Kim həbs olunub və bu nə deməkdir?" />

Azərbaycanda həbslər: bir həftədə altı nəfər

Kim həbs olunub və bu nə deməkdir?

Azərbaycanda həbslərin yeni dalğası aralarında 50 nəfər siyasi məhbusun da olduğu 400 nəfərin azadlığa buraxıldığı “böyük əfvdən” dərhal sonra başlayıb.

Kim həbs olunub?

  • Bayram Məmmədov – tanınmış fəal və keçmiş siyasi məhbus polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb. Çoxları bunu Məmmədovun azadlığa çıxandan sonra hakimiyyətin ünvanına səsləndirdiyi tənqidə görə “cəza” hesab edir.

Bayram Məmmədovun həbsi haqda daha ətraflı

  • Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dörd fəalı inzibati həbsə məhkum edilib. Onları da polisə itaətsizlikdə günahlandırıblar. Onlar hamısı partiyanın 6 apreldə keçirməyi planlaşdırdığı mitinqin təşkilatçılarıdır. Fəallardan üçü 15 sutka, biri isə 30 sutka cəza alıb. Həbslər AXCP mitinq keçirməyə icazə almaq üçün hakimiyyətə müraciət edəndən sonra başlayıb – partiyanın sədr müavini Gözəl Bayramlı deyib. 2019-cu ilin əvvəlindən ümumilikdə 50 nəfərdən çox AXCP fəalı həbs olunub.
  • “Müsəlman birliyi” hərəkatının fəalı Anar Cabbarov Türkiyədə saxlanılıb və iki həftə əvvəl Azərbaycana təhvil verilib. O vaxtdan bəri doğmaları onun harada saxlandığını və nədə ittiham olunduğunu bilmirdi. Nəhayət, aprelin 4-də məlum olub ki, o, 1 saylı istintaq təcridxanasına keçirilib və narkotik alverində ittiham olunur. Bu haqda Turan agentliyinə Cabbarovun doğmaları məlumat verib və ittihamları saxta adlandırıblar.

Anar Cabbarovun deportasiyası haqda daha ətraflı

Aprelin 5-də axşam saatlarında isə doğmaları “Azadlıq” qəzetinə Cabbarovun üzərindən ittihamın götürüldüyünü və onun azadlığa buraxıldığını bildiriblər https://www.azadliq.info/226473.html .

Həbslər nə anlama gəlir?

50 siyasi məhbusun azadlığa çıxdığı əfv aktı ən başından Azərbaycan cəmiyyətində şübhəylə qarşılandı. Ekspertlərin və siyasətçilərin çoxu bunu Qərbin və ya müxalifətin təzyiqi ilə əlaqələndirirdilər. İki həftə sonra həbslərin yeni dalğası başlananda və bəzi keçmiş vicdan məhbusları polis tərəfindən təzyiqə məruz qaldığını açıqlayanda vəziyyət daha da qeyri-müəyyən hal aldı.

Sosial şəbəkədə gedən şərhlər:

“Bayram son həbsi zamanı məruz qaldığı işgəncələri təsvir edib. Kimsə hələ də “islahatlara” inanır?”;

“Mən ilk gündən deyirdim ki, əfv sadəcə şoudur!”;

“Bu cür əfv və islahat başlarına dəysin!”.

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı da həbslərin yeni dalğasını pisləyib.

“Bu həbslər İlham Əliyev tərəfindən əfv aktı ilə ifadə olunan xoş məramı sıfıra endirir və Azərbaycanda müxalifətə və söz azadlığına qarşı təzyiqin davam etdiyini göstərir”, – Freedom House təşkilatının Avropa və Avrasiya üzrə proqram diraktoru Mark Berendt bildirib.

Facebook Comments

More on JAMnews