“Müsavat” partiyasının aksiyasında polis müxalifətçilərdən azı on dəfə çox olub " />

Bakıda müxalifətin piketində onlarla etirazçı saxlanılıb

“Müsavat” partiyasının aksiyasında polis müxalifətçilərdən azı on dəfə çox olub

Polis Bakıda müxalifətin razılaşdırılmamış piketini dağıdıb. 

“Müsavat” partiyasının noyabrın 12-də, Azərbaycanın Konstitusiya Günündə təşkil etdiyi piket azad toplaşma hüququna həsr olunub. 

“Müsavat” partiyasının lideri Arif Hacılı da daxil olmaqla onlarla partiya üzvü saxlanılıb.

• Azərbaycanda etiraz aksiyaları və kadr dəyişiklikləri – bunlar arasında əlaqə varmı?

Piketin səbəbləri və məqsədi

Azərbaycan hakimiyyəti və müxalifəti arasında münasibətlər “Məhsul” stadionu təmirə bağlanandan sonra daha da gərginləşib. Hakimiyyət adətən müxalifətin etiraz azksiyalarının məhz bu stadionda keçirilməsinə icazə verirdi.

İndi müxalifətçilərə ancaq şəhər mərkəzindən 20 kilometr məsafədə yerləşən Lökbatan qəsəbəsində mitinq keçirməyə icazə verilir. Bundan narazı qalan müxalifət nümayəndələri Bakının mərkəzində razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərirlər. Hakimiyyət bu cəhdlərin qarşısını sərt şəkildə alır.

“Müsavat” partiyası bu piketlə şəhər mərkəzində etiraz aksiyalarının keçirilməsinə icazə verilməsinə nail olmaq istəyib. Yəni Konstitusiyada nəzərdə tutulan azad toplaşmaq hüququnu müdafiə edib.

Hakimiyyət bu piketi qəti şəkildə qadağan edib. Təyin olunmuş tarixdən bir neçə gün əvvəl “Müsavat” partiyasının üzvlərini polisə çağırmağa başlayıblar. Orada onları həbslə təhdid edərək, onlardan piketdə iştirak etməməyi tələb ediblər. 

Piketdən əvvəl və piket zamanı hadisələr necə inkişaf edib? 

Piket Bakı şəhəri İcra Hakimiyyəti binasının qarşısında saat 15:00-a təyin edilib. 

Günortadan başlayaraq polis Bakı meriyası ətrafındakı ərazini nəzarət altına götürüb.

Təxminən eyni zamanda “Müsavat” partiyasının Facebook səhifəsində qərargahın polis mühasirəsində olduğu və oradan çıxmağa çalışan hər kəsin saxlanıldığı haqda məlumat paylaşılıb.

13:30-da qərargaha gələn “Müsavat” partiyasının lideri Arif Hacılı saxlanılıb.

Partiya rəhbərliyindən daha bir neçə nəfər saxlanılıb.

15:00-da icra hakimiyyəti binasının qarşısında çox sayda jurnalist və iki yüzə qədər polis nəfəri (həm formalı, həm də mülki geyimdə) toplaşıb.

Müxalifətçilər piketə kiçik qruplarla gəliblər. Şüar səsləndirməyə və ya jurnalistlərə müsahibə verməyə başlayan kimi onları tutub aparıblar.

Faktiki olaraq piket baş tutmayıb. 16:00-a doğru həm polis, həm də jurnalistlər dağılışmağa başlayıblar.

Saxlanılanlar polis bölmələrində bir neçə saat ləngidildikdən sonra azad buraxılıblar.


More on JAMnews