Gümri-Qars dəmir yolu: dəmir pərdə açıldı və yenidən bağlandı" />

Bağlı sərhədin o tayından

Gümri-Qars dəmir yolu: dəmir pərdə açıldı və yenidən bağlandı

Qatarın sərnişinlərindən birinin xatirələri

“Anini görüb ölmək, – erməni şairi Ovanes Şirazın şerindən olan bu məşhur sətri Osmanlı imperiyasında anadan olan, 1991-ci ilin yayında, sovet dəmir pərdəsi açılandan sonra turist kimi Gümri-Qars dəmir yolu ilə Qərbi Ermənistana, hazırda Türkiyənin şərq regionlarına səyahət edən 90 yaşlı baba dayanmadan təkrar edirdi.

 

 

Karine Davoyan bu səyahətə çıxan qrupun tərcüməçisi və ekskursiya rəhbəri idi. Hazırda o Ermənistan Turizm Operatorları İttifaqının direktorudur. Karine səyahətin təşkilinin bütün təfərrüatlarını xatırlayır:

“Biz televiziyada elan etdik ki, xeyriyyə ziyarəti təşkil edirik. Elanda deyilirdi ki, ancaq özləri və ya ata-babaları Qərbi Ermənistanda anadan olanlar səyahətə çıxa bilər. Bu, “Ayastan-TTT Turizm Assosiyasiyasının direktoru, özü də əslən Qarsdan olan Eduard Minasyanın ideyasıydı. Bu səyahətə çıxmaq istəyənlərin sayı gözləniləndən çox oldu və biz müraciət edən ilk 30 nəfəri qrupa saldıq.

 

 

Qəribədir ki, bunların əksəriyyəti yaşlı qadınlar və kişiləridi. Onlardan biri də dayanmadan Şirazın şerindən sətirləri təkrar edən həmin o baba idi. Adı yadımda deyil, amma onun yaşına baxmayaraq, bu qədər fəal olması məni çox təsirləndirmişdi. Bilirsiz, həmin o “Anini görüb, ölmək – ifadəsini tarixi Ermənistana səfərə çıxan adamlardan tez-tez eşitmək olar. Bu qrupdan artıq demək olar ki, heç kim həyatda deyil, səyahətin təşəbbüskarı və təşkilatçısı olan Eduard Minasyan da həmçinin.

 

 

Müstəqilliyinin astanasında dayanan ölkənin vətəndaşları ilk dəfə xarici pasport almalıydılar. Türkiyəyə getmək üçün viza problemini həll etmək o qədər də asan olmadı. Qrup Yerevandan Gümriyə yola düşənə qədər onların pasportları viza almaq üçün Türkiyənin Batumidəki konsulluğuna göndərildi.

 

 

Çar Rusiyası dağılandan sonra dəmir yolu ilə ilk Ermənistan respublikası illərində (1918-1920-ci illər) sərnişin və yük daşınmaları həyata keçirilirdi. Sovet quruluşu bərqərar olandan sonra isə xüsusən də 1980-ci illərdə, 1989-cu ilə qədər Gümri-Qars ölkəni Türkiyə ilə birləşdirən yeganə işlək dəmir yolu xətti idi və əsasən yüklərin daşınmasında istifadə olunurdu.

Müstəqillik yoluna qədəm qoyan Ermənistanın tarixində ilk dəfə olaraq, Gümri-Qars dəmir yolu ilə sərnişinlər daşınmalıydı.
Bu ilk turist qrupunun ekskursiya rəhbəri danışır: “Sovet pasportlarının yoxlanışı zamanı gənc gömrükçünü əksər pasportlarda “doğum yeri qrafasında Türkiyə, Van şəhəri, Qarsın göstərilməsi çox təəcübləndirdi. Amma yaşlı nəslin əksər nümayəndələri türk dilində sərbəst danışdıqları üçün gömrükçüyə qısa zamanda vəziyyəti başa saldılar, tərəflər rahatca ümumi dil tapdı və səyahətin məqsədi barədə söhbət etdilər.

 

Van gölünün Axtamar adası

Karine Davoyan etitaf edir ki, Türkiyə sərhədini keçənə qədər necə qarşılanacaqları ilə bağlı ciddi narahatlıqları varıydı:
“Hər şey çox rahat oldu, ümumiyyətlə Türkiyədə bizi yaxşı qarşılayırdılar və milliyətimizi gizlətməyə heç bir ehtiyac olmadı. Vanda isə ingilis dilində sərbət danışan bir gənc türk oğlan bizi Van qalasına apardı. Mən ondan söz arası xəbər aldım ki, dədə-babası erməni olmayıb ki? Oğlan türk olduğunu dedi, amma valideynləri bir vaxtlar Vanın ermənilərin məskunlaşdığı yer olduğunu danışıblar ona.

Dəmir yolunun sonrakı taleyi

Ermənistan-Azərbaycan münaqişəsinin fəsadlarından biri də Qars-Gümri dəmir yolunun bağlanması oldu. Azərbaycanla həmrəyliyini nümayiş etdirən Türkiyə 1993-cü ildə dəmir yolunu bağlamaq qərarını verir. İndiyə qədər onsuz da xarici dünyaya çıxışı məhdud olan Ermənistan bu yoldan da məhrum oldu.

Həmin illərdə Ermənistanı Rusiya ilə əlaqələndirən və Gürcüstandan keçən başqa dəmir yolu xətti də bağlandı. Gürcüstandan müstəqillik tələb edən Abxaziyadan keçən dəmir yolunun bir hissəsi də fəaliyyətini dayandırdı, abxaz müharibəsi zamanı onu partlatdılar.

11 iyul 1993-cü ildən, Ermənistan və Türkiyənin ərazisində qalan dəmir yolu nəqliyyat vasitələrini dəyişən gündən sonra ta bu vaxta qədər dəmir yolu işləmir.

Karine Davoyan xatırlayır: “Bütün vətəndaşlar kimi mən də bu haqda xəbərlərdən öyrəndim. Mən biznesmen deyiləm və heç vaxt da olmamışam ki, sərhədin bağlanmasına başqa cür reaksiya verim. Heyfsləndim, vəssalam. Sadəcə mən hesab edirəm ki, XXI əsrdə bağlı sərhədlər olmamalıdır.

Dəmir yolu siyasi dialoqda

Ermənistan hakimiyyəti Avropa ilə qonşuluqdakı axırıncı bağlı sərhəd haqda və Türkiyənin Qars-Gümri dəmur yolu xəttinin istismarının dayandırılması ilə bağlı birtərəfli qərar verməsi haqda imkan düşən kimi xatırladır.

Bu məsələ ilə bağlı narahatlıq az qala hər il səsləndirilir. Ötən 2015-ci il ərzində bu məsələni o cümlədən baş nazir Vaçe Qabrielyan, Nəqliyyat və rabitə naziri Qaqik Beqlayan da səsləndiriblər. Politoloq Sergey Minasyan hesab edir ki, Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı narahatlığı Ankaraya çatdırmaqdan daha çox, böyük dövlətlərin diqqətini cəlb etmək istəyir:

“Düşünmürəm ki, Türkiyədə siyasətlə məşğul olan istənilən kəs bu məsələnin detallarından xəbərsiz olsun. Bu, daha çox Avropaya, ABŞ-a istiqamətlənən və Türkiyəyə Ermənistandan daha böyük təsir qüvvəsinə malik olan rıçaqlardan istifadə cəhdidir.

2008-ci ildə başlayan və “futbol diplomatiyası adını alan prosesin nəticəsində, 10 dekabr 2009-cu ildə Sürixdə erməni-türk protokolları imzalandı.

Sentyabrın 8-də Yerevanda baş tutacaq Ermənistan və Türkiyə yığmalarının futbol görüşü ilə bağlı prezident Gülün gözlənilən səfəri ərəfəsində erməni tərəfinin təşəbbüsü ilə Gümri-Qars dəmir yol xəttinin Ermənistana məxsus 12 kilometr sahədə təmir işləri başlanmalıydı.

 

Qars-Gümri dəmir yolunun Türkiyədəki hissəsi, 2013-cü il

Bu sahənin niyə bərpa olunduğu bildirilmirdi, amma hamıya aydın idi ki, tərəflər arasındakı siyasi dialoq uğurlu olsa, bunun ilk nəticəsi Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edən dəmir yolunun açılışı olacaq. Amma protokolların imzalanması gözlənilən nəticələr vermədi. Elə protokolların özü də yaddaşlardan silindi.

“Gələcəkdə tərəflər münasibətləri tənzimləmək istəsələr, hazırda sadəcə tarixi fakt olaraq qalan bu protokollar dialoqun elə həmin məntiqlə davam etdirilməsinin əsası olacaq. Bu prosesin başlanmasının səbəbləri müxtəlif ola bilər, amma nəyin sayəsində tərəflərin yeni dialoqa başlaya biləcəklərini demək çətindir. Ermənistanla Türkiyə arasında bütün müstəvilərdə ünsiyyət qurmaq məqsədi daşıyan bu protokollar müvəffəqiyyətsizliyə uğradı. Növbəti cəhdin hansı formada olacağı daha çox yaxınlaşma prosesinin əsasına hansı fəlsəfənin qoyulacağından asılıdır, – politoloq Sergey Minasyan deyir.

P.S.

1991-ci ilin avqust ayından sonra Karine Minasyan daha Türkiyəyə getməyib. Amma o Türkiyə ilə sərhədin açılmasını vacib hesab edir:

“Bir neçə il bundan əvvəl Yerevanda iki ölkənin turizm sahələrini təmsil edən erməni və türk nümayəndə heyətlərinin görüşü keçirildi. Onda biz Türkiyə təmsilçilərinə iki ölkə rəhbərlərinə sərhədi açmaq çağırışlı birgə məktub yazmağı təklif etdik. Əvvəlcə həmkarlarımızdan müsbət cavab alsaq da, sonradan onların yekun cavabını elə də ala bilmədik.

 

Axtamar adasının panoramı. Əsərin müəllifi, səyahətin iştirakçılarından biri olan Vasil Vardanyan (1910 Qars — 1993 Yerevan) onu qrupun ekskursovodu Karine Davoyana bağışlayıb

Karine Türkiyəyə yeganə səfəri zamanı maraqlı və mehriban görüşləri məmnuniyyətlə xatırlayır, amma bunu təkrar etməyə də tələsmir. Deyir ki, sadəcə istirahət üçün Avropa ölkələrini üstün tutur. Amma dəmir yolu yenidən açılarsa, Gümri-Qars dəmir yolu xətti ilə hərəkət edən qatarın ilk sərnişinlərindən biri olmaq istərdi:

“Bu gün sərhədin bağlanması heç bir məntiqə sığmır. Nifrət inkişafa xidmət etmir və mənə bir daha Türkiyəyə getmək nəsib olsa, mən məhz bu fikri qonşularımıza çatdırmaq istərdim.

 

Kadrlar 1991-ci ildə səyahət iştirakçılarından biri tərəfindən çəkilib


More on JAMnews