Labüd və gülməli, yeni və köhnə qadağalar " />

Bakıda şəklinin çəkilməsi yasaq olan doqquz obyekt

Labüd və gülməli, yeni və köhnə qadağalar

Bütün bu fotoları ümumiləşdirən nədir? Birincisi, bunların şəklini çəkmək qadağandır. İkincisi, adətən bu qadağanın heç bir mənası olmadığı kimi, qanunda da bu haqda müvafiq maddə yoxdur. Azərbaycanda ümumiyyətlə icazə verildiyi xüsusi qaydada sənədləşdirilməyən hər şeyi qadağan etmək adəti var ki, bu da fotoqrafın işini əməlli-başlı çətinləşdirir.

Bazar

Bazarda bildiyimiz mənada mühafizə olmur. Hansısa telekanal material çəkmək üçün bura gələndə (adətən bu materiallar meyvələrin bayram qabağı bahalaşmaMAsı haqda olur), heç kim etiraz eləmir. Amma allah eləməmiş, birdən bazarda maraqlı kadr tutmaq üçün gəzişməyə başlayarsız. Mühafizəçilər yaxınlaşıb, ən yaxşı halda bütün şəkilləri silməyi xahiş edəcəklər. Əlbəttə ki, onların bunu nə haqla etdiyini, bazarda niyə şəkil çəkə bilmədiyinizi xəbər ala bilərsiz, amma ən yaxşısı onların xahişinə əməl etməkdir. Başınız da ağrımayacaq, kameranız da salamat qalacaq.

Metro

Postsovet məkanında metro təkcə nəqliyyat vasitəsi deyil, həm də potensial bombardmandan qorunmaq üçün sığınacaqdır. Buna görə də bu yerin əhəmiyyətliliyi barədə sual yaranmır. Amma restavrasiyaya külli miqdarda pul ayırmaq, “Bakı metropoliteninin ən gözəl metropolitenlərdən biri” olması ilə qürurlanmağın nə mənası var ki, sonra da həmin bu gözəlliyi çəkmək qadağan olunur? Və əgər bu hərbi obyektdirsə, niyə bəzi mediaların “seçilmiş” fotoqraflarına metroda şəkil çəkmək icazəsi verilir? Yeri gəlmişkən, xeyli sayda olan həmin fotolar da hər yerdə yerləşdirilir.

Ticarət mərkəzləri

Ticarət mərkəzlərində çəkilişin yasaq olduğu haqda heç xəbərim yoxuydu. Mühafizə ancaq girişdə dayanır, orada şəkil çəkməyin heç marağında da deyildim. Marağım yarananda isə məni əcnəbi bilən (bu da təəccüblü deyildi – “Formula-1” yarışı gedirdi) mühafizəçi qolu-qıçı qırıq ingilis dilində “No photo! No photo!”- dedi.

Aerodrom


Burada nəinki şəkil çəkmək, bu əraziyə daxil olmaq da yasaqdır. Əlbəttə ki, bu qadağa başa düşüləndir. Amma yolun kənarında durduğum yerdən göyə qalxan təyyarəni çəkməyə icazə verməmələrinin məntiqini anlaya bilmirəm.

Avtovağzal

Foto: mapio.net

Problemlər məni avtovağzalda da yaxaladı. Qarlı gün idi, buna görə də fotoaparatımı çexolundan çıxardım ki, birdən maraqlı kadra rast gəldim, axı Bakıda qar ildə təxminən yeddi gün olur. Avtovağzalın özündə isə maraqlı heç nə yoxdur – boz, eybəcər bina. Bununla belə polis mənə yaxınlaşaraq, qəribə bir sual verdi: “Burada niyə çəkiliş edirsiz? Qadağandır”. Təəccüblənsəm də vəziyyəti ağırlaşdırmamaq üçün bütün çəkdiyim kadrları ona göstərdim. Polis üzr istəyib, mühafizə otağına keçməyimi xahiş etdi. Orada da dindirməm dərhal “Hansı orqandansız?” – sualından başladı. “Qara ciyərdən” cavabını verə bilərdim, amma susdum. Sonra da başqa suallar gəldi. Axırda isə hər şey mənim özümün, fotoaparatımın və şəxsiyyət vəsiqəmin şəklinin çəkilməsi ilə bitdi. Sonra da avtovağzalın şəkillərini tapmadıqları üçün məni buraxdılar. İndən belə çexolsuz texnika ilə vağzalın həndəvərinə belə hərlənməməyə özümə söz vermişəm.

Dəmir yolları

Özünə hörmət edən hər bir fotoqrafın portofoliosunda dəmir yollarında çəkdiyi bir neçə şəklə rast gəlmək olar. Bəzən orada əməlli-başlı fotosessiyalar da çəkirlər. Amma bunun üçün istifadəsiz qalan yollardan, məsələn, Sabunçu vağzalından istifadə etmək lazımdır. Dəmir yolu hələ istifadədədirsə, adətən dar kabinəsində bekarçılıqdan bezən mühafizəçi böyük sevinclə sizin “dövlət obyektini” çəkib-çəkmədiyinizi yoxlamaq istəyəcək. Vacib deyil, siz vağzalın binasını çəkirsiz, yoxsa yolu.

Gimnastika stadionu

Siyahını tərtib edərkən bura həmin binanı daxil edəcəyimi heç vaxt düşünməzdim. Bu nəhəng stadion 2015-ci ildə keçirilən Avropa Oyunları ərəfəsində tikilib və açıq ərazidə yerləşir. Əvvəl hər şey yaxşı getsə də, sonra mühafizəçi mənə yaxınlaşaraq (stadiona bitişik körpü ilə piyada düşürdüm) dedi ki, ona ratsiya ilə xəbər veriblər ki, bir nəfər körpüdən stadionu çəkir. Ona “günahsızlığımın” sübutlarını təqdim edəndən sonra “Niyə stadionun şəklini çəkmək olmaz axı? Bir az da aralı dayanıb, istədiyim qədər çəkə bilərəm” sualını verdim. Dahiyanə cavab gəldi: “Ora uzaqdır. Bura yaxın. Birdən lazım olmayan nəyisə çəkərsən”. Əsaslı arqument idi, mən də sakitcə uzaqlaşdım.

Avtodayanacaq

Fəvvarələr Meydanındakı bu mənzərəyə – Bakının “turizm arteriyasına” baxın.

İndi də unudun. Artıq bir il olar ki, avtomobil dayanacaqlarında şəkil çəkmək qadağan edilib. Avtovağzal binasının şəklini çəkməyi qadağan etdikləri zaman, bunu hardasa anlamaq olardı, burada isə bu qadağanın heç bir mənası yoxuydu – axı mən Bakıda ən çox şəkli çəkilən yeri çəkmək istəyirdim. 18 yaşlı oğlan mənə yaxınlaşaraq dedi ki, burada şəkil çəkmək olmaz, əməl etməsəm, müdiriyyətin otağına getməli olacam. Risk etmək istəmədim, amma sonda oğlanı çaşbaş salan sual verdim: “Avtomobilimdə video-qeydiyyat cihazını işə salıb, dayanacağın bütün mərtəbələrində sürsəm, məni kim saxlayacaq?”.

İnsanlar

Bakıda şəklinin çəkilməsi ən çətin olan obyekt insanlardır. Öz işlərinin arxasınca tələsən insanlar kameradan çox qorxurlar. Məsələ onda deyil ki, onların hamısı qəfildən canlarının qədrini bilməyə başlayıblar, sadəcə qorxurlar ki, “birdən nəsə olar”. İnsanlar həddən artıq ehtiyatlı davranırlar. Qızlar isə hesab edir ki, küçədə kiminsə fotosunda görünmək namusuna qara ləkədir. Birdən “fotoşop” elədilər (bizdə bir çoxları bu sözü sizin başınızın hansısa dəhşətli porno-fotonun üzərinə yapışdırılması kimi başa düşür). Buna görə də “küçə fotosu” janrı Bakıda bu qədər zəif inkişaf edib, coğrafi cəhətdən də miqyası çox dardır – ancaq kameralı insanların çox göründüyü şəhərin mərkəzi.

Yeri gəlmişkən, bu qadağa qanunda əks olunub və tam məntiqlidir. Bununla belə, insanların fotoqrafa poz verməmək hüququndan böyük həvəslə istifadə etməsi sonuncunu depressiyaya sala bilər.


More on JAMnews