Ünvana çatmayan məktublar, gizli qəbirlər, köhnə hərbi geyim" />

Azərbaycanlı veteranlar İkinci Dünya müharibəsindən danışır

Ünvana çatmayan məktublar, gizli qəbirlər, köhnə hərbi geyim

İlk dəfə 2018 ilin mayın 9-da dərc edilib

Azərbaycanda İkinci Dünya Müharibəsi veteranların sayı azaldıqca, danışdıqları hekayələrin dəyərli artır.

• Gürcüstanda 9 may. Onlar artıq az qalıb

Əsgər Ağayev, 1922

“1940-cı ildə, müharibədən əvvəl Dənizçilik akademiyasına qəbul olmuşam. 1941-ci ildə müharibə başlayan kimi bizi universitetdən birbaşa Sevastopola apardılar. Bizim işimiz sualtı gəmilərlə kəşfiyyat xarakterli idi və təyin olunmuş məkanları bombalamağı əhatə edirdi.

Biz sualtı gəmiylə gedəndə bilmirdik hara gedirdik. Eləcə məktub yazırdıq özümüz üçün. Yazdığımız məktubları bir-birimizə verirdik ki, birdən ölüb-eləsək, heç olmasa evə xəbər etsinlər.

Amma mən kimə yazırdım, onu bilmirdim. Çünki atam, anam, qardaşım, bacım heç kim yox idi.

1945-ci ildə Qələbə Gününü Rumıniyanın Konstanta şəhərində qeyd etmişəm. Müharibədən sonra vətənə qayıtmamağımın səbəbi də, Bakıda məni gözləyən kimsənin olmaması idi.

Müharibə bitdikdən sonra məni Mozdok şəhərinə işləməyə göndərdilər. 1947-ci ildə orda ailə həyatı qurdum və 1967-ci ildə Azərbaycana qayıtdım”.

İsmayıl Fərəcov, 1924

“Biz 77-ci diviziyada idik. Moldovanın İzmailliya rayonu yaxınlığında güclü atışma oldu. 204 nəfər azərbaycanlı həmin atışmada öldü, nə qədər azərbaycanlı isə yaralandı.

Ölən əsgərlərin çoxunu dəfn etmək olmurdu. Eləcə böyük bir quyu qazırdıq, ölənləri ora töküb, üstünü torpaqlıyırdıq. İşarə də qoymurduq ki, sonradan tapıb dağıtmasınlar.

1945-ci ildə mən Berlindən Moskvaya qayitdim. 1 il Moskvada qaldıqdan sonra 1946-cı ildə Bakıya gəlib, tarix müəllimi işləməyə başladım”.

Mariya Stepanova, 1923

“Rusiyanın Orenburq vilayətində anadan olmuşam.

Müharibə genişləndikdən sonra könüllü cəbhəyə getdim. 1942-ci il noyabrın 19-da Stalinqrad uğrunda döyüşlərə qatıldım.

Həmişə hücum zamanı bizdən arxada tibb bacıları gəlirdi. Bir dəfə döyüşlərin birində biz əraziyə gəlməmişdən əvvəl oranı bombalamışdılar və çoxlu yaralılar var idi. İndi də yadımdadır ki, bizdən bir tibb bacısı yaralıya kömək edəndə yaralı dedi ki, qaçın gedin, yoxsa sizi də öldürəcəklər. Tibb bacısı deyirdi ki, mənim də qardaşım müharibədədir, bəlkə də o da hardasa yaralıdır, kömək edən yoxdur.

1945-ci ildə müharibə bitdikdən sonra müharibədə tanış olduğum azərbaycanlı oğlanla ailə həyatı qurub Azərbaycana köçmüşəm”.

Aleksandr Qritçenko, 1922

“Dəniz qüvvələrində olduğumuz üçün biz ən birinci orduya çağırılanlardan olduq.

Biz quruya çıxa bilmirdik çox vaxt. Yemək ehtiyatımız elə gəmidə olurdu. Elə vaxt olurdu, yeməyimiz çox az qalırdı, bir-birimizlə bölüşürdük ki, ac qalmayaq. Həmin ərəfədə onsuz da yemək yada düşmürdü. Hamımız istəyirdik ki, müharibə tez bitsin və sağ-salamat evimizə qayıdaq. Çox dəhşətli idi”.

Seyfulla Baxışov, 1922

“Moskvadan tutmuş Ukrayna, Belorusiya ətrafında gedən döyüşlərdə iştirak etmişəm və 2 dəfə yaralanmışam. Mən artilleriyada olmuşam.

1945-ci ildə biz Berlin ətrafında şəhərə daxil olmaq üçün əmr gözləyirdik. Sonra qələbə xəbəri gəldi və geriyə Moskvaya qayitdiq. Müharibə bitəndən sonra əsgər çatışmazlığına görə mən geri qayida bilmirdim. Elə həmişə deyirdilər ki, arxada adam yoxdur. 1948-ci ildə əmrimiz verildi və bizi buraxdılar.

Geri qayıdanda bütün geyimlərimizi aldılar yerinə köhnə əsgər geyimləri verdilər. Deyirdilər ki, geyim çatışmadığı üçün təzələri təhvil verməlisiz.

Facebook Comments

More on JAMnews