Diplomatlar Konqoya əsir düşmüş gürcü təyyarəçisinin azad olunması barədə danışıqlar aparırlar
Gürcü diplomatları Konqo Demokratik Respublikasında qiyamçıların əsirliyinə düşmüş Gürcüstan vətəndaşının azad edilməsi ilə bağlı danışıqlar aparırlar. Hərbi təyyarəçi, Gürcüstanın sabiq hərbi xidmətçisi Soso Osurauli qiyamçılar hökumət ordusunun vertolyotunu vurandan sonra onlara əsir düşüb. Daha bir gürcü təyyarəçisi isə yaralanıb, lakin o qaça bilib.
“Biz Konqo demokratik respublikasının nümayəndələri ilə diplomatik kanallarla əlaqə saxlayırıq. Əlimizdə olan məlumata görə, silahlı qruplaşmanın əsirliyinə düşən Gürcüstan vətəndaşı sağdır. Gürcüstanın digər vətəndaşı yaralanıb və hazırda Qoma şəhərində müliacə alır”, – Gürcüstanın Cənubi Afrikadakı səfiri Beka Dvali “Rustavi-2” telekanalına telefonla məlumat verib.
Bundan əvvəl Gürcüstan XİN-in verdiyi bəyanata görə, Gürcüstan vətəndaşının KDR-də əsir düşməsi faktını bu ölkənin hakimiyyəti təsdiqləyib.
Məsələyə aydınlıq gətirən Gürcüstanın Müdafiə Nazirliyi bəyan edib ki, Konqoda olan Gürcüstan vətəndaşları artıq silahlı qüvvələrin sıralarında deyil. Osurauli ordunu 2015-ci ildə tərk edib. Sabiq hərbçilər KDR-ə fiziki şəxs kimi yollanıblar.
Gürcüstan Müdafiə Nazirliyi orduda olan Mi-24 hərbi vertolyotların istifadədən çıxarılması qərarını verəndən sonra hərbi təyyarəçilər xaricdə iş axtarmaq məcburiyyətində qalıblar.