Kitab mağazaları şəbəkəsinin sahibəsi və nazir oğlu bir-birini ittiham edir " />

Azərbaycanda “kitab müharibəsi” sosial şəbəkələrin diqqət mərkəzindədir

Kitab mağazaları şəbəkəsinin sahibəsi və nazir oğlu bir-birini ittiham edir

“Əli və Nino” mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova video müraciəti sosial şəbəkələri “partladıb”.

Köçərli öz müraciətində nazirə bildirir ki, onun adından istifadə edən insanlar xanımın mağazalarına reyder təzyiqləri edir və öz biznesindən Heydərovun xeyrinə imtina etməsini tələb edirlər.

Sosial şəbəkələrdə yayılan video-müraciət qısa zamanda populyarlaşıb və istifadəçilər arasında rezonans doğurub.

Dörd il əvvəl sizin adınızdan mənə deyildi ki, “Əli və Nino”nu sizə verməliyəm. Əgər bunu eləməsən, o zaman “biz fil, sən qarışqasan, səni asanlıqla əzəcəyik”, mənə dedilər”, – Nigar Köçərli bildirib.

Nigar Köçərlinin sözlərinə görə, 4 il müddətində “Əli və Nino”ya qarşı “mənəvi terror” həyata keçirirlər:

“Gömrükdə problemlər, mağazalarımızda gizlin çəkilişlər, əməkdaşların dindirilməsi, mətbuatda və sosial şəbəkələrdə mənə qarşı kampaniya. Bu azmış kimi indi də “Əli və Nino” kitab mağazalarını mollardan (ticarət mərkəzlərindən) çıxarırlar. Sizin adamlarınız bizi həmin mağazalardan qovub, öz mağazalarını yaradırlar”.

Köçərli bildirir ki, bu kampaniyaların arxasında onun rəqibləri – nazir oğlu, “Avropa-Azərbaycan” Cəmiyyətinin sədri Tale Heydərova məxsus “LİBRAFF” kitab mağazaları şəbəkəsi dayanır.

Tale Heydərov 2014-cü ildə TEAS Press Nəşriyyat Evini təsis edib. “LİBRAFF” kitab mağazaları şəbəkəsi də həmin nəşriyyat evinə aiddir.

Növbəti gün “LİBRAFF” cavab bəyanatı yayaraq, Köçərlinin ittihamlarını rədd edib, “Əli və Nino”nu böhtanda, müəllif hüquqlarını pozmaqda və kopiraytda günahlandırıb.

Bəyanatda deyilir ki, “LİBRAFF” mütəmadi olaraq “Əli və Nino”, həmçinin tərəfdaşları tərəfindən mənəvi təzyiqə və böhtana məruz qalır.

“Sosial şəbəkələrdə mütəmadi olaraq TEAS Press Nəşriyyat Evinin kitab bazarını inhisara almaq istədiyi haqda məlumatlar yayılır. Bu struktur haqda mənfi ictimai rəy yaratmağa çalışırlar. Köçərlinin müraciəti bu kampaniyanın tərkib hissəsidir”.

“LİBRAFF” rəqiblərini kopiraytı pozmaqda da ittiham edib.

“Köçərlinin mağazalarında pirat nəşrlər də satılır, bunlar müəlliflik hüququ TEAS-a məxsus olan kitablardır. Bu qanunsuz nəşr olunan kitablar Köçərlinin mağazalarının vitrinlərinə düzülüb. Monitorinq bütün bu faktları təsdiqləyib”.

Sosial şəbəkə istifadəçiləri “kitab müharibəsinə” müxtəlif cür reaksiya verir. Bir neçə xarakterik nümunə gətiririk:

“Kitab biznesindən gələn gəlir Tale Heydərova lazım deyil. Onun məqsədi insanların oxuduqlarını nəzarətdə saxlamaqdır. Ölkəmizdəki az-çox yazan insanlar hazırda kitab tərcüməsi və redaktəsi ilə pul qazanmaq imkanına sahibdir. Kitab nəşri və yayımını inhisar altına götürəndən sonra bu insanlar öz gəlirini itirəcək”.

“Məncə bu, Köçərlinin özünü reklam aksiyasıdır. Kim inanar ki, Heydərovlar öz böyük pullarını qoyub, az rentabelli biznesə göz dikər?”

“Təəssüf ki, biz artıq rəqiblərə qarşı nadürüst fəndlərə alışmışıq, xüsusən də hakimiyyətdə “dayısı” olanlar tərəfindən. Amma özün də qanunu pozub, lisenziyasız kitab satırsansa, necə başqalarından qanuna riayət etməyi tələb edə bilərsən? Aydındır ki, oxuculara kitabı ucuz almaq daha sərfəlidir, amma gec və ya tez, bu təcrübədən imtina etmək lazımdır”.

“Çox kədərlidir. Çox. Nigar Koçarlinin əli milyonlarla oynamır, şərab, yağ satışı, turizmlə məşğul olmur, mehmanxana da tikmir. O, kitab satır. Kitab oxumağı çox adamın sevmədiyi bir ölkədə. Amma burada da rahat işləmək olmur”.

Facebook Comments

More on JAMnews