Dil “sektorlarını” birləşdirmək və ya onlardan birini məhv etmək?" />

Azərbaycanda rus dili: bitməyən mübahisə

Dil “sektorlarını” birləşdirmək və ya onlardan birini məhv etmək?

Azərbaycan sakinləri arasında (əsasən Bakıda) şərti olaraq “rusdillilərə” və “azərbaycandillilərə” bölünmə var. Bu bölünmə “rus sektoru” və “azsektor” yarlıqları ilə də ifadə olunur.

Bakılılar hansı sektorda təhsil aldığına böyük əhəmiyyət verirlər. Müxtəlif mövzularda bir çox ictimai müzakirələr “sektorlar mübahisəsi” ilə yekunlaşır.

Biz Bakıda çoxları ilə danışdıq və belə bir mənzərə alındı.

Problem nədən ibarətdir?

“Sektorlar” yalnız insanların danışmaq üçün üstünlük verdiyi dil deyil. Bu, dünyagörüşü, etiketi, maraqları və həyat tərzi ilə bir-birindən fərqlənən iki sosial qrupdur.

Azərbaycanda milyon yarıma yaxın məktəblidən yalnız 90 min nəfəri rus dilində təhsil alır – təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov deyir. Bu, təxminən 7 faiz deməkdir.

Əhalinin son siyahıya alınması göstəricilərini və ekspertlərin hesablamalarını müqayisə etdikdə ölkə əhalisinin 7 faizə yaxını rus dilini əsas ünsiyyət dili hesab edir və ya bu dili səlist bilir.

Rus sektoru haqda daha ətraflı: sosioloji tədqiqatın nəticələri

Şərh: azərbaycansayağı dil diskriminasiyası

Niyə məhz Azərbaycan?

Əcnəbilər tez-tez soruşurlar ki, niyə bütün postsovet respublikaları arasından məhz Azərbaycanda rus dili populyar qalıb?

Səbəblərdən biri rus dilinin verdiyi imkanlardır. Azərbaycanın informasiya sahəsi dar olaraq qalır – Azərbaycan dilinə az və çox vaxt keyfiyyətsiz tərcümə olunur. Rus dilində təhsil pulsuz əlavə imkanlar verir. İngilis dilində təhsl almaq isə çox bahadır və hamının cibinə görə deyil. Azərbaycandilli valideynlər çox vaxt uşaqlarını rus dilli məktəblərə qoyurlar ki, heç olmasa dövlət hesabına bir xarici dil öyrənmiş olsunlar.

Belə bir sırf yerli post-sovet fenomen də mövcuddur: rusdillilər özlərini “seçilmiş” hiss edirlər, hətta bunu etiraf etməsələr belə. 300 min nəfərə yaxın rusdilli bakılılar dildən yüksək mövqeli sosial qrupun identifikasiya əlaməti kimi istifadə edirlər: “özlərinkiləri” belə ayırd edirlər.

Niyə problem əhəmiyyətli dərəcəyə çatıb?

Çünki ətraf dünyaya yaxşı inteqrasiya olunmuş rusdilli azlıqla informasiya sahəsi dar olan və bir çox inkişaf imkanlarından məhrum qalan azərbaycandilli çoxluq arasında dil və psixoloji baryer mövcuddur.

Bəzi digər post-sovet ölkələrində də (məsələn, Gürcüstanda və Ukraynada) analoji problem mövcuddur. Amma bu ölkələrdə dövlət rus dilindən imtina etmək qərarına gəlib. Azərbaycanda isə əksinə, məsələni nəzarətə götürərək rus dilində təhsili, bir neçə rusdilli medianı və altı saatlıq xəbərləri “saxlayıblar”.

Azərbaycanda sektorlar arasında münaqişənin olduğunu inkar edirlər. Amma münaqişə mövcuddur – bir-birinin əskikliyinə gizli ikrah və üstünlüklərinə qarşı qibtə formasında.

“Bütün sevgililərim rusdilli olub”

“Birinci sinfə rus sektoruna getmişəm. Amma ikinci sinifdə valideynlərim məni evə yaxın başqa məktəbə keçirdilər. Orada isə rus sektoru yox idi”.

Turalın 28 yaşı var, o qrafik dizaynerdir, musiqi bəstələyir, bir qədər rəssamlıqla məşğuldur, ən böyük xəyalı “Disney Pixar” studiyasında animator işləməkdir.

“Mən özümü birmənalı şəkildə azərbaycandilli hesab edirəm. Baxmayaraq ki, ətrafımdakıların demək olar ki, hamısı rusdillidir.

Məktəbdə bizim rus sektoruna qarşı kompleksimiz vardı. Onlar bizə daha mükəmməl görünürdülər. Rus sektorundan olan qızlar da azsektorun oğlanları ilə görüşmək istəmirdilər.

Mən sinif yoldaşlarımdan fərqli olaraq rok və metalika dinləyirdim, bu da həlledici rol oynadı: rus sektorundan olan qız mənimlə görüşməyə razılaşdı. Nəticədə demək olar ki, bütün sevgililərim rusdilli oldu. İndiki sevgilim isə ümumiyyətlə Azərbaycan dilini bilmir. Biz onunla elə beləcə də ünsiyyət saxlayırıq: o rusca deyir, mən azərbaycanca cavab verirəm. Bir-birimizi anlamayanda ingilis dilinə keçirik.

Rus və Azərbaycan sektorları arasında dünyagörüşü və ümumi mədəniyyət səviyyəsində fərq var. Hər şey də məktəbdə başlayır – rus sektorunda proqram azsektordan daha zəngindir. Amma seksizmə, patriarxallığa və azsektorun ayağına yazılan digər belə şeylərə gəlincə, bunlar adama ailədən gəlir və dilin məsələyə heç bir dəxli yoxdur. Məsələn, mənim ailəmdə belə şeylər olmayıb və mən bütün bunlardan azad böyümüşəm.

Bizim cəmiyyətimiz çox vaxt azərbaycandillilərə qarşı qərəzli yanaşır. Bir dəfə xalamla birlikdə qəhvəxanaya gəldik, ofisiant yaxınlaşıb, rus dilində müraciət etdi. Hətta xalam Azərbaycan dilində cavab verəndən sonra da o, rus dilində danışmağa davam etdi. Ondan soruşanda ki, niyə belə eləyir, dedi ki, bu, rəhbərliyin tapşırığıdır. Görünür, onlar hesab edirlər ki, yalnız rusdillilər qəhvəxanaya gedir”.

Məsələnin tarixi

Sovet dövründə rus dili Azərbaycanda sadəcə rəsmi dil deyildi, həm də elitar dil sayılırdı. Gəncliyi həmin illərdə keçən azərbaycandilli bakılılardan biri danışır:

“Bizi ikinci növ insan hesab edirdilər, biz də CAR-da olduğu kimi aparteidin süqutundan sonra revanş etdik”.

SSRİ dağılandan sonra Azərbaycan müstəqillik uğrunda mübarizə aparırdı, rus dili Rusiya ilə, Rusiya isə azadlıq yolundakı maneə ilə assosiasiya olunurdu. O zaman rus dilində danışan azərbaycanlılar açıq aqressiya ilə qarşılaşırdılar. Adama elə gəlirdi ki, ölkədə rus dili qısa zamanda yoxa çıxacaq.

Niyə bu baş vermədi?

Azərbaycanın Rusiya ilə münasibətləri düzəldi, rus dilinə qarşı müqavimət geridə qaldı. Rus dilini hər cür dəstəkləyən hökumət siyasəti də həlledici rol oynadı.

Amma müxtəlif “dil düşərgələrindən” olan gənclər bir-birinə ən azı ehtiyatla yanaşmağa davam edirlər. Çox vaxt onların həyat trayektoriyaları ancaq işdə kəsişir.

Ölkəyə aidiyyatlılıq

“Ailəmdə rus dilində danışırlar. Amma uşaq bağçasında məni Azərbaycan qrupuna qoymuşdular ki, dili öyrənim. Bunun köməyi olmadı. Sonra heç repetitor da kömək eləmədi. Azərbaycan dilində zorla danışıram və yalnız ehtiyac olduğu halda istifadə edirəm.

Ağzımı açan kimi dilin daşıyıcılarının mənə gülməsi və ya əylənməsi azərbaycanca danışmaq həvəsimi öldürür. Bəziləri tələffüzümə və ya qrammatik səhvlərimə belə reaksiya verir”.

Lalənin 25 yaşı var, o proqramçıdır, çox oxuyur və Avropanın kosmik agentliyində işləmək xəyalındadır.

“Məncə, bədnam “dil münaqişəsi” realdan daha çox uydurmadır. Bizim məktəbdə sektorlar arasında heç bir “qarşıdurma” olmayıb. Bəzən oğlanlar “divar-divara”, rus sektoru Azərbaycan sektoruna qarşı dalaşırdılar.

Bütün dostlarım ya rusdilli, ya da ikidillidir, amma onların Azərbaycan dilini bilməsi və ya heç olmasa anlaması mənim üçün vacibdir ki, bəyəndiyim mahnını onlara dinləməyə verim və ya danışanda Azərbaycan məsəllərindən istifadə edə bilim.

Düşünürəm ki, azərbaycandilli gənclər sosial-siyasi planda daha fəaldır, çünki onlar bu cəmiyyətə və ölkəyə aid olduqlarını daha çox duyurlar, bütün bunları daha çox özününkü, doğma hiss edirlər”.

Rus dili təhdid kimi

Erkin Qədirli, hüquqşünas, Respublika Alternativi (ReAl) Partiyasının idarə heyətinin üzvü:

“Azərbaycan artıq 28 ildir ki, müstəqil dövlətdir. Biz isə faktiki olaraq dövlət hesabına öz uşaqlarımıza başqa ölkənin dilində düşünməyi, dünyanı Rusiya xəbər proqramlarının gözü ilə görməyi, prosesləri onların təbliğatının təsiri ilə anlamağı öyrədirik.

Uşaqları rus sektorunda oxutmaqla biz Moskvanın bizim üzərimizdə dominantlığı üçün münbit şərait hazırlayırıq. Odur ki, rus sektorunun bağlanması milli təhlükəsizlik məsələsidir.

Mən rus dilinə qarşı deyiləm. Keçmiş metropoliyanın və hazırkı qonşunun dili kimi onu bilmək yaxşıdır. Amma onu pulsuz və məcburi etmək olmaz.

Üstəlik mən bir anda rus sektorunu bağlamağı təklif etmirəm – bu strateji məsələdir və mərhələli həyata keçirilməlidir. Bütün proses 10 ilə yaxın zaman almalıdır”.

Sektorlar arasında sərhədi necə qaldırmalı?

Nisənin 32 yaşı var, o feministdir, gender psixologiyasından dərs deyir və hansısa nüfuzlu universitetin professoru olmaq arzusundadır.

“Mən özümü hər iki sektora aid edirəm. Hər iki dildə nəinki danışır, həm də düşünürəm: məişət məsələləri haqda Azərbaycan dilində, işlə bağlı rus dilində, akademik məsələlərlə bağlı isə ümumiyyətlə ingilis dilində”.

“Dostlarımın əksəriyyəti həm rus, həm Azərbaycan dilini, çoxları isə hətta ingilis dilini də bilir. Yəqin buna görə mən sektorlar arasında heç vaxt heç bir münaqişə hiss etməmişəm, baxmayaraq ki, mediada bu mövzu fəal müzakirə olunur.

Mən rus sektorunu təhlükə və ya Rusiyanın siyasəti ilə razılıq kimi qəbul etmirəm. Məncə, dilin ümumiyyətlə siyasətə aidiyyatı yoxdur. Məsələn, Trampın siyasətini dəstəkləmək qorxusu ilə ingilis dilini öyrənməkdən imtina etmək təəccüblü olardı.

Yeri gəlmişkən, mən istəyərdim ki, uşaqlarım ingilis dilində oxusunlar – Azərbaycan dilini onsuz da evdə öyrənəcəklər. Hesab edirəm ki, gələcəkdə məhz ingilis dili inkişaf və elm dili kimi bütün digər dilləri əvəz edəcək”.

Rus dili imkan kimi

Fəlsəfə professoru Rəhman Bədəlov:

“Cəmiyyətimizin azərbaycandilli və rusdilli seqmentləri arasında uçurum var. Əminəm ki, bunun öhdəsindən gəlmək mümkündür və lazımdır, bu məsələ müzakirə olunmalıdır. Bu prosesdə ictimai fikir liderlərinin payına xüsusi rol düşür.

Buna necə yanaşmaqdan asılı olmayaraq, Azərbaycanda rus dili mədəniyyət dili olub və müəyyən dərəcədə qalır da. Bu irsdən imtina etməklə biz şüurumuzun hədsiz darlığını nümayiş etirəcəyik.

İngilis dilinin istifadə sahəsi genişlənir. Bu normaldır, bütün dünyada belədir, amma nəinki rus, həm də dünya mədəniyyətinin nəhəng kanalı olan rus dilindən niyə imtina edək ki?”

Facebook Comments

More on JAMnews