Kizlərdə kilsədən çıxan beş qadını qətl edən şəxs kimdir? " />

Dağıstanda atışma və beş adamın qətli: provokasiya, yoxsa “İslam Dövlətinin” həmləsi?

Kizlərdə kilsədən çıxan beş qadını qətl edən şəxs kimdir?

İstintaqın məlumatına görə, fevralın 18-də Dağıstanda pravoslav kilsəsinin camaatını atəşə tutan şəxs 1995-ci il təvəllüdlü Kizlər sakinidir. “Saxlanılarkən hücumçu hüquq-mühafizə orqanlarının iki əməkdaşını yaralayıb və məhv edilib”, – Rusiya İstintaq Komitəsinin saytında bildirilir. Bu haqda «Kavkazskiy uzel» xəbər verib.

Cani dörd qadını qətlə yetirib birini isə ağır yaralayıb, nəticədə o da xəstəxanada keçinib. Daha beş nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Qatilin 22 yaşlı dağıstanlı Xəlil Xəlilov olduğu ortaya çıxıb. Dağıstanın DİN-i və hökumətindəki mənbələrinə əsaslanan RBK-nın məlumatına görə, bir il əvvəl Xəlilov “İslam Dövlətinin” sıralarına daxil olub. Atəş açanların iki nəfər olması, Xəlilovun hadisə yerində arvadı ilə birlikdə olması, sonuncunun qaçıb gizlənə bilməsi haqda daha əvvəl ortaya çıxan məlumatları bu mənbələr təkzib edib.

“İslam Dövləti” Kizlərdə baş verən terror aktına görə məsuliyyəti artıq öz üzərinə götürüb, amma heç bir sübut təqdim etməyib. Müstəqil mənbələrdən də bu təsdiq olunmayıb.

Kilsə rəhbərinin sözlərinə görə, həmin şəxs “Allah əkbər” qışqıraraq kilsənin qapısına doğru qaçıb, əlində tüfəng və bıçaq olub – Meduza xəbər verir.

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill baş verənləri provokasiya hesab edir. Bu haqda onun mətbuat katibi Aleksandr Volkov danışıb:

“Rusiya Pravoslav Kilsəsinin rəhbəri Böyük Orucluq ərəfəsində baş verən bu dəhşətli cinayəti Qafqazda əsrlər boyu sülh içində yaşayan pravoslavlar və müsəlmanlar arasında qarşıdurma yaratmağa yönəlmiş provokasiya kimi dəyərləndirir”.


More on JAMnews