Geylər, qaçqınlar, müxalifətçilər, tələbələr, kifayət qədər imkanlı adamlar – birdən-birə hamısı belə qərara gəldi ki, haralardasa ot daha yaşıldır " />

Azərbaycanlılar çamadanlarını yığır

Geylər, qaçqınlar, müxalifətçilər, tələbələr, kifayət qədər imkanlı adamlar – birdən-birə hamısı belə qərara gəldi ki, haralardasa ot daha yaşıldır

Manatın məzənnəsi düşdü, işsizlik artdı, vəd olunan və Azərbaycanda çoxlarının gözlədiyi islahatların əvəzində isə referendum keçirildi. Konstitusiyaya sıravi vətəndaşların yaxşı heç nə gözləmədiyi düzəlişlər qəbul olundu. Bundan sonra da sosial şəbəkələrdə kimin hara getməsi, yəni həmişəlik köçməsi ilə bağlı diskussiya qızışdı.

“Bu emiqrasiya mövzusu son aylarda məni təqib edir, – reklam agentliyində ssenariçi olan Vlad deyir. – “Facebookda, inbox-da hamı ancaq bunu müzakirə edir, səhifədə emiqrasiya üzrə reklam canlanıb. Bu yaxınlarda evdə kondisioner quraşdırırdıq, fəhlə də birdən durduğu yerdə mənə deyir: “Buradan getmək lazımdır! 15 dəqiqə sonra küçəyə çıxıram, görürəm dostum maşında gedir və mənə deyir: “Sən hələ burdasan? Mən köçürəm. Hardasa on il əvvəl tanıdıqlarımın yarısı ya köçüb, ya da köçməyə hazırlaşır, bu mövzu məni bəzən mistik şəkildə təqib edir.

İnsanlar niyə köçür?

“Hər şey yaxşı idi, bankda işləyirdim, evləndim, ev, maşın aldım, pul yığmışdım – hər ay depozitə bir az pul qoyurdum ki, qızlarıma yaxşı təhsil verə bilim, – mühasibatçı Anar deyir. – Bank başqa bankla birləşdi, maaşım manatla iki, dollarla isə dörd dəfə azaldı. Mənzilin kreditini ödəmək üçün maşınımı aldığımdan iki dəfə ucuz qiymətə satdım, təhsil üçün yığdığım pulu isə bankdan götürdüm. Bir qədər düşünəndən sonra belə qərara gəldim ki, qızımı Avropaya oxumağa göndərmək əvəzinə elə hamımız ora köçək.

Bloqer Anar Məmmədov “Facebook səhifəsində yazıb: “Azərbaycandan çoxlu yaxşı, bacarıqlı və ağıllı oğlanlar gedir. İndi oturub, mətni yazıram və cavab tapmağa çalışıram ki, istedadlı, qabiliyyətli, burada faydalı ola biləcək həmvətənlərimi ölkəni tərk edib, harasa daha yaxşı həyat axtarışı üçün getməyə nə məcbur edir? Problem ondadır ki, biz burada heç kimə lazım deyilik. Sosial institutlara, polisə, meriyaya, nazirliklərə, qonşu Əlimərdana lazım deyilik. Elə özümüz özümüzə də lazım deyilik.

Rauf İsmayılov köçmək istəyənlərə məsləhətlər verir, özü də artıq beş ildir ki, Kanadada yaşayır. Onun sözlərinə görə, bu il daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı kəskin şəkildə artıb. “Müşahidələrimə görə, son 5-6 il ərzində immiqrasiya bir qədər azalıb. Yəni əsasən iqtisadi səbəblər üzündən deyil, daha çox iş və karyera ilə bağlı gedirdilər. 2016-cı ildə immiqrasiya kəskin şəkildə artdı, təkcə Böyük Britaniyaya ölkədən mənim tanıdığım 8 ailə köçüb. Əksəriyyəti də uğurlu və imkanlı adamlardır.

“Təbii ki, hərənin öz səbəbi var. Çoxları deyir ki, əsasən uşaqlara görə, onlara layiqli təhsil vermək, onların insan hüquq və azadlıqlarının hörmət olunduğu cəmiyyətdə böyümələri üçün gediblər – mən də o cümlədən bu səbəbdən getmişəm, – o deyir.

Hara və necə?

Azərbaycandan müxtəlif üsullarla mühacirət edirlər. Kimsə özünə ABŞ, Avstraliya, Aİ ölkələrində iş tapır, digərləri elə həmin inkişaf etmiş ölkələrdə biznes açır. LGBT kimi gedənlər də var (Aİ, əsasən də Skandinaviya ölkələrinə). Gənclər təhsil almaq üçün gedir, sonra da iş tapıb, qalırlar.

Rauf İsmayılovun sözlərinə görə, köçənlər ilk növbədə ABŞ, Kanada, Avstraliya və Qərbi Avropaya üstünlük verirlər: “Amma istəklər heç də həmişə imkanlarla üst-üstə düşmür. Sonra məncə Rusiya, Ukrayna və Türkiyə gəlir. Çoxlu tanışım Türkiyəyə, Ukraynaya ya artıq köçüb, ya da köçmək ərəfəsindədir – bu, ilk növbədə onunla bağlıdır ki, az-çox leqal olan Avropaya emiqrasiya proqramları bağlanıb, ya da xeyli mürəkkəbləşdirilib. Şəxsən mən çətin ki, emiqrasiyanın bu cəhənnəm əzabından bir daha keçməyə razı olardım… Bu çox çətiniydi, – o deyir.

Rəqəmlər nə deyir?

Həqiqətdə nə qədər adam ölkəni tərk edir? Azərbaycan Dövlət Statistika Komitəsi emiqrasiya üzrə məlumatları açıqlamır. Bunu ancaq siyahıya alma nəticəsində müəyyənləşdirmək mümkündür. Amma bu zaman da hər şey o qədər də asan olmayacaq.

Arif Yunus Beynəlxalq Miqrasiya Üzrə Tətbiqi Tədqiqatlar Konsorsiumu üçün hazırladığı məqaləsində yazır ki, siyahıya almanın rəsmi nəticələri qabaqcadan düzgün aparılmayan metodologiya ucbatından şübhəli görünür. “Azərbaycanda miqrasiya statistikasının hesabatı qeyri-qənaətbəxş xarakter daşıyır. Həm immiqrantların, həm də emiqrantların uçotu mövcud informasiya mənbələrində tam əhatə olunmur. Bundan başqa, müasir Azərbaycanda miqrantların uçota alınması məsələsi siyasi xarakter daşıyır, bu da öz ciddi təsirini göstərir və Dövlət Statistika Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin materiallarına ciddi məlumat kimi yanaşmaq imkanı vermir .

Beynəlxalq statistika da qənaətbəxş nəticə vermir. CIA Factbook miqrasiya üzrə ölkələr reytinqində Azərbaycan üzrə heç bir dinamikanı göstərmir , BMT-nin də ölkə üzrə məlumatları eyni vəziyyətdədir. CARIM-East Tədqiqat Mərkəzinin isə ancaq 2007-ci il üzrə məlumatları var və hətta həmin dövrdə Azərbaycana gələnlərin və ölkədən gedənlərin mənfi saldosunu göstərir .

Qorxaqlar və satqınlar?

Taksi sürücüsü Andrey: “Necə deyərlər, biz harda yoxuqsa, ora yaxşıdır. Bax, mən Ukraynada da, Rusiyada da yaşamışam, amma Bakıya qayıtdım, bura yaxşıdır, sakitçilikdir, rahatlıqdır. Gedənlər isə ən çox işi gətirməyən adamlardır. Valideynlərimin hər ikisi rus olsa da özümü azərbaycanlı hiss edirəm. Bura yaxşı, tolerant ölkədir, bu mənada mən prezidenti tamamilə dəstəkləyirəm.

İdmançı Vahid: “Yox, sən nədən danışırsan?! Ukraynada bizimkilər bilirsən necə pul qazanırlar? Dostlarım, bizim azərbaycanlılar orada işləyir, ukraynalılar isə tənbəldir, buna görə də pis yaşayırlar. Amma belə əla yerdir, pensiyalar da yüksəkdir.

Taksi sürücüsü: “Onların vəziyyəti Poroşenkonun vaxtında yaxşıydı, indi Obamanın vaxtında isə hər şey pisdir. Sən özün niyə köçmədin ki? Ona görə ki, qorxaq deyilsən, idmançısan, ölkənin şərəfini qoruyursan. Bu gedən adamlarsa ümumiyyətlə şərəfin nə olduğunu bilmirlər.

Taksi sürücüsü Andreyin fikri köçmək istəməyənlər arasında çox populyardır. Əksər vaxtlarda bu, vətəndaş cəmiyyətinin üzvləridir, onların əsas arqumenti isə fərqlidir – “bəli, hər şey pisdir, amma qaçmaq yox, doğma vətənin yaşanmalı yer olması üçün mübarizə aparmaq lazımdır.

Azərbaycanlı hüquq müdafiəçisi və siyasi mühacir Mətanət Əzizova: “Kimsə qərar verib, ölkədən çıxmaq istəyirsə, bu onun haqqıdır, buna görə onu qınamağa dəyməz. Tez-tez oxuyuram ki, insanlar iqtisadi çətinliklərə görə köçür. Amma fikir vermişəm ki, əksər hallarda yaxşı qazancı olan və ya bir qədər pul yığa bilən adamlar da köçür. Burada problem daha çox psixoloji xarakter daşıyır: gələcəklə bağlı qorxular, depressiv cəmiyyət, özünü realizə etmək üçün məhdud imkanlar və sairə, keyfiyyətsiz səhiyyə, təhsil… Kimsə hesab edir ki, bilik və bacarıqların varsa evdə də hər şeyə nail olmaq olar, kimsə fikirləşir ki, biliklərin ola-ola da heç kimə lazım deyilsən.

Britaniyaya 20 il əvvəl emiqrasiya edən Vahid: “Mühacirlərimizə yaxşı və anlayışlı münasibətim var. İnsan azad olmalıdır, bir həyatımız var. Adamın anadan olduğu yer ona peşəkarlıq, iqtisadi, estetik cəhətdən, ruhən, iqliminə görə və daha onlarla səbəb üzündən uyğun olmaya bilər. Emiqrasiya çətin məsələdir, amma o insanı zənginləşdirir, inkişaf etdirir, əlbəttə, əgər adam bunu istəyirsə. Özü də köçmək insanları qeyri-vətənpərvərə və ya doğulduğu ölkənin düşməninə çevirmir. Bu, primitiv yanaşmadır. Müşahidələrimə görə, insanları ölkədən qovan yuxarıda göstərilən reallıqla uyğunsuzluq və gedən proseslərlə razılaşmamaq, gələcəklə və uşaqların taleyi ilə bağlı narahatlıq olur. Elementar yaşamaq instinkti və həbsxanada yaşamamaq istəyi, fərqi yoxdur, hərfi, ya məcazi mənada.

Nəticə

Bütün fikir və məlumatlara yekun vurarkən, aşağıdakı nəticəni çıxarmaq olar:

1. Azərbaycan yeni emiqrasiya dalğası mərhələsindədir; daha çox insan gedir, amma onların nə qədər çox olduğunu adekvat statistikanın olmaması səbəbindən demək çətindir.

2. Birinci olaraq köçəndən sonra özünə az-çox rahat yaşayış təmin edə bilən adamlar xaricə köçür.

3. Bu adamların motivləri əksər vaxtlarda kompleks xarakter daşıyır – ölkədə görünən həll perspektivi olmayan iqtisadi böhran, həm də uşaqları daha təhlükəsiz və sivil cəmiyyətdə böyütmək istəyi.

Bu arada bloqerlərdən biri yazır: “Sonuncu gedən arxasınca hava limanının işığını söndürsün.

• Son il yarım ərzində Azərbaycan milli valyutanın iki kəskin devalvasiyasını yaşadı;
• Nəticədə idxal istehlakçı mallarının qiymətləri il yarım ərzində iki dəfə artdı;
• 2015-ci ildə inflyasiya 4% təşkil etdi, 2016-cı ildə 12% gözlənilir;
• Bir neçə iri bank bağlandı;
• Hakimiyyət böhran səbəbini ölkə büdcəsinə daxilolmaların böyük payını təşkil edən neft ixracının ucuzlaşması ilə izah edir;
• İslahatlar keçirmək və “qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı çoxsaylı vədlərə baxmayaraq, heç bir əsaslı ölçü götürülməyib.
• Cari il ərzində müxtəlif ittihamlarla yüzdən çox müxalifət və vətəndaş cəmiyyəti nümayəndəsi həbs olunub, saxlanılıb və müxtəlif müddətlərə məhkum edilib.

 


More on JAMnews