Bu gecə ölkə üçün çox ağır oldu və ciddi nələrinsə baş verdiyini göstərdi." />

Batumi qiyamı nəyi üzə çıxardı?

Bu gecə ölkə üçün çox ağır oldu və ciddi nələrinsə baş verdiyini göstərdi.

Martın 11-dən 12-nə keçən gecə hakim “Gürcü arzusu” Partiyası ilk dəfə kor-təbii şəkildə baş tutan xalq qiyamı ilə üzləşdi, bu qiyamın da siyasi məna alması qaçılmaz idi. Bu partlayışa səbəb nə oldu və ölkənin indiki vəziyyətini necə xarakterizə edir?

Qanuna qarşı iki qiyam?

Bizə tarixi analogiya kömək edə bilər: bu zaman 2015-ci ilin iyul ayında “Milli hərəkat”ın İdarə Heyətində baş tutan “güləşçilərin qiyamını” xatırlayaq. O vaxt etiraza bir necə məşhur güləşçinin hədə-qorxu yolu ilə pul tələb etməkdə günahkar bilinməsi haqda məhkəmə qərarı oldu, halbuki onlar bir müddət sonra Gürcüstanı vacib beynəlxalq turnirdə təmsil etməli idilər. Etiraz nəticəsində məhkəmə zalı dağıdıldı, bundan sonra Rustaveli prospektində aksiya keçirildi və aksiya polis tərəfindən dağıdıldı.

Batumidə isə hər şey ondan başladı ki, polis əməkdaşı sürücünü qadağan olunmuş yerdə maşını saxladığına görə cərimələdi, sürücü bunun cavabında onu təhqir etdi; polis də aqressiv davranışa görə onu saxladı. Bütün bunlar şahidlərin narazılığına səbəb oldu. Heç kim qanunun pozulduğunu inkar etməsə də, bu qanun pozucusuna onunla bəraət qazandırırlar ki, adam dəfndən qayıdırmış, buna görə də ona güzəştə getmək lazımıydı. Aksiya Batumi küçələrində kütləvi vandalizmlə davam etdi və polis tərəfindən yatırıldı.

Bu iki epizodun bir ümumi və vacib tərəfi var: müəyyən kontekstdə dövlət tərəfindən qanuna riayət olunması bəzi adamların etirazına səbəb olur. Onların fikrincə, dövlət öz vətəndaşlarını “başa düşməli” və bəzi hallarda güzəştə getməlidir: misal üçün, əgər qanunu pozan məşhur güləşçi və ya yaxın adamının dəfnindən qayıdan insandırsa. Belə olan hallarda qanuna riayət olunması insanların ədalət haqqında təsəvvürlərinə ziddiyət təşkil edir.

“Biz tatar deyilik”

Başına kül tökməklə qanuna qarşı hörmətsiz münasibətin milli xüsusiyyətimiz olduğunu deyə də bilərik. Bu, müəyyən mənada belədir, amma tam həqiqət deyil. Kütləvi anarxiya və vandalizm epizodları, özü də daha geniş miqyasda daha demokratik ölkələrdə də baş verib. Səbəblər daha dərindir.

“Güləşçilərin qiyamı” halında əhalinin bir hissəsində belə bir fikir formalaşmışdı ki, “Milli hərəkat” o vaxta qədər bir çox insanın doğru hesab etdiyinə yad, zidd olan nə isə təklif edir. Deməli, həmin bu yad olana qarşı çıxmaq lazımıydı, lap elə məhkəmə zalında stul sındırmaqla. O vaxtlar “güləşçi qardaşların” reaksiyası əsas deyildi, əsas o idi ki, demək olar, bütün müxalifət idmançılarla həmrəyliyini ifadə etdi, aksiyanın dağıdılmasını isə “insanlığa qarşı cinayət” adlandırdı.

Batumidəki hadisələrin fonu tamamilə fərqlidir. Bu yaxınlarda yeni polis rəhbəri təyin olunub, yerli sakinlər üçün o yaddır. Gürcüstanın başqa rayonundan gəlmədir. Bu cür şeylər digər regionlarda da narazılığa səbəb ola bilərdi. Acariyada isə üstəlik dini amil də var. Qiyamın əksər iştirakçıları onun əsas motivi kimi yeni polis rəisinin Acariya müsəlmanlarını “tatar” adlandırmasını göstərdi. Bunun sənədli sübutu yoxdur və ola bilsin ki, bu cür şayiələr qəsdən yeni rəisin rəqibləri tərəfindən yayılır: belə olan halda “ictimai qəzəb”in arxa fonunda həqiqətən də hakimiyyətin müxtəlif qrupları arasındakı mübarizə də güclənə bilər. Amma bu, fərziyədir; əsası odur ki, ittiham münbit torpağa düşdü. Acariyalı müsəlmanlar tez-tez dinlərinin gürcü mənşələrini şübhə altına qoyduğu haqda belə sözlə üzləşməli olurlar və buna çox ağrılı reaksiya verirlər.

Amma bu fonun da öz növbəsində daha ümumi bir fonu var. “Gürcü arzusu” siyasi opponentləri ilə mübarizədə dini millətçilik daşıyıcılarına, yəni məhz acarları “tatar” adlandıran insanlara arxalanır. “Gürcü arzusu” hakimiyyətə gələndən sonra bu cür anti-müsəlman davranışlar artıb və bu hallar bir qayda olaraq cəzasız qalır. Bütün bunlar insan beynində toplanır və gec-tez hətta belə bir eybəcər formada partlayıb özünü göstərəndə də təəccüblənmək lazım deyil.

Xalq zorakılığı

Batumi böhranının daha bir tərkib hissəsinin olduğunu təxmin etmək olar. Hakim “Gürcü arzusu”  kor-təbii (və ya guya kor-təbii) qiyamlara münasibətdə əvvəlki hakimiyyətlərdən daha anlayışlı davranırdı. Hətta xalqın qəzəbi onun rəqiblərinə yəni “Milli hərəkata” qarşı yönələndə onu təqdir də edirdi. Məsələn, 17 may 2013-cü il tarixində seksual azlıqlara qarşı zorakılıq vakxanaliyası cəzasız qaldı. Bununla da o vaxtlar hələ yeni olan hakimiyyət kütlənin zorakılığını qanuniləşdirdi: niyə xalq öz qəzəbini əsrlərdən qalan ənənələrə uyğun olaraq ifadə edə bilməsin ki?

“Milli hərəkat”ın nümayəndələrinin bəyanatına görə, Batumidə 11-12 mart tarixlərində dağıntılar törədən vandallar əvvəllər onların partiyalarına qarşı bu cür aksiyalarda iştirak edən adamlardır. Kimsə bu bəyanata inanmaya da bilər, amma burada qeyri-adi heç nə yoxdur. Hər şey həqiqətən də “Milli hərəkat”ın dediyi kimidirsə bu, nə birinci, nə də axırıncı belə haldır: hökumətin öz şəxsi məqsədləri üçün istifadə etdiyi cəzasızlığa öyrəşən insanlar hansısa an dövlətə qarşı da çıxa bilərlər.

Əvvəlcə sərt bəyanatlar verməsinə baxmayaraq, hakimiyyət çox güman ki, Batumidəki vandallara qarşı ciddi ölçülər götürməyəcək. Polis və digər əmlakın kütləvi şəkildə məhv edilməsinə baxmayaraq, cəmi bir neçə nəfərə simvolik məbləğdə cərimə kəsiləcək. Belə olan halda yəqin ki, zorakılıq aktlarının davamını gözləməyə dəyər.

Siyasətçilərin reaksiyası

Xalqın böhran saydığını siyasətçilər özləri üçün əlavə imkan kimi də qiymətləndirə bilər. Burada qəribə heç nə yoxdur. Amma siyasətçilər tərəfindən konkret hansı hesablamalar aparılır və biz onların addımlarını necə qiymətləndirməliyik?

2005-ci ildə müxalifətin “güləşçilərin qiyamı”na reaksiyasının modeli, bir neçə il əvvələ oyunun qaydalarını müəyyən etdi.   Müxalifət demək olar ki, avtomatik olaraq, istənilən səbəbdən hakimiyyətə qarşı çıxanların yanında olur. Hakimiyyət də öz növbəsində bu şəraitdən müxalifətə maksimal dərəcədə qara yaxmaq üçün istifadə etdi. Hakimiyyət hələ uzun müddət müxalifətə “qiyamların müdafiəçisi” kimi yanaşacaq: “Milli hərəkat” o vaxtlar kriminala yuvarlanan güləşçini müxalifətin prinsipsizliyinin simvoluna çevirməyə çalışdı.

Bu taktika o vaxtkı müxalifətə lazım oldumu? O,  2007-2008-ci illərdə kütləvi etirazı səfərbər edə bildi, nəticədə isə opportunist radikalizm tam marginallaşmaya gətirib çıxardı. Səhnəyə Bidzina İvanişvili çıxanda müxalifət artıq ölü idi; təbii ki, siyasətçi milyarderin uğurunun əsas səbəbi onun böyük maliyyə resursları ilə bağlı idi, amma unutmaq olmaz ki, o, taktikanı da əsaslı şəkildə dəyişdi: anarxist mübarizə metodlarından imtina etdi və sırf legitim metodlu mübarizəyə üstünlük verdi. Və bu öz səmərəsini göstərdi.

Bəs analoji vəziyyətdə müxalifətə çevrilən “Milli hərəkat” nə etdi? Onun addımları öz ardıcıllığı ilə seçilmədi. Bəzi liderlər və fəallar özlərini saxlaya bilməyib, Batumidəki iğtişaşları azadlıq hərəkatının başlanğıcı adlandırdılar. Növbəti gün partiya rəhbərliyi bu kobud siyasi səhvi düzəltməyə çalışsa da, artıq gec idi.

Hakimiyyət də qiyama öz qiymətini verməyə və onun təşkilində “Milli hərəkat”ı günahlandırmağa cəhd göstərdi. Bununla da hakimiyyət baş verən böhrana görə məsuliyyəti öz üzərindən atmağa çalışdı. Amma belə bir cəhdin uğurlu alınacağına ümid etməyə dəyməzdi: bəzən yalan həddini aşmamalıdır. “Gürcü arzusu”nun baş verən bütün neqativ hallarda  “Milli hərəkat”ı günahlandırmaqla bağlı “əsas instinkti” artıq çoxdandır ki, ancaq gülüş doğurur.

Bu yaxınlarda “Milli hərəkat”dan ayrılan “Avropa sayağı Gürcüstan üçün” partiyasından ötrü Batumidə baş verən hadisələr onun keçmiş məsləkdaşlarından nə ilə fərqləndiyini əhaliyə daha aydın izah etmək üçün şans oldu, yəni hakimiyyətə qarşı kifayət qədər tənqidi münasibətinə baxmayaraq, bu partiya baş verən vəziyyətdən istifadə etmədi və şübhəli subyektlərin yanında olmadı. Amma partiya özünün bu mesajını insanlara tam mənası ilə çatdıra biləcəkmi?

Və nəhayət, əsas sual: Batumidəki qiyam yeni tendensiyanın müjdəçisidir, yoxsa ayrıca bir epizod olaraq qalacaq?

Hələlik bu sualın cavabı yoxdur. Bu gecə vakxanaliyası hamı tərəfindən pisləndi ki, bu da “güləşçilərin qiyamına” reaksiya ilə müqayisədə sözün əsl mənasından irəliyə doğru addımdır. Bununla belə həmin gecə ölkə və hakimiyyət üçün çox ağrılı oldu: bu, işlərin heç də yaxşı getmədiyini əyani şəkildə göstərdi. Cəzasız qalan zorakılıq adət halına çevriləndə yeni partlayışın harada və hansı şəraitdə baş verəcəyini heç kim bilmir.

gia-nodia

 Giya Nodia  – “Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutu”nun sədri 

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər 

More on JAMnews