O, təkbaşına İlqar Məmmədova dəstək aksiyası keçirdiyi üçün həbs olunub" />

Azərbaycanlı müxalifətçi doqquzuncu gündür ki məhbəsdə aclıq edir

O, təkbaşına İlqar Məmmədova dəstək aksiyası keçirdiyi üçün həbs olunub

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Füzuli Hüseynov iyunun 14-də Bakıda təkbaşına keçirdiyi aksiyadan sonra saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamağı nəzərdə tutan 535.1-ci maddəsi ilə ittiham olunaraq 10 sutka cəza alıb.

Hüseynov təkbaşına aksiyasını yeddi il müddətinə azadlıqdan məhrum edilmiş digər müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədovun doğum gününə həsr edib. Müxalifətçi həmkarının portretini əlində tutaraq Hüseynov onun azad edilməsini tələb edib.

Saxlanılandan dərhal sonra Füzuli Hüseynov aclıq elan edib və aksiya bugünə qədər, yəni artıq bir həftədən çoxdur ki davam edir.

Məhbusun vəkili Cavad Cavadov Turan agentliyinə bildirib ki, aclıq aksiyasının beşinci günü Hüseynovun halı pisləşib. O, çox halsız və solğun görünür, amma nə öz vəziyyətinə, nə də vəkilin təkidinə baxmayaraq, yenə də aclığa davam edir.

Füzuli Hüseynov daha əvvəl də inzibati həbsə məruz qalıb və aclıq edib. Ötən ilin oktyabrında onun vəziyyəti çox pisləşib, polislər onu psixiatrik xəstəxanaya göndərmək istəyiblər. Amma ekspertiza Hüseynovun psixi sağlam olduğuna qərar verib. Nəticədə, Hüseynov yalnız müxalif liderlərin israrlı xahişindən sonra aclıq aksiyasını dayandırıb.

İlqar Məmmədov müxalif Respublikaçı Alternativ Partiyasının lideridir. 2013-cü ildə vətəndaş iğtişaşlarının baş verdiyi İsmayıllı rayonuna gedəndən sonra onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulmasına səbəb olan əməllərin təşkili və ya bu cür əməllərdə iştirak) və 315-ci (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum ediblər.

Müxtəlif beynəlxalq təşkilatlar dəfələrlə nəticəsiz olaraq İlqar Məmmədovun azad edilməsini tələb ediblər. Bu ilin may ayında onun amnistiya vasitəsilə azadlığa buraxılacağı gözlənilirdi, amma bu baş vermədi.


More on JAMnews