Dörd ölkə lideri bu layihəyə böyük ümidlər bəslədiyini bildirib " />

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilib

Dörd ölkə lideri bu layihəyə böyük ümidlər bəslədiyini bildirib

Oktyabrın 30-da Bakıda Bakı-Tbilisi-Qars dəmiryolunun açılış mərasimi baş tutub.

Bu yolun inşası on ildən artıq davam edib. Açılış dəfələrlə müxtəlif səbəblər üzündən təxirə salınıb. Nəhayət, dörd dövlət – Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan lideri bu gün Bakıdan Tbilisi vasitəsilə Qarsa yola düşən ilk qatarın yolunda rəsmi şəkildə “yaşıl işıq” yandırıblar. Mərasimdə Özbəkistan və Qırğızıstan hökumətlərinin nümayəndələri də iştirak edib.

Bakı-Tbilisi-Qars dəmiryolu Avropa və Asiya arasında ən qısa və ən etibarlı yoldur. İlkin mərhələdə BTQ vasitəsilə 5 milyon, növbəti mərhələlərdə isə 17 milyon ton yükdaşıma həyata keçiriləcək. BTQ Avrasiyanı nəqliyyat xəritəsinin mühüm hissəsinə çevirir. Bu yol turizmin inkişafına, stabilliyə və təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı investisiya həcmini artıracaq, ölkələrimizin geosiyasi əhəmiyyətini yüksəldəcək”.

Bunları Azərbaycan prezidenti İlham Əliyev acılışdakı çıxışında söyləyib. O əlavə edib:

Bəziləri Bakı-Tbilisi-Qars layihəsinin uğurla başa çatacağına inanmırdı. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla yekunlaşdırdı”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Avropa və Asiya ölkələri arasındakı əlaqələr üçün bu nəqliyyat dəhlizinin vacibliyini qeyd edib.

Bakı-Tbilisi-Qarsın uğuru Çinlə artan iqtisadi əlaqələrlə bağlıdır. Bu gün yola düşən konteynerlər yüklənmiş qatar Çindən çıxandan sonra 8 gün ərzində məənzil başına çatacaq”, – Kvirikaşvili bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəyərləndirməni dəstəkləyib::

Biz Avropanı Qazaxıstanda və Türkmənistanda Aktau və Türkmənbaşı limanları ilə birləşdiririk. BTQ 6 milyon ton yük və 1 mlyon sərnişin daşıyacaq. 2030-cu ilə qədər bu rəqəmlər 17 milyon ton yük və 3 milyon sərnişinə qədər yüksələcək”, – Ərdoğan deyib.

Tədbirdə çıxış edən Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev bildirib ki, BTQ Asiyadan Avropaya daşımalarda vaxta qənaət imkanı verəcək: “BTQ layihəsinə 10 milyard dollardan artıq investisiya yatırılıb. Bu layihə Asiyadan Avropaya daşımalara sərf olunan zamanı daha da qısaldacaq”.

İqtisadiyyat üzrə ekspert, müxalif “ReAl” hərəkatının icra katibi Natiq Cəfərli Bakı-Tbilisi-Qars yolunun siyasi əhəmiyyətini etiraf edərək, onun iqtisadi məqsədyönlülüyü ilə bağlı şübhələrini dilə gətirib.

Layihənin əsas donoru olan Azərbaycan onun reallaşdırılmasına bir milyard dollara yaxın vəsait xərcləyib. İlk illərdə bu yolun gətirəcəyi gəlir çətin ki, 20-10 milyon dolları aşsın. Bundan başqa, “Pekindən Londona” uzanan yolda labüd və təbii maneələr var – bunlar Xəzərdən bərəŞ bir də Türkiyə və Avropaya keçid zamanı təkərlərin dəyişdirilməsinin vacibliyidir, məlum olduğu kimi Rusiya dəmiryolu xətlərinin standartları Avropanınkından fərqlənir. Bütün bunlar vaxt itkisidir. 25-30 ilə layihə xərcini çıxara bilsə bu, möcüzə olar”, – Cəfərli hesab edir.

• Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan-Gürcüstan-Türkiyə döövlətlərarası saziş əsasında inşa edilib. Layihə 2008-ci ildə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində Gürcüstanın Axalkalaki stansiyasından Qars şəhərindəki dəmiryolu stansiyasına qədər olan yol bərpa edilib. BTQ-nin ümumi uzunluğu 826 kilometr təşkil edir.

• BTQ istismara veriləndən sonra ilkin mərhələdə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulub, ikinci mərhələdə yükdaşıma həcmi 17 milyon tona, sərnişindaşıma isə ildə iki-üç milyon nəfərə yüksələ bilər.


More on JAMnews