Ekologiya Nazirliyi və polis oğruları axtarır " />

Bakının mərkəzindən iki ağac oğurlanıb – naməlum şəxslər onları kəsib aparıblar

Ekologiya Nazirliyi və polis oğruları axtarır

Bakının mərkəzi küçələrindən birində – İstiqlaliyyət küçəsində iki çoxillik kül ağacı kəsilib və yoldan keçənlərin gözü qarşısında naməlum istiqamətə aparılıb. Yoldan keçənlər bu haqda sosial şəbəkədə yazıb, şəhərin yaşılığına, ağac və digər bitkilərinə görə cavabdeh olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng vurublar.

Qanuna əsasən, ağac yalnız müvafiq icra hakimiyyəti, bir də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə kəsilə bilər (məsələn, əgər quruyubsa və ya zədələnib və istənilən an yoldan keçənlərin üzərinə aşa bilərsə). Qanunsuz ağac kəsməyə görə İnzibati və Cinayət Məcəlləsində dəymiş ziyanın həcmindən asılı olaraq, bir neçə min manatlıq cərimə və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nazirlik nümayəndələri hadisə yerinə gəlib və ağacların oğurlandığını təsdqiləyiblər. Dəymiş ziyan 2400 (1400 dollara yaxın) manat dəyərində qiymətləndirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, polis artıq müqəssirləri axtarır. Amma o zamandan bəri keçən bir neçə gün ərzinddə nə kül ağaclarının, nə də onları oğurlayanların izinə rast gəlməyiblər.

Son gəlişmələr sosial şəbəkə istifadəçilərində yalnız ironiya doğurub. İnsanlar heç kimin xəbəri olmadan şəhərin mərkəzində iki iri ağacı necə kəsib aparmaq olar deyə təəccübləniblər. Üstəlik bütün bunlar Bakı meriyasının cəmi bir neçə metrliyində baş verib.

Tipik şərhlər:

“Axtarış elan ediblər? Guya ki, kimin elədiyini bilmirlər. Yazıq polisin işi necə çətindir!”

“Adam lap öz köməyini təklif eləmək istəyir”.

Bakıda ağac qırımı ilə bağlı tez-tez qalmaqallar baş verir. Qanunsuz ağac kəsməyin əsas səbəbi – ağaclar kommersiya obyektinin inşasına mane olur. Bu mövzuda boyük qalmaqal təxminən iki il əvvəl 2017-ci ilin iyulunda baş vermişdi. O zaman inşaat işləri zamanı bir neçə ağacın qanunsuz kəsilməsinə görə üç nəfər həbs olunmuşdu. Analoji problem əyalətdə də mövcuddur – orada yerli meşələrdə tez-tez ağaclar qırılır. Məsələn, başqa yanacaq olmadığı üçün qışda sobada yandırıb, evi isitməkdən ötrü.

2017-ci ildə Azərbaycanda ümumilikdə üç yüz nəfərə yaxın insan qanunsuz ağac qırdığına görə cərimələnib.


More on JAMnews