Son hadisələr göstərdi ki, gənclər Gürcüstanda dəyişikliklər uğrunda mübarizəyə qadir olan yeganə qrupdur " />

Birja-meydan

Son hadisələr göstərdi ki, gənclər Gürcüstanda dəyişikliklər uğrunda mübarizəyə qadir olan yeganə qrupdur

İyunun 10-da Tbilisidə baş tutan əsas tələbi “Birja-mafiya” rep qrupunun üzvlərinin həbsdən azad edilməsi olan çoxminlik aksiyanın Gürcüstanda doğurduğu reaksiya birmənalı olmadı. Bəziləri deyirdilər ki, bu, sadəcə gənclərin (və yalnız onların deyil) kor-təbii çıxışıdır. Aksiyanı “narkomaniya və kriminalın dəstəyi” adlandıranlar da oldu.   

Vətəndaşların bir qismi isə əmindir ki, ortada ya hakimiyyətin, ya da şəxsən reper Bara İvanişvilinin (milyarder və Gürcüstanın keçmiş baş nazirinin oğlu) və yaxud da baş nazirin müavini Kaxa Kaladzenin (onlar mitinqdən sonra həbs olunan reperləri dəstəklədilər) nüfuzunun yüksəldilməsini hədəfləyən çox hiyləgər, mürəkkəb bir kombinasiya var. Hakimiyyət nümayəndələri narko-siyasətin liberallaşdırılmasının vacibliyini dilə gətirdilər və bununla da bəzi aksiya iştirakçılarının ictimai təqdirini qazandılar.

21 yaşlı Qriqori Keburiya və 28 yaşlı Mişka Mqaloblişvili iyunun 6-da xüsusilə böyük həcmdə psixotrop narkotiklərin əldə edilməsi və qanunsuz saxlanması ittihamı ilə həbs ediliblər.Onlar isə öz növbələrində bildirirlər ki, onlarda narkotik olmayıb və onların saxlanmasının real səbəbi polislə bağlı şarjdan ibarət olan satirik video-klipdir – uniformalı adam boynunda xalta it kimi dörd ayağı üzərində dayanıb, ağzında isə sümük tutub.

O da bir faktdır ki, bu, son illərdə siyasətçilər tərəfindən təşkil olunmayan və uğurla nəticələnən ilk kütləvi aksiyadır – bir neçə gündən sonra reperlər azad edildi və prokurorluq onların saxlanması ilə bağlı araşdırmaya başladı.

Nə ilə üz-üzə olduğumuzu anlamaq üçün iki il öncəki hadisələri yada salmaq lazımdır – Tbilisidə daşqının nəticələrini aradan qaldırmaq üçün minlərlə gənc küçələrə axışmışdı. Özləri, heç bir çağırış olmadan. Bu mənzərə o zaman mənə Kiyev Meydanında baş verənləri xatırlatmışdı – o zaman könüllülər meydançılara qida, odun və sair ilə təchiz edirdi və belə böyük insan kütləsi öz aralarında təşkilatlanmağı bacardı. O zaman mən düşünürdüm ki, Gürcüstanda belə bir şey mümkün deyil.

Amma daşqından sonra zooparkdan qaçan pələng Tbilisidə bir nəfəri öldürəndən və buna görə zoopark direktoru dindirilməyə çağırılandan sonra hakimiyyət cəmiyyətdən xəbərdarlıq siqnalı aldı. Məsələ elə görünürdü ki, sanki hakimiyyət bütün qəbahəti direktorun boynuna yükləmək qərarına gəlib. Buna etiraz olaraq cəmi iki-üç saat içində Hökumət Dəftərxanası qarşısında bir neçə yüz insan toplaşdı.

Oraya gələnlər sadəcə bütün aksiyalara çıxan və atıq bir-birlərini sifətdən tanıyan ictimai fəal vətəndaşlardan ibarət deyildi. O zaman Dəftərxananın ətrafına indiyə qədər heç bir etiraz aksiyasında görünməyən 20-25 yaşlı gənclər gəlmişdi.   

O vaxt hakimiyyət hansı təhlükə ilə üz-üzə olduğunu anladı və geri çəkildi.

O da faktdır ki, 2012-ci ildə hakimiyyət dəyişəndən sonra paytaxtda miqyasca 10 iyun mitinqindən daha böyük aksiya dəfələrlə olub. Amma Vahid Milli Hərəkatın və digər müxalif partiyaların təşkil etdiyi aksiyalar hakimiyyəti qorxutmayıb, çünki hesab edir ki, onların cəmiyyətdə dəstək resursu məhduddur.

Gözlənilmədən, kor-təbii şəkildə alovlanmış, Kiyevdəki Meydan hərəkatının başlanğıcının təqribi analoqu olan vətəndaş etirazı isə ayrı məsələdir, son günlərin hadisələri təsdiq edir ki, hakimiyyət bu prosesin mahiyyətinin fərqindədir və bundan xilas olmağa çalışır.

Amma küçələrə axışan gəncləri ideallaşdırmaq istəyindən uzağam. Bu gəncləri İnqur körpüsündə (Abxaziya ilə inzibati sərhəd) yerli sakin Qiqi Otxozoriyanın qətlindən sonra küçələrdə görən olmayıb. Heç gürcü hərbçisi Qiya Tsertsvadzeni hakimiyyət faktiki olaraq Rusiyaya təhvil verilməyə məhkum buraxanda da. Hakimiyyət açıq-aşkar ən nüfuzlu müxalif telekanalı ələ keçirmək istəyərkən telekanal ətrafında baş verən olaylar da əksər gəncləri narahat etmədi. Yəni ölkənin suverenliyi, təhlükəsizliyi və Gürcüstanda demokratiyanın vəziyyəti üçün həlledici anlam daşıyan bir çox məsələlər gənclərin diqqətini çəkməyib.

Daşqından ziyan çəkən şəhəri, zoopark direktorunun ədalətsizcə təqib olunmasını və musiqiçilərin boynuna qoyulduğu ehtimal olunan narkotikləri gənclər təhlükə kimi qəbul etdi. Amma daha böyük problemləri isə yox.

Tamamən aydındır ki, bu gün Gürcüstanda təhsilli gənclərin əksəriyyəti siyasətdən qəti uzaqdır, nə hakimiyyətə, nə də hər hansı müxalif partiyaya etibar edir.

Halbuki məhz təhsilli, öz yerini tutmuş, qərbyönlü gənclər qərbyönlü siyasi qüvvələrin təbii tərəfdaşı olmalıdır. Amma belə deyil.

Bu nihilizmin əlbəttə ki, öz səbəbləri var. Və bu səbəbləri dərindən öyrənmək lazımdır, amma hələ ki, heç kim, o cümlədən də bunda bilavasitə maraqlı olan siyasi partiyalar bunu öyrənməyə çalışmır. Sanki onlar gənclərin seçkilərə gəlməməsi ilə barışıblar və pensiyaçılara, sosial cəhətdən müdafiə olunmayanlara vədlər verməyi üstün tuturlar. Bu cür yanaşma partiyaları gənc seçiclərdən, onların artıq söz açmadıqları ehtiyaclarından və problemlərindən daha da uzaqlaşdırır.

Gəncləri nə narahat edir? Təhsil, iş, karyera, sosial liftlər. Və əlbəttə ki, əyləncə, həmçinin narko-siyasət. Amma “Qirçi” partiyasının misalından göründüyü kimi, yalnızca narko-siyasət mövzusunda konsentrasiya uğur gətirə bilməz.

Eyni zamanda son hadisələr göstərdi ki, məhz gənclər cəmiyyətdə dəyişikliklər uğrunda mübarizə aparmağa və nəticəyə nail olmağa qadir olan yeganə qrupdur. Və bu qrup bu gün siyasətdən praktiki olaraq təcrid olunub və ölkənin inkişafında heç bir rol oynamır.

Sadəcə reperlərin saxlanması halında olduğu kimi bəzən onun səbir kasası daşır.


More on JAMnews