Cenevrədə güc tətbiq etməmək haqda razılaşma olmadı – Tbilisidən baxış

Gürcüstan və Rusiya tərəfləri niyə müştərək bəyanat qəbul edə bilmədi?

Cenevrədə martın 27-28-də baş tutan növbəti danışıqlar raundundan Moskva, Sxinvali və Suxuminin ümidlə, Gürcüstan müxalifətinin isə qorxu və qəzəblə gözlədiyi əsas “irəliləyiş” baş tutmadı. Tərəflər Rusiyanın bildirdiyinə görə, üzərində çoxdan çalışılan müştərək bəyanatı qəbul edə bilmədilər.

Gürcüstan xarici işlər nazirinin müavini David Dondua danışıqlardan sonra bəyan edib ki, razılaşmanın baş tutmamasına Rusiya tərəfinin, həmçinin Abxaziya və Cənubi Osetiya nümayəndələrinin davranışları səbəb olub – danışıqların lap əvvəlindən onlar elə bəyanatlar səsləndiriblər ki, bu məsələ üzrə danışıqları davam etdirməyi mümkünsüz hala gətiriblər.

Məsələn, “onlar Cenevrə danışıqlarının əsaslandığı fundamental prinsipləri sual altına qoyublar. Rusiya və Gürcüstan prezidentlərinin 2008-ci il avqustun 12-də imzaladığı atəşkəsin əldə edilməsi haqda saziş nəzərdə tutulur”, – Dondua deyib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də təsdiqləyib ki, sonradan razılaşdırılmış mətnin ətrafında tərəflərdə “müxtəlif təsəvvür” yaranıb.

“Əlbəttə, həmişəki kimi yenə də hər şey Tbilisi, Sxinvali, Suxumi və Moskvada müxtəlif cür anlaşılan 2008-ci il sazişindəki status məsələsinə dirənir”, – Karasin izah edib.

O qeyd edib ki, güc tətbiq etməmək haqda sənəd üzrə Gürcüstan tərəfinin mövqeyinə görə Cenevrədəki danışıqlar “bir neçə il geriyə düşüb”.

 Güc tətbiq etməmək haqda saziş və tərəflərin mövqeyi

Cenevrə müzakirələrinin formatı Rusiya və Gürcüstan arasında 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan və Rusiyanın beynəlxalq vasitəçilərin (müzakirələrin həmsədrləri Aİ, ATƏT və ABŞ nümayəndələridir) iştirakı ilə danışıqlar apardığı yeganə format kimi yaradılıb. Güc tətbiq etməmək haqda saziş bu danışıqlarda müzakirə olunan əsas məsələlərdən biri idi. Amma bu günə qədər tərəflərin mövqeləri bir-biri ilə uzlaşmır:

Moskva tələb edir ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə saziş imzalasın. Tbilisi bildirir ki, münaqişə tərəfləri Gürcüstan, Abxaziya və Cənubi Osetiya yox, Gürcüstan və Rusiyadır. Müvafiq olaraq, belə bir saziş yalnız Rusiya və Gürcüstan arasında bağlana bilər.

Bundan başqa, Tbilisi mütəmadi olaraq Rusiyaya Gürcüstan hakimiyyətinin dəfələrlə öz üzərinə münaqişə zonalarında güc tətbiq etməmək haqda öhdəlik götürüb (2012-ci ilin avqustunda altı maddədən ibarət Sarkozi-Medvedyev razılaşması

imzalanıb, prezident Saakaşvili 2010-cu ildə Avropa Parlamenti qarşısında çıxış edərək güc tətbiq etməmək haqda bəyan edib. Güc tətbiq etməmək haqda müddəa Gürcüstan Parlamentinin 2013-cü ildə qəbul etdiyi qətnamədə də yer alıb).

Tbilisi Moskvadan öz üzərinə Gürcüstana qarşı analoji öhdəliklər götürməsini gözləyir.

Kompromis olaraq tərəflər həmsədrlərlə birlikdə heç bir hüquqi qüvvəsi olmayan müştərək bəyanatın qəbulu imkanını müzakirə ediblər.

Müzakirələrin son raundundan bir neçə gün əvvəl Qriqori Karasin “Kommersant” nəşrinə bildirib ki, mətn praktiki olaraq razılaşdırılıb və növbəti raundda onun qəbul olunması mümkündür.

Karasinin bu bəyanatına Gürüstan müxalifəti kəskin reaksiya verib. Gürcüstan hakimiyyətinin opponentləri Cenevrədə güc tətbiq etməmək haqda hər hansı sənədin qəbul olunmasını yolverilməz hesab ediblər. Onların fikrincə, belə sənəd Abxaziya və Cənubi Osetiyada separatçı rejimlərin legitimləşməsinə xidmət edəcək və ölkə maraqlarına ziddir.

Gürcüstan XİN rəhbəri Mixail Canelidze Cenevrə görüşündən əvvəl bildirib ki, bu raundda hər hansı sənədin qəbulu və imzalanması planlaşdırılmayıb. Nəticədə belə də olub – tərəflər bəyanatı razılaşdıra bilməyiblər.

Tatunaşvilinin işi

Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin ölümü bu görüşdə əsas mövzulardan biri olub, David Dondua

bəyan edib. (Arçil Tatunaşvili fevralın 22-də Cənubi Osetiya güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb, səhəri gün isə hələ də müəyyən edilməyən şəraitdə vəfat edib. Cənubi Osetiyanın versiyasına görə, o, ürək çatışmazlığından həyatını itirib, Gürcüstanın hakimiyyət nümayəndələri isə bildirirlər ki, Tatunaşviliyə işgəncə verilib və hazırda ekspert rəyini gözləyirlər).

Gürcüstan diplomatının bildirdiyinə görə, Gürcüstan tərəfinı görüşdə yetəri qədər izahat verilməyib və onlar osetin tərəfinin “adi demaqoqluğunu” dinləməli olublar. Gürcüstan faciə ilə bağlı məsuliyyəti bu əraziyə effektiv nəzarəti həyata keçirən Rusiya tərəfinin üzərinə qoyub.

Öz növbəsində Qriqori Karasin qeyd edib ki, Tatunaşvilinin ölümü ilə bağlı “tələsik nəticələr çıxarmaq lazım deyil” və yekun nəticə müvafiq istintaqdan sonra aydın olacaq.

Rusiya Gürcüstandan nə tələb edir?

Qriqori Karasin danışıqlar bitəndən sonra Gürcüstan tərəfinin ünvanına iddialar irəli sürüb.

Karasin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini Rusiya hakimiyyətinə ünvanladığı martın 9-da dərc olunan məktubuna görə təqdir edib. Rusiyalı diplomat bu məktubu konstruktiv adlandırıb. Moskva Gürcüstanın baş nazirinin Abxaziya və Cənubi Osetiya ilə birbaşa dialoqa hazır olmasından xüsusən razıdır.

Amma eyni zamanda Karasin Gürcüstan Parlamentinin martın 22-də qəbul etdiyi qətnamədən narazılıq ifadə edib. Qətnaməyə əsasən,

Tatunaşvilinin ölümünə görə, məsuliyyət Rusiyanın üzərinə qoyulur. Gürcüstan hökuməti isə işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşlarının qətlində və işgəncə görməsində günahkar olan insanların adlarının yer alacağı “Otxozoriya- Tatunnaşvili Siyahısı” tərtib etməli olacaq. Gürcüstan siyahıda adları əks olunan insanlara qarşı beynəlxalq sanksiyaların tətbiqinə nail olmaq istəyir. Karasinin sözlərinə görə, parlamentin qətnaməsi Kvirikaşvilinin müsbət effektini “kölgədə qoyub”.

“Tbilisinin seçim etmək vaxtı çatıb – sərt, yoxsa çevik və ardıcıl olmaq”, – rusiyalı diplomat bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyi Cenevrə görüşündən sonra dərc etdiyi bəyanatında Gürcüstanı Abxaziya və Cənubi Osetiya ilə birbaşa dialoq başlatmağa, həmçinin Tbilisinin xəbəri olmadan Abxaziya və Cənubi Osetiyaya səfər etməyə görə cəza nəzərdə tutan “İşğal olunmuş ərazilər haqda” qanunu ləğv etməyə çağırıb.

Cenevrə danışıqlarının növbəti raundu iyunda baş tutacaq. Qriqori Karasin gələcəkdə Cenevrə formatının “dəyişdirilməsi” haqda söhbət gedəcəyini istisna etməyib. Amma Gürcüstan diplomatları deyirlər ki, formatın hər hansı formada dəyişdirilməsi onların planına daxil deyil. Tbilisi baş nazir Kvirikaşvilinin şəxsən Cenevrə danışıqlarında iştirak etməyə hazır olduğunu təsdiqləyib, amma Rusiya tərəfi hələlik bu formata razılığını ifadə etməyib.

 

Məqalədə əks olunan termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üststə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews