Bir xüsusi təyinatlı həlak olub, üç cani məhv edilib, yaşayış binasına ciddi zərər dəyib – Tbilisidə keçirilən xüsusi əməliyyatın nəticələri

Terrorçuluqda şübhəli bilinən dörd nəfər Gürcüstan vətəndaşı deyil

Terrorçuluqda şübhəli bilinən üç nəfər öldürülüb, bir nəfər isə saxlanılıb. Onların kim olduğu hələlik bildirilmir, amma Gürcüstan vətəndaşı olmadıqları məlumdur.

Bir nəfər xüsusi təyinatlı həlak olub. Hüquq-mühafizə orqanlarının dörd əməkdaşı yaralanıb.

Bunlar Gürcüstanın xüsusi xidmət orqanlarının Tbilisidə, rahib Qabriel Salosi küçəsində keçirdiyi 22 saatlıq əməliyyatın nəticəsidir.

Nə baş verib?

Hər şey noyabrın 21-də təxminən axşam saat 20.00-da başlayıb. Hüquq-mühafizə orqanlarına Tbilisidə, rahib Qabriel küçəsindəki yaşayış mənzillərinin birində terrora aidiyyəti olduğu ehtimal edilən şəxslərin gizləndiyi haqda məlumat daxil olub.

Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatına əsasən, sakinlər “təhlükəli evdən” evakuasiya edilib. Həmin gün 23.59-da Rustavi-2 telekanalının xüsusi buraxılışında atışma səsləri eşidilib. Təxminən səhər saat 5-də atışma və partlayış səsləri intensivləşib.

Dövlət Təhlükəsizlik Xidməti ilk rəsmi məlumatı xüsusi əməliyyat başlayandan bir neçə saat sonra yayıb. Məlumatda deyilirdi ki, cinayətkar dəstənin üzvləri ilə uzun saatlar boyu danışıqlar aparılıb, onlara təslim olmaq təklif edilib. Amma cavabında atəş açılıb və məhz bu zaman xüsusi təyinatlılardan biri yaralanıb.

Gürcüstan telekanallarının 22 noyabr gündüz saat 12 ərəfəsində yayımladığı reportajlarda korpusdan bir neçə yerli sakinin çıxdığı görünür, bu da evakuasiya ilə bağlı deyilənlərlə uzlaşmır.

“[Onlar] özlərini vanna otağına qapadıblar” – “Rustavi-2” telekanalına yerli sakinlərdən biri bildirib.

“Kömək edin! Heç olmasa uşağı çıxarın burdan!” – bina sakinlərindən biri Facebook səhifəsində yazıb.

22 noyabr saat 22.00 ərəfəsində qısamüddətli sakitlik intensiv atəş və partlayışlarla əvəzlənib. Əraziyə zirehli texnika və xüsusi təyinatlılardan ibarət əlavə qüvvə gətirilib. Xüsusi təyinatlıların binaya hücum etdiyi haqda məlumat da elə bu ərəfədə yayılıb.

Axşama doğru, saat təqribən 16.00-da çoxmərtəbəli binanın ikinci mərtəbəsindəki ehtimal olunan terrorçuların mövqe seçdiyi mənzildə güclü yanğın baş verib.

Ümumilikdə 18 saat ərzində atışma və partlayış səsləri eşidilib, tüstü və alov dillərini görmək mümkün olub. Yanğınsöndürən və təcili yardım maşınlarının sirena səsləri eşidilib.

“Burda əsl müharibə gedir. Öz pəncərəmdən baxıram – müharibədir”, – rahib Qabriel küçəsində yaşayan Facebook istifadəçilərindən biri yazıb.

ანტიტერორისტული სპეცოპერაცია

Posted by ჯემნიუსი – JAMnews Georgian on 2017 წლის 22 ნოემბერი, ოთხშაბათი

22 noyabr – günün yekunları

Xüsusi əməliyyat Dövlət Təhlükəsizlik Xidmətinin Anti-terror Departamentinin əməkdaşları tərəfindən həyata keçirilib.

“Xüsusi əməliyyat nəticəsində terror qruplaşmasına aidiyyətinin olduğu ehtimal edilən, 22 saat ərzində hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərən üç şəxs məhv edilib”, – Dövlət Təhlükəsizlik Xidmətinin administrasiya rəhbəri Nino Qiorqobiani xüsusi brifinqdə bildirib.

O həmçinin qeyd edib ki, bir qruplaşma üzvü həbs olunub.

Əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub, hüquq-mühafizə orqanlarının dörd nəfər əməkdaşı yaralanıb.

Hüquq-mühafizə güclərinin hücum etdiyi binanın bir neçə mənzili ciddi zərər görüb. Təhlükəsizlik Xidməti ictimaiyyət qarşısında ziyan çəkmiş sakinlərinin bütün zərərinin qarşılanacağına söz verib.

Xüsusi əməliyyatın aparıldığı yerə yaxın yerləşən məktəb və uşaq bağçasında tədris prosesi pozulub.

Xüsusi texnika hadisə yerini tərk edib, amma hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalist ekspertlər hələ də orada qalmaqdadır.

Şübhəlilər kimdir?

Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, qrup üzvləri arasında Gürcüstan vətəndaşı yoxdur. Bununla belə, onların hansı ölkənin vətəndaşı olduqları və Gürcüstana necə gəlib çıxdıqları bildirilmir.

“Bir neçə həftə ərzində onlar izlənilib. Terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq çərçivəsində qrup üzvlərinin tam identifikasiyası və onların cinayət əlaqələrinin müəyyən edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir”, – Nino Qiorqobiani jurnalistlərə bildirib.

Bu gün o da məlum olub ki, şübhəlilərin kirayələdiyi mənzilin sahibi Gürcüstanın Pankisi dərəsinin sakini Aslan Cəbrayılovdur. Mənzil Cəbrayılovun anası hazırda Avstriya vətəndaşı olan Tina Qaurqaşvilinin adınadır.

Onun bacısı Sara Qaurqaşvili “Rustavi-2” telekanalına bildirib ki, onun ailəsi mənzili heç kimə kirayəyə verməyib və o, terrorçuluqda şübhəli bilinən şəxslərin mənzilə necə girdiklərini bilmir.

Aslan Cəbrayılovun özü isə Pankisi dərəsindəki Duisi kəndinin sakinidir, Axmeta şəhərində benzindoldurma stansiyasında işləyir. O, hüquq-mühafizə əməkdaşlarına bildirib ki, mənzili bir neçə ay əvvəl kirayə verib.


More on JAMnews