Şahmat Federasiyasının rəsmi reaksiyası: “Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir” " />

Azərbaycanlı qrossmeyster sponsor yoxluğundan və şahmatdan bezdiyindən şikayətlənir

Şahmat Federasiyasının rəsmi reaksiyası: “Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir”

FOTO: AZERISPORT.COM

Tanınmış azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Facebook səhifəsində tez-tez turnirlərdə iştirak etməkdən yorulduğu və bunu yalnız pula görə etdiyi ilə bağlı şikayətlənib. Şahmatçı əlavə edib ki, onun sponsoru yoxdur və bütün turnirlərə o öz hesabına gedir.

Bu statusu yazdığı zaman Məmmədyarov Sent-Luisdə (ABŞ) Beynəlxalq Şahmat Turnirində olub. Bütün bunlardan başqa o, norveçli şahmatçı, hazırkı dünya çempionu Maqnus Karlsenlə beşsaatlıq mübarizədən sonra çox yorğun olduğundan şikayətlənib.

Şəhriyar Məmmədyarov beynəlxalq qrossmeyster, komanda tərkibində üçqat Avropa çempionu, sürətli şahmat üzrə dünya çempionudur. Dünya reytinqində dünya çempionu və bu titula namizəd şahmatçıdan sonra üçüncü yeri tutur. Tarixdə 20 yaşında gənclər arasında iki dəfə dünya çempionu olan yeganə şahmatçıdır.

“Təəssüflə etiraf edirəm ki, şahmatdan bezmişəm! Yorulmuşam! Sabah isə yenidən oynamaq lazımdır. Bəzən düşünürəm ki, Azərbaycanda məndən güclü nə qədər şahmatçı var ki, mənə sponsor tapılmır? Mənim Azərbaycana sevgim sərhədsizdir, mənim gücüm isə yox. Günlərin birində mən artıq əvvəlki Şəhriyar Məmmədyarov olmayacam və bütün bu söhbətlərin mənası da qalmayacaq”.

Şəhriyar Məmmədyarov öz statusunu bu sözlərlə yekunlaşdırıb. Baxmayaraq ki, bu status qapalı və yalnız “dostlar” üçün paylaşılmış olub, o tez bir zamanda mətbuata çatdırılıb və qalmaqal doğurub.

Sosial şəbəkə istifadəçilərinin əsas reaksiyası hökumət məmurlarının və idmanın inkişafına görə cavabdeh olan şəxslərin ünvanına qəzəbdən ibarət olub:

“Bu necə biabırçılıqdı! Hansısa pop müğənniləri gətirməyə pul tapılır, dünya şöhrətli şahmatçıya isə yox”.

“Belə ölkənin vətəndaşı olmaqdan adam utanır”.

“Əgər onun özünə və ustalığına vətənində hörmət etmirlərsə, qoy, bu hörməti başqa yerdə tapsın. Başqa sözlə, qoy burdan getsin. Çoxlu belə nümunə var. O birinci də deyil, sonuncu da”.

Tanınmış müstəqil jurnalist Xədicə İsmayıl isə Şəhriyar Məmmədyarova və onun timsalında Azərbaycan şahmatına dəstək olmaq üçün ictimai fond yaratmağı təklif edib.

Rəsmi reaksiya da özünü çox gözlətməyib. Azərbaycanın Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov bildirib ki, Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir və onun rəsmi turnir və çempionatlara səfərləri ilə bağlı bütün xərcləri dövlət tərəfindən ödəmilir. Əgər söhbət kommersiya turnirlərindən gedirsə, pulu onun meneceri tapmalıdır.

Azərbaycanda Məmmədyarovun durumuna təəssüflənildiyi və bu vəziyyətin müzakirə olunduğu müddətdə ABŞ-da turnir başa çatıb. Şəhriyar Məmmədyarov Karlsen, Fabiano Karuan və Levon Aroyanı irəli buraxaraq dördüncü olub.


More on JAMnews