Azərbaycanda müxalifət partiyasının fəalına 25 sutka həbs cəzası verilib
Müxalif “Müsavat” partiyasının fəalı Elvin Abdullayev “polisin qanuni tələblərinə tabe olmama” maddəsi üzrə 25 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu, Abdullayevin yanvarın 19-da müxalifətin keçirdiyi mitinqdə iştirakından bir neçə gün sonra baş verib.
• Müxalifətin 19 yanvar mitinqi haqqında hər şey
• Azərbaycanda mitinq iştirakçılarına polisdən zəng edilir
Turan agentliyi yazır ki, fəalın anasının sözlərinə görə, yanvarın 22-də axşam vaxtı onu evindən polisə aparıblar, ayın 23-ü isə məhkəmə önünə çıxarıblar.
“Elvinin niyə saxlanıldığını anlamıram. Deyirlər ki, o, 19 yanvar mitinqi ilə əlaqədar təbliğat aparıb. Lakin mitinq Bakı rəhbərliyi ilə razılaşdırılmışdı, burada qeyri-qanuni heç nə yox idi “, – Abdullayevin anası deyir.
Ötən ilin may ayında Elvin Abdullayev analoji ittihamla həbsxanada 30 sutka keçirib.
19 yanvar mitinqi müxalifət koalisiyası tərəfindən siyasi məhbuslara dəstək məqsədilə keçirilmişdi.