İndi qızı satqın adlandırır, ermənilərə rəğbət bəsləməkdə günahlandırırlar" />

Azərbaycanlı tələbənin milli qəhrəman haqda fikirləri cəmiyyətdə aqressiya dalğası doğurub

İndi qızı satqın adlandırır, ermənilərə rəğbət bəsləməkdə günahlandırırlar

Psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə Facebook səhifəsində Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun şücaətinə şəkk gətirib. Bu, əvvəlcə sosial şəbəkədə qalmaqala səbəb olub, daha sonra məsələ mətbuata yansıyıb, sonda isə rəsmi məmurlara da gedib çıxıb.

Mübariz İbrahimov kimdir?

Mübariz İbrahimov Azərbaycan Ordusunun giziri (müqaviləli hərbçisi) olub. 2010-cu ilin iyununda Azərbaycanın Tərtər rayonunda cəbhə xəttinə yaxın ərazidə həlak olub. Ölüm şəraiti hələ də aydın deyil. Azərbaycan tərəfinin versiyasına görə, İbrahimov döyüş zamanı, ermənilərin hücumuna müqavimət göstərərkən həlak olub. Ermənistan tərəfinin versiyasına görə isə o, cəbhə xəttini keçərək diversiya təşkil edib, nəticədə bir neçə erməni hərbçini öldürüb. İbrahimovun meyiti ermənilərdə qalıb, onlar hadisədən 141 gün sonra, iki ölkə prezidentinin Astraxanda keçirilən görüşündən sonra İbrahimovun cənazəsini təhvil veriblər. Ölümündən sonra İbrahimova Azərbaycan Respublikasının Qəhrəmanı adı verilib.

“Qalmaqallı” stasusdan bir hissə

“…Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi (cəbhə xətti nəzərdə tutulur – red.) keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı”

Azərbaycanın sosial şəbəkələrində mənəviyyat və qadını xəyanətə görə döymək olarmı, müzakirəsi gedir

Azərbaycanda özünü senzura — ermənilərə aid hər şey haqda susmaq

Reaksiya

BU statusundan sonra Nərmin Şahmarzadəyə qarşı sosial şəbəkələrdə əsl kampaniya başlayıb – Azərbaycanın vətənpərvər ruhlu sakinləri belə hesab edir ki, o, milli qəhrəmanın ruhunu təhqir edib, buna görə onu kəskin qınayıb, biədəb söyüşlərlə təhqir edib, onun adına saxta profillər açıblar. Hətta onun fiziki məhvi üçün həmfikirlərini toplamaq qərarına gələnlər də olub.

Bu söylənilənlərdən çoxunu etik normaları gözləmək adına paylaşmaq mümkün deyil, amma müəyyən qədər senzuraya sığanlarını təqdim edirik:

“Bundan sonra onu azərbaycanlı adlandırmaq mümkün deyil!”

“Azərbaycan müharibə şəraitindədir və vətəni üçün canını qurban verən hər bir kəs qəhrəmandır. Və onları ölü adlandırmaq olmaz! Həmin Nərmin isə bu cür sözlərdən sonra mənəvi cəhətdən ölüdür”.

“Bütün bunlar ucuz piardır, məşhurlaşmaq istəyib”.

Amma Nərmin Şahmarzadəni müdafiə edənlər də tapılıb:

“Onun sözlərində heç bir təhqir yox idi, amma heç kim özünə əziyyət verib onun statusunu normal oxumayıb, bəziləri isə ümumiyyətlə statusu görməyib. Bu insanlar üçün ancaq birinə hücum eləmək olsun”.

“Bu saxta vətənpərvərlər ondansa polisin mitinqdə qovduğu, hakimiyyətin isə haqlaırna düşən kompensasiyanı ödəmədiyi şəhid ailələrinin müdafiəsi üçün belə qışqıraydılar! Gücləri ancaq qadınlara çatır”.

“Hər kəsin şəxsi fikri ola bilər, buna görə insanı linç eləmək olmaz, hətta fikrini o qədər də yaxşı formada ifadə etməsə də”.

Hərbi mövzuda daha məlumatlı olanlar Şahmarzadənin statusunda faktoloji yanlışlar, qeyri-dəqiqlik tapıb, həmin hadisələri çox üzdən şərh etdiyi qənaətinə gəliblər.

Nəriminin “erməni adlandırmaqla məni təhqir edə bilməzsiz, çünki mən erməniləri düşmən hesab etmirəm” sözlərini dediyi video yanğını daha da alovlandırıb.

Media da bu mövzunun üzərinə gedib və demək olar ki, yekdilliklə qıza qarşı ittiham mövqeyində çıxış edib, deputat Musa Quliyev isə onun cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib. Baxmayaraq ki, qanunvericilikdə belə bir şey nəzərdə tutulmayıb.

Mövzu ətrafında müzakirələr davam edir. Bu gün müzakirələrə artıq əvvəl mövzudan kənar qalan Facebook-un rusdilli seqmenti də qoşulub.

“Nə deyək, Nərmin Şahmarzadə sağ olsun ki, cəmiyyətə Mübariz İbrahimovu xatırlatdı. Hərçənd bir müddət sonra yenə hər şey unudulacaq, o da həmçinin”, – müstəqil regional jurnalistlərdən biri şərh edib.

“1991-ci ildən 1994-cü ilə qədər olan dövrdə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda müharibə gedib. Bu ərazi Azərbaycanın əsasən ermənilərin məskunlaşdığı inzibati hissəsidir. 1994-cü ildə atəşkəs elan olunandan sonra Qarabağ Ermənistanın nəzarəti altında qalıb, münaqişə isə dondurulmuş hesab edilir. Cəbhə xətti boyunca mütəmadi olaraq atışma baş verir”.

Facebook Comments

More on JAMnews