Si Tszinpin qeyri-məhdud müddətə hakimiyyətdə qala bilər " />

Çin Rusiya və Azərbaycanın yolu ilə gedir

Si Tszinpin qeyri-məhdud müddətə hakimiyyətdə qala bilər

Çinin hazırkı və keçmiş liderlərinin, o cümlədən də əfsanəvi Mao Tszedunun portretləri əks olunmuş boşqablar/REUTERS/Jason Lee

Bir müddət əvvəl iki ölkə – Rusiya və Azərbaycan 21-ci əsrdə bir adamın ən yüksək dövlət kürsüsündə qalmaq müddətinə qoyulan məhdudiyyəti ləğv etmişdi. İndi isə Çin Xalq Respublikası da onların sırasına qatılır.

Xalq Nümayəndələrinin Ümumçin Məclisi (XNÜM) demək olar ki, yekdilliklə ən yüksək dövlət kürsüsündə – ÇXR-nın sədri vəzifəsində bir adamın qalmaq müddətinə qoyulan məhdudiyyətin ləğvinin lehinə səs verib. Məclisin üç minə yaxın üzvündən yalnız ikisi bu qərarın əleyhinə çıxıb, BBC xəbər verir.

XNÜM-dakı səsvermə sadəcə formal xarakter daşıyıb, çünki qanunverici orqanın Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin bu təşəbbüsünü təsdiqləyəcəyinə demək olar ki, heç kim şübhə etmirdi.

1993-cü ildən Çində respublikanın sədri kürsüsündə qalmaq müddətinə məhdudiyyət vardı. Bir adam iki beşillik iqtidar müddətində ölkəni idarə edə bilərdi, daha sonra isə kürsünü növbəti şəxsə ötürməli idi. Si Tszinpindən öncəki iki sələfi elə belə də eləyib.

Hazırkı Çin lideri hakimiyyətə 2013-cü ildə gəlib, müvafiq olaraq, 2023-cü ilə qədər hakimiyyətdə qala bilərdi. İlk iqtidar müddətində o, korrupsiyaya qarşı kampaniya başlatmış və fərqli düşüncəni amansızlıqla yatırmışdı.

İqtidar müddətinə qoyulan məhdudiyyətin ləğvindən başqa, XNÜM Konstitusiyaya “Si Tszinpinin yeni erada sosializmin Çin nümunəsi haqda fikirlərini” daxil etməyin də lehinə səs verib. Bununla da Si Tszinpin mahiyyətcə Çin Kommunist Partiyasının banisi Mao Tszeduna bərabər tutulub.

İndən belə Çin Xalq Respublikasının sədrinə heç kim opponentlik edə bilmyəcək, çünki onun baxışları Konstitusiyada təsbit edilib.

Ekspertlər Çində baş verən qanunvericilik dəyişikliklərinin ölkənin inkişafı ilə bağlı dialoq üçün getdikcə daha az imkan saxladığı fikrində uzlaşırlar. Artıq ÇXR-da hamı üçün mütləq olan dövlət ideologiyası mövcuddur.


More on JAMnews