Abxaziyanın Ticarət-Sənaye Palatası sərgidə özəl şirkət kimi qeydiyyatdan keçib " />

Çexiyada və Gürcüstanda siyasətçilər Abxaziyanın Praqada keçirilən sərgidə müstəqil dövlət kimi təqdim olunmasına qarşı çıxış edir

Abxaziyanın Ticarət-Sənaye Palatası sərgidə özəl şirkət kimi qeydiyyatdan keçib

Abxaziya nümayəndələri 15-18 fevral tarixlərində Praqada keçirilən “Holiday World-2018” beynəlxalq turizm sərgisində müstəqil dövlətin təmsilçiləri kimi çıxış ediblər. Sərgidə “Abxaziyanın Ticarət-Sənaye Palatası” kimi təqdim olunan nümayəndə heyəti Abxaziyanın turizm potensialı haqqında reklam materialları, yerli alkoqol içkilər və ərzaqlar gətirib.   

“Biz istəyirik ki, mümkün qədər çox sayda Çexiya sakini Abxaziya haqqında bilsin, pavilyonumuza böyük maraq var”, – özünü İradə kimi təqdim edən nümayəndə həyətinin üzvü jurnalistlərə deyib.

Gürcüstanın Çexiya Respublikasındakı səfirliyinin baş müşaviri Mixeil Çxikvadze bildirib ki, Gürcüstan tərəfi Abxaziyanın bu statusda iştirakına imkan verməmək üçün bütün tədbirləri görüb, amma bu, heç bir nəticə verməyib, çünki onun sözlərinə görə “Holiday World” sərgisini özəl şirkət təşkil edib, onun qərarına da nə Gürcüstan, nə də Çexiya tərəfi təsir edə bilməzdi.

“Abxaziyanın Ticarət-Sənaye Palatası” da sərgidə özəl şirkət kimi qeydiyyatdan keçib”, – deyə səfirliyin baş müşaviri bildirib.

Abxaziyanın iştirakı bəzi çexiyalı siyasətçilərin də narazılığına səbəb olub.  

“Bu, Çexiya üçün rüsvayçılıqdır, – çex parlamentari Yaromir Ştetina jurnalistlərə bildirib. – Mən onların bu sərgidə bu statusda iştirakına yol verən Çexiyanın Regional İnkişaf Nazirliyinin yerinə utanıram və hesab edirəm ki, o, üzr istəməlidir [Gürcüstan tərəfinin qarşısında]”.

“Bu, klassik təxribatdır”, – Çexiyanın “Qospodarskiye novinı” qəzetinin beynəlxalq şərhçisi Ondra Soukup vəziyyəti bu cür şərh edib.

Onun fikrincə, Abxaziyanın nümayəndə heyətinin iştirakının təşəbbüskarı kimi “Kremldən kimlərsə tərəfindən dəstəklənən bir qrup çıxış edib.

“Bu, Çexiyada Donbass xalqı ilə dostluq qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçən həmin o qüvvələrdir. Bu, üzərində işlənmiş bir texnologiyadır və onunla mübarizə aparmaq çox çətindir”, – Soukup deyib.  

Abxaziya Gürcüstandan müstəqilliyini 1990-cı ildə elan edib. Gürcüstan qəti şəkildə Abxaziyanın Gürcüstanın bir hissəsi olduğunu bəyan edir. Bu günə qədər Abxaziyanın müstəqilliyini Rusiya Federasiyası və daha üç dövlət tanıyıb.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi  dəyərləndirilə biləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews