkret haradan sızdığı və sızıntının nə ilə bağlı olduğu hələlik bəlli deyil.

Bina sakinləri bildirirlər ki, bütün günü qaz qoxusu hiss ediblər. Onlar Tbilisini qazla təmin edən “Qaztransqaz” şirkətinə zəng vurub bu haqda məlumat veriblər. Şirkət binaya mütəxəssis qrupu göndərib. Onlar binaya baxış keçirib, amma qəza yerini tapa bilməyiblər və sakinlərə bildiriblər ki, narahatlığa əsas yoxdur.

Onlar gedəndən bir neçə saat sonra partlayış baş verib və dörd nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyi inşaat və ya istismar təhlükəsizliyi normalarının pozulması maddəsi ilə cinayət işi qaldırıb. Hüquq-mühafizə orqanları elə həmin axşam binaya baxış keçirən “Qaztransqaz” əməkdaşlarının ifadəsini alıb. Digər təfərrüatlar hələlik bəlli deyil.

Qaynar xətt

Didi Diqomidə baş verən partlayışla bağlı Tbilisi meriyasında 24 saat aktiv olan qaynar xətt işləyəcək. Köməyə ehtiyacı olan və ya baş verənlərlə bağlı informasiya almaq istəyən vətəndaşlar237 45 31 telefon nömrəsinə zəng vura bilər.

Gürcüstanda matəm elan olunub

Dünən axşam faciə yerinə səhiyyə naziri və Tbilisi meri ilə birlikdə baş nazir Mamuka Baxtadze və prezident Salome Zurabişvili də gəlib.

Baş nazirin qərarına əsasənfaciə ilə əlaqədar Tbilisidə yanvarın 17-i matəm günü elan olunub. Hökumət başçısı dünən bununla əlaqədar sərəncam imzalayıb.

Sərəncama müvafiq olaraq, matəm günü ilə bağlı Gürcüstan ərazisindəki bütün inzibati binalarda və Gürcüstanın xaricdəki bütün diplomatik nümayəndəliklərində dövlət bayrağı endirilib.

Facebook Comments

More on JAMnews