“26” kafesinin bağlanması üçüncü gündür ki, Azərbaycan sosial şəbəkələrində əsas müzakirə mövzusudur " />

Bakı şəhər İcra Hakimiyyəti kommunist və erməni təbliğatında günahlandırdığı sahibkarın kafesini bağlayıb

“26” kafesinin bağlanması üçüncü gündür ki, Azərbaycan sosial şəbəkələrində əsas müzakirə mövzusudur

Fəhlələr “26” kafesinin interyerini boşaldır. Foto “Trend” agentliyinindir

Bakı İcra Hakimiyyəti məhkəmə qərarı olmadan şəhərin mərkəzindəki “26” kafesini bağlayıb və polisin dəstəyilə mebel və digər avadanlıqları məkandan çıxarıblar. Buna kafenin adı səbəb olub, şəhər hakimiyyəti kafenin adının 26 Bakı komissarı ilə əlaqəli olduğu nəticəsinə gəlib.

Erməni bolşevik Stepan Şaumyanın başçılıq etdiyi 26 Bakı komissarı sovet təbliğatının idollarından biri olub. Bakı komunnası bu şəhərdə 100 günə yaxın, 1918-ci ilin aprelindən iyuluna qədər hakimiyyətdə olub. 1918-ci ilin sentyabrında Türkiyə-Azərbaycan ordusu Bakıya daxil olandan sonra komissarlar bərə ilə Xəzərdən Krasnovodska (hazırda Türkmənbaşı şəhəri) qaçıblar, amma orada bolşeviklərin düşməni eserlər tərəfindən həbs olunub, güllələniblər. 26 Bakı komissarına poemalar, filmlər həsr olunur, onları adı sovet şəhərlərinin küçələrinə verilirdi (Moskvada belə küçə bu günə qədər var). Azərbaycan sovetləşdiriləndən sonra komissarların cənazələri Bakıya gətirilərək şəhərin mərkəzində dəfn edilib, elə oradaca panteon ucaldılıb, bağa da 26 Bakı komissarı adı verilib.

Sentyabrın 8-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Bakı şəhər Polis İdarəsinin rəis müavini general-mayor Səhləb Bağırovun müşayiəti ilə “26” kafesinə gəlib və heç bir məhkəmə qərarı olmadan mebelləri məkandan çıxarıb, qapıları möhürləyiblər. Kafe Yazıçılar İttifaqının “Sahil” bağında yerləşən binasının birinci mərtəbəsindədir (keçmiş 26 Bakı komissarı bağı).

Bağlanmazdan əvvəl bəzi internet nəşrlər və telekanallar kafenin 26 Bakı komissarının şərəfinə o cür adlandırıldığı haqda məlumat yaymışdı.

“Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”, – Abutalıbov APA agentliyinə deyib.

Abutalıbovun bəyanatının ardınca kafe bağlanıb “26” – “Twenty six” yazılmış lövhə sökülüb, kafenin əmlakı isə məkandan çıxarılıb. Məkanın icarədarını hüquq-mühafizə orqanlarının əməkdaşları polis şöbəsinə qədər müşayiət ediblər.

Bağlanmazdan bir gün əvvəl kafenin icarədarı Ramin Məmmədov “Xəzər” telekanalına müsahibəsində kafenin adının Bakı komissarları ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi. “26 mənim üçün xoşbəxt rəqəmdir. Gördüyünüz kimi interyerdə heç nəyin kommunizmin təbliğatına aidiyyatı yoxdur”.

Sosial şəbəkə istifadəçiləri bu hadisəni fəal müzakirə edirlər. Əksəriyyət hesab edir ki, şəhər hakimiyyətinin atdığı addım qanunsuzluqduq. Facebook şəbəkəsindən bir neçə sitat gətiririk.

“Əgər qanun kafeyə fəaliyyət icazəsi veribsə, heç bir merin onu bağlamağa ixtiyarı yoxdur. Əks halda o mer deyil, kraldır”.

“26 rəqəmi ümumiyyətlə hər yanda qadağan edilməlidir. Yaponlarda 4 rəqəmi kimi. Olmaz. Heç yanda. Çoxmərtəbəli binalardan 26-cı mərtəbəni çıxarmaq, təqvimdə ayın 26-nı ləğv etmək, bu gün doğulan bütün insanları lənətləmək lazımdır. Hacıbalanın sözlərindən sonra nənələrimin birinin 26-da doğulduğu üçün bir az xəcalət də çəkirəm. O biri nənəm siyasi cəhətdən daha savadlı idi, buna görə də anamı ayın 27-də dünyaya gətirib”.

“Hacıbala yəqin unudub ki, iyunun 26-ı bizim Milli Ordu günümüzdür. Avqustun 26-ı isə birinci xanımın doğum günü!”.

“Tbilisinin mərkəzində “KQB” kafesi var. Düşünmürəm ki, gürcülər sovet hakimiyyətindən bizdən daha az əziyyət çəkiblər, amma nədənsə bu kafeni heç kim bağlamaq haqda düşünmür”.

“Abutalıbov deyir ki, ermənilərə Azərbaycanda yer yoxdur? Bəs, Heydər Əliyevin “ən yüksək muxtariyyət” vədi necə olsun?”


More on JAMnews