Astronom Dmitri Çulkov icazəsiz foto çəkdiyi üçün on gün kamerada keçirib " />

Azərbaycanda həbs olunan rusiyalı alim vətəninə qayıdıb

Astronom Dmitri Çulkov icazəsiz foto çəkdiyi üçün on gün kamerada keçirib

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov Azərbaycanda on günlük həbsdən sonra vətəninə qayıdıb.

Çulkov Azərbaycana yanvarın əvvəlində Moskva-Gəncə birbaşa reysi ilə gəlib. Daha sonra o, buradakı görməli yerləri, o cümlədən də 2008-ci ildən qoruq və milli park ərazisi elan edilən, giriş-çıxışı məhdudlaşdırılan Göygölü tədqiq etməyə və fotolarını çəkməyə yollanıb.

Tezliklə mühafizə Çulkovun fərqinə varıb və ondan çəkilişi dayandırmasını tələb edib. Mühafizəçinin sözlərinə görə, alim onların tələbinə tabe olmaqdan imtina edib və hüquq-mühafizə orqanları Dmitri Çulkov haqda topladıqları materialları məhkəməyə göndəriblər. Yanvarın 5-də Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsaslanan məhkəmə onun haqqında 10 sutka həbs qərarı çıxarıb.

Çulkovun Gəncədə yaşadığı mehmanxananın sahibi Rusiyanın RİA Novosti agentliyinə bildirib ki, alim mühafizə olunan əraziyə daxil olandan sonra saxlanılıb. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət qrup mehmanxanaya onun yanına gəlib. Mehmanxana sahibinə qonaq haqda suallar verib, cavan oğlanın şəxsi əşyalarını müsadirə ediblər.

Çulkovun dostu Konstantin Malançev dostunun qadağan olunmuş obyektə qəsdən girdiyinə şübhə edir. “O, arıq, çəlimsiz biridir, hasarlardan atlamağa, avantüralara meylli deyil”, – o bildirib. Malançevin sözlərinə görə, alim daha əvvəl digər turistlərin yaxalandığı Milli Parkın ərazisində daxil olmuş ola bilər. O qeyd edib ki, Çulkov buranın qadağan edilmiş obyekt olduğundan xəbərsiz də ola bilərdi.

“O, cığırdan çıxıb, binoklla nəyisə nəzərdən keçirib, Azərbaycanla Ermənistan arasında isə vəziyyət gərgin olduğu üçün hərbçilər onu yaxalayıb”, – Malançev ehtimal edib. O əlavə edib ki, yanvarın 6-da Çulkov internetə daxil olmayıb və zənglərə cavab verməyib. Malançevin sözlərinə görə, məlumat KİV-də yayılana qədər səfirlikdə Çulkovun qohumlarının müraciəti qeydiyyata alınmayıb.

Bu haqda xəbərlər dərc olunandan sonra özünü səfirliyin əməkdaşı kimi təqdim edən şəxs Çulkovun anasına zəng vurub. Malançevin sözlərinə görə, zəng vuran şəxs “səs-küy qaldırmamağı, narahat olmamağı” xahiş edib. Alimin anasına deyiblər ki, Dmitri “sağ-salamatdır, tezliklə Rusiyaya qayıdacaq”. Qadın bunu təsdiqləməyi rica edib. Bundan sonra Azərbaycan nömrəsindən zəng gəlib, naməlum şəxs dəstəyi Çulkova verib.

“Dima deyib ki, onu saxlayıblar, yemək verirlər və bir neçə dəfə təkrarlayıb ki, onu döymürlər”, – Malançev bildirib. Onun sözlərinə görə, bu yaxınlarda Dmitri Ermənistana səfər edib və bu da Azərbaycanın xüsusi xidmət əməkdaşlarının “xoşuna gəlməyə” bilərdi, – “Dojd” televiziyası yazır.

 

 


More on JAMnews