“Əxlaqsız qadınları” öldürmək olarmı? Mətbuat “orta əsr” təfəkkürünə söz imkanı yaratmalıdırmı?" />

Azərbaycanda qadın qatilinə haqq qazandıran müğəninin sözləri müzakirə olunur

“Əxlaqsız qadınları” öldürmək olarmı? Mətbuat “orta əsr” təfəkkürünə söz imkanı yaratmalıdırmı?

“Pis qadının başı kəsilməlidir”, – azərbaycanlı pop müğənni Nadir Qafarzadə bəyan edib. Onun bu sözləri cəmiyyətdə qəzəb və qızğın müzakirə doğurub.

• Azərbaycan: Müdafiə və ədalət əvəzinə mənəviyyat dərsi

• Ermənistan: Ölümlə nəticələnən ailə problemləri

• Gürcüstan: HİV virusu ilə həyat

Tarixçə

Avqustun 20-də Türkiyənin Kırıkkale şəhərində bir kişi doqquz yaşlı qızının gözləri qarşısında arvadının başını kəsərək öldürüb.

Bu hadisə Türkiyədə böyük səs-küy doğurub, rezonansı Azərbaycana da gəlib çatıb. Yerli media ictimai insanlar arasında bununla bağlı sorğu keçirib. Hər şeydən əvvəl şou-biznes sahəsindəki həmkarları ilə çoxsaylı qalmaqalları ilə məşhur olan Nadir Qafarzadə də fikri soruşulanlar arasında olub.

“Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”, – Nadir Qafarzadə Baku.ws saytına bildirib. 

O həmçinin əlavə edib ki, qadına tam azadlıq vermək də olmaz. Qadın üçün çərçivə olmalıdır”.

Sosial şəbəkələrdə reaksiya

Avropada siyasi mühacir həyatı yaşayan şairə Günel Mövlud hesab edir ki, Nadir Qafarzadənin özü adam öldürməyə çağırışa görə, onun bəyanını dərc edən saytlar isə bu çağırışı yaydıqlarına görə məsuliyyətə cəlb olunmalıdır.

Ümumilikdə sosial şəbəkələrdə gedən müzakirələr bir neçə istiqamətdə inkişaf edib:

– bir qism Nadir Qafarzadəni tənqid edib və bildirib ki, onun kimilərə söz verilməməlidir;

– digər qism onun bu bəyanı ilə razılaşıb;

– üçüncülər isə cəmiyyətin düşdüyü vəziyyətə qəzəblənib, onların fikrincə, insanların ciddi şəkildə ərlərin arvadlarını öldürmək haqqının olub-olmadığını müzakirə etməsi cəmiyyətin hədsiz xəstə olduğunu göstərir.

Bu niyə vacibdir?

Azərbaycan mediasında mütəmadi olaraq, ərin öz arvadını “ləyaqətinin alçaldılmasına cəza olaraq” amansızca döyməsi, hətta öldürməsi haqda məlumatlar yayılır. Bu zaman xəyanət, xəyanət şübhəsi və ya sadəcə kişinin nöqteyi-nəzərindən “nalayiq” davranış nəzərdə tutulur.

Hər dəfə kişinin tərəfində duran insanlar tapılır, onlar kişiyə haqq qazandırır və hadisənin baş verməsində “əxlaqsız qadınları” və “mənəviyyatın tapdalanmasını” günahlandırırlar.

Cəmiyyətdəki bu cür düşüncə tərzi hüquq müdafiə və feminist təşkilarlarını narahat edir. Onlar maarifləndirmə yolu ilə mübarizə aparmağa və canilərə qarşı ictimai qınağa nail olmağa çalışırlar.


More on JAMnews