Cənubi Osetiyada işsizlik problemini necə həll etmək olar " />

Cənubi Osetiyada sürücülər və mühafizəçilər lazımdır. Hüquqşünaslar və iqtisadçılar isə yox

Cənubi Osetiyada işsizlik problemini necə həll etmək olar

“Mən tez ərə getmişəm. 24 yaşımda artıq dörd övladım varıydı. Gələcək həyat yoldaşım məni öz dostlarıyla birlikdə zorla qaçırıb. Yeddi nəfəriydilər, müqavimət göstərməyin mənası yoxuydu. Buna görə də yoldaşımla münasibətlərimiz əvvəlcədən alınmadı. Çox içirdi, biz də boşandıq”.

Zinaida Zassevanın 53 yaşı var, xadimə işləyir.

“Uşaqlarla tək qalandan sonra, mətbəəyə gəlib, məni bu işə götürməyi xahiş etdim. Çox rahat bir işiydi, səhər bütün işlərimi görürdüm, sonra da boş olurdum. Uşaqlarıma da baxa bilirdim, evdə həm də sifarişlə yun döşək sırımağa başladım. İndi də sırıyıram, döşək həmişə lazımdır. Özüm yunu yuyub, qurudub, çırpanda 2,500 rubl [təxminən $45], ancaq sırıyanda isə 1,000 rubl [təxminən $17] alıram”.

Bu hekayə Cənubi Osetiyanın ən mühüm problemlərindən biri olan işsizliyin həlli yollarını axtarmağa çalışan bu məqalə üçün çox vacibdir.

JAMnews insanlara aşağıdakı suallarla müraciət edib: nə daha yaxşıdır – oxumaq yoxsa dərhal işləməyə getmək? Oxumaq yaxşıdırsa, sonra yaxşı iş tapmaq və karyera qurmaq üçün hansı sənəti seçmək lazımdır?

Zinaidanın bu suala verdiyi cavab çox səciyyəvidir: 

“Düşünmürəm ki, zəmanəmizdə ali təhsil almaq çox vacibdir. Qadına isə diplom faktiki olaraq cehiz kimi lazımdır. Bizdə idarələrdə iş tapmaq çətindir, zavodlarsa işləmir. Özümüz özümüzə iş qurmalıyıq”.

Statistika

İşsizlik üzrə rəsmi statistika var, amma çox qeyri-müəyyəndir, inandırıcı deyil.

2015-ci ilin oktyabrında keçirilən sonuncu əhalinin siyahıya alınmasına əsaslanaraq belə bir nəticə çıxarmaq olar ki, Cənubi Osetiyada bu gün 30 minə yaxın əməkqabiliyyətli insan yaşayır. Elə həmin 2015-ci ildə məşğulluq xidmətində qeydiyyata 2,829 nəfər düşüb, bunlardan cəmi 34 nəfərinə iş tapmaqda kömək ediblər.

 

2016-cı ildə xidmətdə qeydiyyata düşənlərin sayı 4,064 nəfərə çatıb. Onlardan 67 nəfərə iş tapmaqda kömək ediblər.

Amma bu rəqəmlər əsl statistika hesab oluna bilməz, çünki dəqiq deyillər.

2007-ci ilə qədər işsizlərə ayda 46 rubl həcmində işsizlik müavinəti verilirdi – həmin dövrdə bu, iki dollardan az idi. Sonradan müavinəti ümumiyyətlə ləğv etdilər. Xidmət tərəfindən işlə təmin olunan insanların sayı həmişə çox az olduğu üçün insanların işsiz kimi qeydiyyata alınmaq üçün vaxt itirmək üçün son stimulu da itdi.

Buna görə də bu statistika real mənzərəni əks etdirmir. Və daha çox şəxsi müşahidələr və müxtəlif respondentlərin qiymətlərinə əsaslanmaq qalır. Bu mənbələrə əsasən də aşağıdakı nəticə alınır:

• Bu gün əhalinin təxminən 20 faizi işsizdir.

• İdarələrdə işləyənlərin orta əmək haqqı 13,500 rubldur [təxminən $ 230]

• Yerdə qalanlar üçün orta əmək haqqı 11,500 rubl [təxminən $ 195] təşkil edir.

• Cənubi Osetiyada ən çox tələb olunan iş: idarələrdə xadimə və mühafizəçi, özəl biznesdə sürücü (mühafizəçi də). Bu rolda Cənubi Osetiyada tez-tez yaxşı təhsili olan, bəzən də hansısa dövlət qurumunda işləmiş adama rast gəlmək olur. Yeni peşədə maaş daha yüksəkdir.

Cənubi Osetiyada iqtisadçı və hüquqşünaslara daha az ehtiyac var

Sxinval sakinləri JAMnews-la söhbətlərində məhz bu iki sənəti “lazımsız” peşələr siyahısında qeyd ediblər.

Aleksandr Kulumbeqov (ad dəyişdirilib) deyir ki, universitetin iqtisad universitetini bitirmək üçün itirdiyi vaxta heyfi gəlir. “İxtisasım üzrə iş tapa bilmədim, bütün yerlər dolub”, – deyə o bildirir.

İndi də sənətini dəyişmək qərarına gəlib – Sxinvalda kollecə, “naxış tikinti işləri ustası” ixtisasına qəbul olunub.

Bu kollecdə aşağıdakı ixtisaslar populyardır: binaların tikintisi və istismarı, dərzilik sənəti, yol və tikinti maşınlarına xidmət, elektrik enerjisi ilə bağlı hər şey və buna oxşar bir neçə sənət.

Aşpaz\qənnadıçı sənətini öyrədən fakültə də çox populyardır. Kollec tələbələrinin JAMnews-a dediyi kimi, bu peşənin problemi ondadır ki, Cənubi Osetiyanın restoranlarında və kafelərində aşpazları işə götürərkən, diplom istəmirlər.

“Qaydalara riayət olunsaydı, həmin fakültədə böyük müsabiqə olardı”, – kollecdə oxuyan gənclər deyirdi.  

İş yerləri az olsa da, çoxları bir neçə işdə işləyir

Əməyin mühafizəsi üzrə mütəxəssis Lyana Tedeyeva əhalinin məşğulluq idarəsində işləyir. O deyir ki, işsizliyə bərabər tutula bilən əks vəziyyət də var – insanlar dolanışığını bir təhər çıxarmaq üçün iki və hətta üç az maaşlı işdə işləyir.  

“Bir neçə işdə günün bir neçə saatını sərf edən adamlar işləyə bilərlər, məsələn, müəllimlər, müğənnilər, rəqqaslar, alimlər. Amma əgər adam bir neçə işdə işləyirsə, gün ərzində fiziki olaraq bir işdən o biri işə qaçır. Belə olan halda da insan öz işini keyfiyyətli görə bilmir”, – Lyana Tedeeva deyir.

Gənc mütəxəssislər

Bəlkə də Cənubi Osetiyada ən çətin vəziyyətdə olanlar 2006-cı ildən qüvvəyə minən xüsusi “limit” sisteminin “məhsulu” olan gənc mütəxəssislərdir. Respublikada müəyyən sayda abituriyentlər üçün Rusiya universitetlərində verilən təhsil  yerlərini Cənubi Osetiyada belə adlandırırlar.

Bu, adətən təxminən ildə 120-130 yer olur.

Belə “limit” yeri almış tələbələr təhsil üçün Rusiyanın şəhərlərindən birinə gedirlər, amma bundan əvvəl Cənubi Osetiyanın Təhsil Nazirliyi ilə müqavilə bağlayırlar. Müqavilədə deyilir ki, tələbə təhsilini bitirdikdən sonra respublikaya qayıdıb, burada işləməlidir.

Çoxları qayıdır da. Amma məhz onlara da iş tapmaq çətin olur – gənc mütəxəssisləri təcrübəsiz olduqlarını bəhanə gətirib işə götürmürlər. Nəticədə 2011-ci ildən Təhsil Nazirliyi ümumiyyətlə müqavilə bağlamağı dayandırdı.  

Sergey Zassev Cənubi Osetiyanın gənclər siyasəti, idman və turizm komitəsinin sədridir. O deyir ki,  vaxtilə təhsil almaq üçün limitlə Rusiya universitetlərinə göndərilən 150 gənc 2014-cü ildən iş üçün növbədə dayanıb: “Təəssüflər olsun ki, hələlik bizdə turizm sahəsi, gənclər siyasəti inkişaf etmir. İdmanda vəziyyət bir az daha yaxşıdır – 2016-cı ildə biz 10 nəfəri işə düzəltmişik”.  

Bu zaman çoxları problemi onda görürlər ki, bir çox qurumlarda əksər işçilər təqaüdçülərdir, onlar da heç də həmişə yaxşı işləyə bilməsələr də qəti şəkildə işdən çıxmaq istəmirlər, onları ancaq məhkəmə vasitəsilə işdən çıxarmaq mümkün olur.

Yaranan vəziyyətin səbəbi nədir?

Cənubi Osetiyada kütləvi işsizliyin səbəbi kimi adətən SSRİ-nin dağılmasını və 1990-cı illərin əvvəllərində Gürcüstan-Osetiya müharibəsini göstərirlər. O vaxtlar onillər ərzində qurulmuş məişət əlaqələri kəsildi, dəmiryolu xətti fəaliyyətini dayandırdı və uzun illər enerji böhranı şəraitində keçdi.

Kiçik Cənubi Osetiya başqa “böyük” sovet respublikalarına nisbətən daha böyük zərər gördü. Həmin vaxtlar Cənubi Osetiyada Sxinval pivə zavodu, ağac kombinatı, “Baqiata” mineral suları istehsalı zavodu, paltar trikotaj fabriki, süd zavodu, mexanika zavodu, Tbilisi aviasiya zavodunun filialı, “Elektrovibromaşina” və “Emalprovod” zavodları fəaliyyət göstərirdi.

Demək olar ki, bütün bu müəssisələr bağlandı və avadanlıqları qarət edildi. Bəziləri qalıb, amma əvvəlki gücünün 5-10 faizi qədərində fəaliyyət göstərir. Paltar trikotaj fabrikinin tarixini buna misal gətirmək olar.

Fabrik 1962-ci ildə açılıb və orada 1200-ə yaxın adam işləyib. Fabrik 1991-ci ildə fəaliyyətini dayandırıb. Sonra, 2000-ci illərdə fabrikin binasında ticarət mərkəzi fəaliyyət göstərib. 2014-cü ildə tikiş fabriki bu dəfə Sankt-Peterburqdakı şirkətin filialı kimi fəaliyyətə başlayıb və hazırda orada 520 nəfər çalışır.

Bu çox uğurlu, amma çox nadir bir nümunədir.

İşsizliyin nəticələri

Bu vəziyyətin nəticələri təxminən aşağıdakı kimidir:

• Bütün sahələrdə peşəkarların çatışmazlığı,

• Bütün sahələrdə xidmətin səviyyəsinin düşməsi,

• İnkişafın dumanlı perspektivləri.

“Qızım Zarina Cioeva 2016-cı ildə institutu Moskvada landşaft dizaynı ixtisası üzrə “qırmızı” diplomla bitirdi. Sxinvala gəldi, iş axtarmağa başladı, tapmadı, yenidən Moskvaya döndü”, – Anjela Nartikoyeva danışır. – “Mən onun həyatını başqa cür təsəvvür edirdim. Düşünürdüm, qayıdar, işə düzələr, ərə gedər, mənə nəvə doğar, mən ona kömək edərəm, o isə sevdiyi işlə məşğul olar”.

Cənubi Osetiyanın işsizlik nəticəsində qazandığı böyük problemlər siyahısında birinci yeri gənclərin respublikanı tərk etməsi tutmalıdır. Bu haqda camaat danışır, bu, göz qabağındadır.  

Düzdür, rəsmi statistika yenə başqa məlumat verir. Rəqəmlər aşağıdakı kimidir: 2016-cı ildə respublikanı 100 nəfər tərk edib, gələnlər isə 1,120 nəfərdir.

JAMnews-la söhbət zamanı yerli əhali gələnlərin həqiqətən də az olmadığını deyib – bu, Tacikistandan, Qırğızıstandan və Orta Asiyanın başqa post-sovet ölkələrindən gələn əmək miqrantlarıdır. Oradan gələnlər tikintidə işləyir və Sxinvalda öz bizneslərini, o cümlədən kiçik mağazalar açırlar.

Çıxış yolu kimi özəl biznes

Bir neçə il əvvəl Zinaida Zasseva mətbəədə xadimə işləyə-işləyə, özünün çox da uğurlu olan döşək sırıma biznesinə daha bir şərti “biznes” də əlavə etdi. O, tikinti briqadası yığaraq, evlərdə təmir işlərini görməyə başladı. Briqadada özü də işləyirdi, amma daha çox prorab kimi.  

“Biz əsasən mənzillərdə kosmetik təmir edirik. Amma əgər sifarişçi məsələn, elektrik xəttinin çəkilməsi və ya sanitar texnika işi də istəyirsə mən dərhal mütəxəssis tapıram və mənzili tam hazır vəziyyətdə sahibinə təhvil verirəm”, – o deyir.

Zasseva öz bizneslərini uğurlu aparmaq üçün istisnasız hər gün səhər saat 4-ün yarısı oyanıb, 21:30-da yatır. “Artıq alışmışam”, – deyir.

Amma onun kimiləri azdır.

“Təəssüf ki, Cənubi Osetiyada kiçik və orta sahibkarlığın inkişafı üçün şərait yoxdur” – iqtisadçı, jurnalist Yuri Vazaqov deyir.

Dünyanın hər yeridə kontekst birdir – öz işini qurmaq üçün insanlara hər yerdə hər şeydən əvvəl ucuz və uzunmüddətli kreditlər lazımdır. Amma Cənubi Osetiyada fermer və sahibkarlar maksimum  5 il müddətinə illik 12 faizlə milli bankda və hətta 16,5 illik faizlə əmanət bankında kredit ala bilərlər. Bu zaman hüquqi şəxslərə girov dəyərinin 70 faizindən çox olmayan məbləğ (adətən, girov olaraq banklar daşınmaz əmlak tələb edir), fiziki şəxslərə isə 50 faizdən çox olmayan məbləğ verilir.

“Belə bir şəraitdə biznes inkişaf etməyəcək”, – Yuri Vazaqov deyir.

Onun fikrincə, sahibkarlığın inkişafına və perspektivli gənclərin ölkədə qalmasına kömək edə biləcək üç əsas istiqamət var. 

• Cənubi Osetiya aqrar respublikadır və bu sahədə ixtisaslaşmış bank yaratmaq və kənd təsərrüfatı istiqamətində layihələri maliyyələşdirmək lazımıydı.

• Əlverişli kredit şərtləri təmin edilməlidir.

• Büdcə hesabına öz işini başlamaq istəyən gənc sahibkarlar üçün  mühasibatlıq, biznesin idarə edilməsi, menecmet kursları maliyyələşdirilməlidir.

İxrac

“Bu gün Cənubi Osetiyada işləyən hər şey əsasən daxili bazara hesablanıb. Amma hələ 2015-ci ilin mart ayında Rusiya ilə bağlanan müttəfiqlik və inteqrasiya müqaviləsi Cənubi Osetiya mallarının (alkoqollu içki və siqaret istisnadır) güzəştli ixracını nəzərdə tuturdu. Və bu, yerli sahibkarlığın inkişafı üçün yaxşı perspektivdir”, – Vazaqov deyir.

“Məsələn, Sxinval tikiş fabrikinin bazasında məşhur italyan brendlərinin istehsalını başlamaq olar. Kənd təsərrüfatı mallarının kütləvi istehsalını, emalını və ixracı yolunu da ətraflı düşünmək olar.

Cənubi Osetiya Rusiyaya satış üçün pivə və başqa alkoqol məmulatları çıxara bilər. Öz brendlərimizi yaratmaq olar, onların rəqabət qabiliyyətli olması üçün isə ekoloji təmiz məhsullar istehsal etdiyimizi vurğulaya bilərik”.

Rusiyanın Cənubi Osetiyaya etdiyi yatırımlar artıq adıçəkilən tikiş fabrikini yaratmağa kömək edib. 2017-ci ildə Rusiyanın sərmayələri hesabına 50 iş yeri təmin edən, hind toyuğu əti istehsal edən daha bir “Rosdon” zavodu açıldı.

Bununla belə bir çox yerli mütəxəssis vəziyyətdən çıxış yolu kimi yerli sahibkarlığın inkişafını görür.

2016-cı ilin oktyabr ayında Cənubi Osetiya parlamenti kiçik sahibkarlıq subyektlərinə güzəştli kredit verilməsi haqqında qanun qəbul edib. Özəl biznesin bir neçə sahəsində imtiyazlı kreditləşməyə yardım fondunun yaradılması nəzərdə tutulub, o cümlədən aşağıdakı sahələr göstərilir:

  • kənd təsərrüfatı məmulatlarının istehsalı, emalı və realizəsi;
  • bədii sənətlər;
  • təhsil;
  • tibb;
  • ictimai iaşə;
  • innovasiya;
  • turizm;
  • mehmanxana biznesi.

Bu və bir neçə başqa sahədə öz işini qurmaq üçün üç il müddətinə illik cəmi beş faizlik kredit almaq olar və kredit girovun (adətən bu, daşınmaz əmlak olur) bütün dəyərini örtə bilər.

Zinaida Zasseva respublikada bir çoxları kimi, bu qanunun prezident tərəfindən nə vaxt qəbul olunacağını gözləyir.

“Uşaqlar böyüyüb, ərə getmək barədə daha heç vaxt düşünməmişəm, illah da idi – nəyimə lazımdır kiməsə qulluq etmək? Biznesimi davam etdirəcəm”, – o deyir.

Uşaqlıqda Zinaida Zesseva bədən tərbiyəsi müəllimi olmağı arzulayırdı. Alınmadı və çətin ki, indən sonra alınsın. Amma evinin arxa həyətində, əkinin arxasında kiçik bir hovuz tikib. “İndi də fəal şəkildə idmanla məşğulam”, – deyir. 

Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır

More on JAMnews