Bu, yerli kartofa tələbatın artmasına gətirib çıxarmalıdır " />

Azərbaycanlı fermerlər idxal kartofun gömrük rüsumunun qaldırılmasına nail olublar

Bu, yerli kartofa tələbatın artmasına gətirib çıxarmalıdır

Azərbaycanın Nazirlər Kabineti ölkəyə idxal olunan kartofun gömrük rüsumunu iki dəfə artırıb. Tarif qiyməti 15 faizdən 30 faizə qədər yüksəlib. Bu addım kartof yetişdirib, satan yerli fermerlərin maraqlarının qorunması üçün atılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Anar Hüseynovun sözlərinə görə, idxal kartof üzündən onların öz məhsuluna tələbat azalır.

Bununla belə, kənd təsərrüfatı üzrə analitik Vahid Məhərrəmli hesab edir ki, gömrük rüsumunun qaldırılması alıcıların cibinə ziyan vuracaq – indən belə idxal kartof baha olacaq və əhalinin onsuz da yüksək olmayan alıcılıq qabilyyəti daha da aşağı düşəcək.

Rəsmi göstəricilərə görə, 2017-ci ildə Azərbaycana 161 min tona qədər kartof idxal olunub. Kartofu əsasən Rusiya, İran, Türkiyə və Belorusiyadan gətirirlər.

Əslində isə Azərbaycanda ötən il təqribən 913 min ton kartof toplanıb. Gədəbəy, Daşkəsən, Tovuz və Cəlilabad rayonları kartof yetişdirilməsi üzrə ixtisaslaşıb.

Yəni Azərbaycan əhalisinin kartofa olan tələbatının böyük hissəsi öz istehsalı sayəsində ödənir. Amma Vahid Məhərrəmlinin “Zerkalo” qəzetinə bildirdiyinə görə, son zamanlar Azərbaycanda kartof becərilməsi və daşınmasına sərf olunan xərclər yüksəlib. Bu da məhsulun maya dəyərini artırır və yerli kartof idxal olunan kartofla rəqabətə davam gətirmir.


More on JAMnews