Monitorinqlər hər il keçirilir, lakin onların nəticələrini hamı qulaqardına vurur" />

Azərbaycanın əfsanəvi istirahət güşəsi ilk dəfə çimmək üçün yararsız elan olundu

Monitorinqlər hər il keçirilir, lakin onların nəticələrini hamı qulaqardına vurur

Bakıdan şimalda yerləşən Nabran qəsəbəsindəki bütün çimərliklər çimmək üçün yararsızdır – Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. Əvvəllər bu çimərliklərə qarşı bu cür “ittihamlar” heç vaxt səslənməyib.

Nabran – Bakıdan təxminən 200 kilometr şimalda, Xəzər dənizinin sahilində yerləşən qəsəbədir. Dəniz, qədim meşələr və kükürdlü bulaqlar Nabranı Azərbaycanın ən məşhur istirahət güşələrindən birinə çevirib və burada xeyli otel və pansionat var.

• Azərbaycan çimərliklərində insanlar niyə batır?

• Xəzər balıqçılarının hekayələri və məsləhətləri

• Azərbaycanın cənubunda “qadın” çimərlikləri – bunlar nəyə lazımdır?

Nazirliyin nümayəndəsi Ərəstun Həsənov deyir ki, rəsmi çimərlik mövsümündən (iyunun 15-də açılır) əvvəl onlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə ölkənin şimalında və cənubunda çimərliklərin monitorinqini aparıblar. Dəniz suyunun analizləri aparılıb və müəyyən edilib ki. Nabran çimərliklərində dəniz həddən artıq çirklənib və burada çimmək olmaz. Söhbət bioloji çirklənmədən gedir – suda xəstəlik törədiciləri olan mikroblar aşkarlanıb.

Həsənov həmçinin bildirib ki, nazirlik bütün çirklənmiş çimərliklərdə yerləşən istirahət mərkəzlərinin və restoranların sahiblərinə xəbərdarlıq edib ki, onlar təmizləyici qurğular yerləşdirsinlər, lakin onlar heç nə etməyiblər.

Sosial şəbəkə istifadəçilərini nazirliyin bu bəyanatı qətiyyən təəccübləndirməyib. Əksəriyyət bildirir ki, Nabranda dənizin çirkli olduğunu onsuz da bilirdilər. Buna görə də, əsas mübahisələr onun ətrafında gedib ki, buna göz yummağa dəyər, ya yox:

«Amerika kəşf ediblər. Orada daim inəklər çimir, brakonyerlər torlarını quraşdırır, bütün sahil boyu ölü balıqlar və üfunətdir»;

«2013-cü ildə Nabranda pansionatda dincəlirdim. Bu pansionatın kanalizasiya borusu birbaşa dənizə axırdı».

Azərbaycanda çimərliklərin monitorinqi hər il aparılır və adəti üzrə, ən çirkli çimərlik kimi Şıx çimərliyi elan edilir – o, şəhərə ən yaxın çimərlikdir. Nabran indiyə kimi “qara siyahı”ya düşməmişdi.

Adətən, faktın açıqlanmasından o tərəfə iş getmir: suyu heç kim təmizləmir, insanlar isə orada çimməyə davam edirlər.


More on JAMnews