Festivalın proqramına 19 film daxildir ki, bunlara pulsuz tamaşa etmək olar " />

Bakıda Avropa kinosu festivalı: holland pişiyi, macar atı, “simasız” fransız rəssam

Festivalın proqramına 19 film daxildir ki, bunlara pulsuz tamaşa etmək olar

Bakıda Avropa İttifaqının Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə IX Avropa kinosu festivalı başlayıb. O, oktyabrın 21-dək davam edəcək və bu vaxt ərzində Bakı tamaşaçısı pulsuz olaraq 19 nisbətən yeni Avropa filmi izləyə biləcək.

Misal üçün, onlardan bəziləri.

“Vəhşi Amsterdam” sənədli filmi festivala Niderlanddan rejissoru Mark Verker və prodüseri İqnas van Sxaykla birlikdə gəlib. Film Amsterdam şəhərinin heyvanlarından bəhs edir, lakin bu təbiət haqqında adi sənədli film kimi təqdim edilməyib: əhvalat pişiyin adından nəql olunur. Biz ondan öyrənirik ki, şəhərdə dələlər, göyərçinlər, Amsterdamın məşhur kanallarındakı su quşları və hətta yengəclər necə yaşayır.

Rejissorların sözlərinə görə, yalnız filmin çəkilişinə hazırlıq – ekoloqlarla və digər mütəxəssislərlə məsləhətləşmələr yarım il vaxt aparıb. Film çox baxımlı, dinamik və müasir alınıb. Məsələn, xüsusi maşının köməyi ilə kanalın dibindən velosipedçilərin çıxarılması trillerdən bir səhnə kimi görünür, çünki bu suyun dibində yaşayan yengəclər üçün əsl dramdır.

“Kinçem” filmi Macarıstanda yaradılıb və burada da hadisələr heyvan – yaşamaq üçün cıdırda pul qazanmaq məcburiyyətində qalmış aristokrata məxsus çapar at ətrafında cərəyan edir. Fəqət, əslində, kino atların cıdırdakı qarşıdurması barədə deyil, Macarıstanın da bir hissəsi olduğu Avstriya imperiyasında yüksək cəmiyyət nümayəndələrinin qarşıdurması haqqındadır. Gənc aristokrat özünə xas tərzdə Avstriya ordusunun zabiti ilə münaqişədə olduğu bir vaxtda həmin bu zabitin qızı – öz növbəsində, şəxsi taleyini müəyyənləşdirmək uğrunda mübarizə aparan emansipasiya olunmuş Klara ona vurulur.

Almaniyalı rejissor Kristian Petsoldun “Barbara”sı 2012-ci ildə çəkilmiş dramdır və tamaşaçıları 1980-ci ilə – Almaniyanın hələ Berlin divarı ilə bölündüyü zəmanəyə aparır. Baş qəhrəman ADR-də yaşayır və oradan köçüb getmək istəyir. Ucqar əyalətdə işləməyə məcbur olan, daimi izlənmə altında ikən o, səbrlə qaçış planı hazırlayır və sanki ona bu işdə heç kim, hətta fövqəlgüclü Ştazi belə mane ola bilməz. Həmkarına qarşı gözlənilmədən və zamansız yaranmış hisslərdən başqa heç bir şey.

Latviyada istehsal olunmuş, Ayqars Qraubanın “Arzu komandası 1935” filmi də 2012-ci ildə çəkilib və burada da zamanda səyahət etmək təklif olunur. Lakin bir az da uzağa – Cenevrədə basketbol üzrə ilk Avropa çempionatının təşkil edildiyi müharibəyəqədərki 1935-ci ilə. Bu çempionatda iştirak hər bir milli yığma komanda üçün idman tarixinə düşməyə gözəl şans idi. Latviya yığması da bu şansdan istifadə etmək istəyir. Lakin gənc məşqçi Baumanis anlayır ki, ilk növbədə rəqib üzərində deyil, öz üzərində qələbəyə can atmaq lazımdır.

“Həlimənin yolu” – xorvatiyalı rejissor Arsen Anton Ostoyiçin bu işi 20-ci əsrin ikinci yarısının ən qanlı müharibələrindən biri – keçmiş Yuqoslaviyadakı müharibəyə həsr edilib. Filmdəki hadisələr müharibədən sonrakı illərdə Bosniyada cərəyan edir. Ərini və oğlunu itirmiş Həlimə adlı qadın onların qalıqlarını axtarır ki, normal şəkildə dəfn edə bilsin. Bunu yalnız DMT analizinin köməyi ilə etmək mümkündür. Ərinin qalıqları kifayət qədər tez tapılsa da, oğlu ilə bağlı çətinliklər yaranır. İndi Həlimə çətin bir yol keçməlidir ki, ömrü boyu öz oğlu kimi böyütdüyü gəncin bioloji anasını tapsın. Axı məhz bu imkan verə bilər ki, onun qalıqlarını başqalarının arasından tapa biləsən.

“Yuxarıdakılar, görüşənədək!” fransız filmi də müharibəyə və onun nəticələrinə həsr olunub. Lakin burada söhbət Birinci dünya müharibəsindən gedir. Əhvalat müharibənin son günlərində başlayır – iki gənc əsgər – varlı ailənin uşağı olan rəssam Eduard və keçmiş bank işçisi Alber fərsiz kapitanın əmri ilə göz görə-görə ölümə getməlidirlər. Eduard öz sifətini tanınmaz hala salmaq bahasına Alberi xilas edir və bu hadisə dostları bir-birinə möhkəm bağlayır: indi Eduard “gözəgörünməz” rəssam, Alber isə onun impresiarosudur.

Nümayişlərdən əlavə, festival çərçivəsində ustad dərsləri və avropalı rejissorlarla müzakirələr nəzərdə tutulur.


More on JAMnews