Amma ona qarşı daha bir cinayət işi qaldırılıb " />

Cənubi Osetiya məhkəməsi ictimai fəal Tamara Mearakişviliyə bəraət verib

Amma ona qarşı daha bir cinayət işi qaldırılıb

Tamara Mearakişvili. Foto Mearakişvilinin şəxsi Facebook səhifəsindəndir 

Cənubi Osetiyanın Axalqori (osetinlər Leniniqor adlandırır) şəhərindən olan vətəndaş cəmiyyəti fəalı Sxinvali məhkəməsində prosesi udub.

Məhkəmə prosesi Mearakişvilinin Cənubi Osetiyanın baş prokuroruna qarşı onun haqqında qanunsuz cinayət işi açılması ilə bağlı qaldırdığı iddia ilə əlaqədardır.

Məhkəmənin qərarına görə, Mearakişviliyə qarşı böhtan iddiası ilə prokurorluq tərəfindən qaldırılmış cinayət işinə yenidən baxılmalıdır. Qərarı Sxinvali rayon məhkəməsinin hakimi Fatima Parastayeva çıxarıb.

Axalqori/Lininiqor. Foto Mearakişvilinin şəxsi Facebook səhifəsindəndir

Mearakişviliyə qarşı Cənubi Osetiyada iki cinayət işi qaldırılıb.

Son aylar ərzində hüquq-mühafizə orqanları Mearakişviliyə ciddi problemlər yaradırlar – onu bir neçə dəfə saxlayıb, dindiriblər, evində axtarış aparıblar, bu zaman onun evindən “ekstremist” ədəbiyyatı tapmağa çalışıblar. Axtarış zamanı onun şəxsi əşyaları və sənədləri müsadirə olunub, buna görə də o, Cənubi Osetiya ərazisini tərk edə bilmir.

Mearakişviliyə qarşı qaldırılan birinci cinayət işi onun jurnalist fəaliyyəti ilə bağlı olub. O, 2017-ci ilin avqustunda “Exo Kavkaza” internet portalında dərc olunan, hakim Vahid Osetiya Partiyasının üzvü Spartak Dryayevin tənqidinin yer aldığı məqaləyə görə prokurorluq tərəfindən böhtanda ittiham olunub.

2017-ci ilin avqustunda Mearakişvili Sxinvali Məhkəməsində iddia qaldıraraq, prokurorluğu qanunsuz cinayət təqibində ittiham edib.

Ona qarşı ikinci cinayət işi 2018-ci ilin martında qaldırılıb – onu sənədləri saxtalaşdırmaqda və qanunsuz yolla Cənubi Osetiya vətəndaşlığını almaqda günahlandırıblar. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, onun iki pasportunun olduğu aşkarlanıb – Cənubi Osetiya və Gürcüstan, bu da Cənubi Osetiya qanunvericiliyi ilə qadağandır.

Mayın 3-də Gürcüstanın milli müdafiəçisi Nino Lomcariya Tamara Mearakişvilini insan haqlarının müdafiəsi sahəsində iki mükafata təqdim edib – BMT-nin insan haqları sahəsində mükafatı və insan haqları sahəsində Vatslav Havel adına mükafat.

Ombudsmen münaqişədən zərər görən insanları müdafiə etdiyi üçün Mearakişviliyə minnətdarlığını bildirib.

“İctimai fəal və bloger Tamara  Mearakişvili həyatını, təhlükəsizliyini və sağlamlığını riskə ataraq,işğal olunmuş Axalqoridə insan haqları ilə bağlı ağır vəziyyəti və de-fakto hakimiyyətin yerli sakinlərin haqlarını pozması hallarını ictimaiyyətə çatdırır”, – Nino Lomcariyanın bəyanatında deyilir.

Məqalədəki termin, toponim, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews