Müqəddəs Qızıl Zanbaq Ağacının kahini üzərində məhkəmə böyük etirazın başlanğıcı ola bilər " />

Çərkəzlərin və abxazların ibadəti Rusiya polisinin hərəkətlərinə görə siyasi aksiyaya çevrildi

Müqəddəs Qızıl Zanbaq Ağacının kahini üzərində məhkəmə böyük etirazın başlanğıcı ola bilər

Bu həyəcanlı hekayə Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhəri yaxınlığındakı kiçik Qolovinka qəsəbəsində başlayıb. Bu qəsəbə eyni zamanda bir neçə Qafqaz xalqı – çərkəzlər, adıqlar, şapsuqlar üçün xüsusi və çox böyük əhəmiyyətə malikdir. Burada onların hamısı üçün müqəddəs olan “Qızıl zanbaq ağacı” bitir.

Ağacın iki yüzdən çox yaşı var. O, həmişə müqəddəs sayılıb, amma Sovet İttifaqı dağılandan sonra bütün bu xalqlar üçün həm də 1817–1864-cü illər Qafqaz müharibəsi qurbanlarının rəmzinə çevrilib.  

Qafqaz müharibəsi dedikdə, Rusiya ordusunun uzun sürən – 1817-ci ildən 1864-cü ilə qədər – hərbi əməliyyatını adlandırırlar, bu zaman Şimali Qafqazın dağ rayonlarının Rusiya İmperiyasına birləşdirilməsi həyata keçirilirdi. Qafqaz müharibəsi nəticəsində çərkəzlər, adıqlar və abxazların böyük hissəsi vətənini tərk edib, Türkiyəyə köçməli oldu. Soçi rayonunda yaşayan ubıxlar zorla köçürülmə nəticəsində yad eldə bir xalq kimi demək olar ki, yer üzündən silindi.  .

Son 20 il ərzində hər il mayın 21-də Qızıl Zanbaq Ağacının yanında Qafqaz müharibəsi qurbanlarının xatirəsinə yas mərasimi keçirilir. Minlərlə çərkəz-adıq və onlara yaxın olan abxazlar əcdadlarının xatirəsini yad etmək və ehtiramlarını ifadə etmək üçün burada toplaşır.

Bu il mayın 21-də də belə oldu. Amma tarixdə ilk dəfə olaraq hakimiyyət müdaxilə etdi. Hakimiyyət ibadəti razılaşdırılmamış mitinq kimi qəbul etdi. Qızıl zanbaq ağacının yanına gələn polis naryadı nəinki ibadət iştirakçılarını dağıtdı, həm də rahib Ruslan Qvaşevi həbs edərək, müvəqqəti təcridxana kamerasına apardı.

Qvaşev şapuq xalqının lideri və çərkəzlər arasında da çox məşhur adamdır. Bu dəfə o, yas mərasiminin kahini, yəni faktiki olaraq bütün tədbirin rəhbəri seçilmişdi.

Sonra Lazarevskoye rayon məhkəməsi Soçi polisinin raportunu nəzərdən keçirərək, Ruslan Qvaşevi 10 min rubl [təxminən $175] cərimə etmək qərarını verdi. Kahin polisə tabe olmadığı və kameraya keçmək istəmədiyi üçün isə ona həm də 8 sutkalıq həbs cəzası verdilər.

Düzdür, məhkəmə humanizm göstərdi və Qvaşevin əlilliyini nəzərə aldı, həmin 8 sutkanı anındaca amnistiyaya saldılar və yaşlı adamı evinə buraxdılar.  

Amma hadisə bununla nəinki nəticələnmədi, hər şey elə bundan sonra başladı. Hətta detektivə bənzəməyə başladı.  

 

R   uslan Qvaşev məhkəmənin qərarı ilə qəti şəkildə razılaşmadı və prinsipə getdi. O bildirdi ki, Rusiya qanunvericiliyinə əsasən, dini xarakterli tədbirlər mitinq hesab oluna bilməz və onların keçirilməsi üçün xüsusi icazə sənədlərinə ehtiyac yoxdur.  

Sonda iş o yerə çatdı ki, sentyabrın 11-də o müddətsiz aclıq aksiyasına başladığını bəyan etdi – Lazarevskoye qəsəbəsində isə minlərlə insanın iştirak etdiyi etiraz mitinqləri başladı, həmin mitinqlərə həm də Abxaziyanın yüzlərlə sakini qoşuldu.

Oktyabrın 5-də vilayət məhkəməsinin yerləşdiyi Krasnodarda Ruslan Qvaşevin apelyasiya şikayətinə baxılmalıydı və onun orada olması mütləqiydi. Qvaşev isə elə bir vəziyyətdəydi ki, istənilən an ölə bilərdi.

Bütün bu müddət ərzində baş verənlərə Abxaziyadan böyük maraq göstərilirdi. Ruslan Qvaşev 1992-93-cü illər Gürcüstan-Abxaziya müharibəsinin abxazlar tərəfindən iştirakçısı olub və Leon ordeni ilə təltif olunub. Onun Rusiya vətəndaşlığından başqa, Abxaziya pasportu da var.

Abxaziya prezidenti Raul Xadjimba bir neçə dəfə Qvaşevlə şəxsən telefon əlaqəsi saxlayıb. Sonra da onun yanına öz nümayəndələrini – müşaviri Vladimir Zantariya və keçmiş vitse-prezident Valeri Arşbanı göndərib ki, onlar Qvaşevi Suxuma müalicəyə gətirsinlər.  

Oktyabrın 5-də vəziyyət kritik həddə çatanda isə Abxaziyadan təcili tibbi yardım maşını göndərdilər ki, maşın taqətsiz qocanı Krasnodara gətirsin. Onu maşına qoyub, yola çıxdılar.

Amma Soçinin çıxışında maşını mülki geyimli, amma zahirən hərbçilərə oxşayan bir qrup adam saxladı. Bir neçə saat ərzində onlar Qvaşevin maşından düşüb, onlarla xəstəxana getməsinə təkid edirdilər. Çərkəzli qocanı Krasnodara müşayiət edən bütün avtomobillər sənədlərin yoxlanması üçün saxlanılmışdı.  

Həmin vaxt Krasnodarda, vilayət məhkəməsinin binası qarşısında Ruslan Qvaşevi dəstəkləməyə gələn yüzlərlə çərkəz və abxaz fəalı toplaşmışdı.

Məhkəmənin oktyabrın 16-na təxirə salınması ilə bağlı elan gərginliyi azaltdı. Həmin vaxt təcili yardım maşınında Qvaşevin yaxın adamları həmin müddətə qədər artıq 23 gün sürən aclıq aksiyasını dayandırmağa razı saldılar.

Aksiya zamanı əməlli-başlı zəifləmiş Ruslan Qvaşev çox güman ki, prezident Raul Xadjimba tərəfindən dəvət aldığı Abxaziyada məhkəmənin vaxtını gözləyəcək və müalicə alacaq. Son günlərdə Qvaşev yatağından dura bilmir, demək olar ki, danışmır, həkimlər isə ona insult diaqnozu qoyublar.   

Amma artıq qoca ilə məhkəmə arasındakı çəkişmə təkcə onun işi deyil. Hadisə artıq bütün Krasnodar vilayətinin hüdudlarından kənara çıxan geniş siyasi aksiyaya çevrilib.

Qvaşevə dəstək aksiyaları Abxaziya və Türkiyədə keçirilib. Aclıq aksiyası zamanı onun evinə çoxsaylı çərkəz-adıq və abxaz qrupları gəlib. Məşhur Rusiya teleaparıcısı, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenko Qvaşevlə və onun tarixi yaddaşı qorumaqla bağlı mübarizəsinə həmrəylik video-müraciətini yayıb.

Abxaziyada Ruslan Qvaşevin başına gələnləri çox ağrılı qəbul etdilər. Burada ona dəstək üçün ictimai təşkilat yaradıldı. Təşkilatın lideri, politoloq David Dasaniya açıq şəkildə bəyan etdi ki, Qvaşev ölsə, Rusiya vətəndaşlığından imtina edəcək və bütün adıqları eyni addımı atmağa çağıracaq.  

Bütün bu cəmiyyətlərdə Ruslan Qvaşev sistemə etiraz etməyi bacaran qalib kimi qəbul edilir. Adi inzibati iş kimi başlayan bu hadisə Şimali Qafqazda və Abxaziyada bir neçə cəmiyyətlərdə eyni vaxtda böyük siyasi aksiyaya çevrildi.  

Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış ifadə edən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews