Yaradıcı gənclər siyasi laqeydlik və qiyam arasında seçim edir" />

Azərbaycanda andeqraund incəsənəti – yardım əvəzinə senzura

Yaradıcı gənclər siyasi laqeydlik və qiyam arasında seçim edir

Böyük zalda “hərbi məşvərət” gedir. Yarıqaranlıq otaqda müxtəlif cür köhnə stullar düzülüb, sadəcə ekrak qarşısındakı kiçik məkan işıqlandırılıb. Bu işıqlı “ləkə” üzərində iyirmiyə qədər insan toplaşıb. Fotoqraflar, rəssamlar, musiqiçilər, memarlar, feministlər, jurnalistlər – Bakının yaradıcı gəncləri / yeni bohem / andeqraund (lazım olanın altından xətt çəkmək olar). Ən balacasının iki yaşı var. Atası başqaları illə birlikdə bu olayların cərəyan etdiyi binanı sökülməkdən qurtarmağın yollarını götür-qoy edərkən, Qıvrım saçlı oğlan nimdaş pianinonun dillərinə sarı uzanır.

“Biz burda “məskunlaşanda” əlbəttə, bilirdik ki,bina köhnədir və gec, ya tez bizi buradan göndərəcəklər. Amma düşünmürdük ki, bu, belə tez baş verəcək”, – Leyli Qafarova danışır.

Leyli Qafarova. Foto: JAMnews

2018-ci ilin sonunda Leyli, onun əri İlkin Hüseynov və daha bir neçə “həmfikirləri”Bakıda ikimərkəbəli binanı icarəyə gtürüb və orada müstəqil Salaam Cinema kinoteatrını yaradıblar.

Bina 1913-cü ildə inşa edilib. Burada molokanların dua evi yerləşirmiş. Molokanlıq xristianlığın cərəyanlarından biridir. Onlar 19-cu əsrdə çar Rusiyasından qovularaq, Qafqazda, o cümlədən də Azərbaycanda məskunlaşıblar.

Bir neçə ay ərzində bohem gənclər bu yeri sevib – burada artıq yalnız kinoya baxmırdılar, həm də sərgilər təşkil edir, oxuyur, içir, mübahisə edir, “özləri kimi” olanlarla tanış olurdular.

Amma mayın əvvəlində bina sahibinin nümayəndəsi Salaam Cinema-nın kandarını kəsdirib və kirayədarlardan “məkanı boşaltmalarını” istəyib. Bina ya söküləcək, ya da bərpa olunacaq, hərçənd bunun onlara heç bir dəxli yoxdu – onlara bildiriblər.

“Salamçılar” bir təhr möhlət ala biliblər və indi yarıqaranlıq zalda oturub, qədim binanı xilas etmək və küçəyə qovulmamaq üçün həyəcanla nə edəcəklərini düşünürlər. Və belə qərara gəliblər ki, sadəcə məkandan çıxmasınlar.

Beləcə “Salaam Cinema-nın mqdafiəsi” başlayıb – son illərdə Azərbaycanda baş verən ən kütləvi (və ən şən) gənclər aksiyası.

Spoyler: onlar qalib gəldi.

Səbinə ilk gündən Salaam Cinema-ya gəlib-gedir. Səbinə memardır, Bakıda xoş şəhər mühiti yaratmaq arzusundadır və “başqa qalereyalarda və ya kinoteatrlarda görə bilməyəcəklərini nümayiş etdirən, pafosun, şüşə şərab qədəhlərinin olmadığı, istənilən geyimdə gələ bildiyin və özünü balıq suda hiss etdiyi kimi hiss edə bildiyin” məkanları sevir.

Andeqraund nədir və bunun Salaam Cinema-ya nə dəxli var?

Azərbaycanda andeqraund dövlətə yastlanmadan incəsənətlə və sosial layihələrlə məşğul olan “qabaqcıl” yaradıcı gənclər birliyidir.

Salaam Cinema-nın hekayəsi bu birliyin cəmiyyətdə daha çox səs salmasına və yeni “tərəfdarlar” toplamasına səbəb oldu.

Burada söhbət bir məvhum kimi müasir incəsənətdən gedir. Çünki Bakıda müasir incəsənət üzrə ixtisaslaşmış, gəncləri cəlb edən başqa yaradıcı birliklər də var. Amma onları dövlət tənqidə məruz qoyur və müəyyən qaydalar diqtə edir.

İndi Azərbaycanda alternativ yaradıcı birlik bir-biri ilə əlaqədə olan bir neçə qrupdan və ayrı-ayrı insanlardan ibarət “arxipelaqdır”.

Natəvan Vahabova fotoqrafdır, tez-tez “alternativ məclislərə” qatılır, amma özünü heç bir cərəyana aid etmir.
“Belə yerlərdə olmaq və fərqli düşünən, incəsənətləri fərqli olan yaradıcı insanlarla ünsiyyətdə olmaq xoşuma gəlir. Başqa müasir rəssamlardakı kimi “hamar” olmayan. Bunda sosial möövzulara daha dərin toxunulub”, – Natəvan deyir.
O özü də indi sosial layihə üzərində çalışır – qadın sığınacağında fotolar silsiləsi hazırlayır.

Mədəniyyət Nazirliyi üçün mədəni şok

“Bizim dövlətlə problemimiz yoxdur. Onların bizimlə problemi var”,  – ADO teatrının bədii rəhbəri Elmin Bədəlov deyir.

ADO Azərbaycanın ilk müstəqil teatrıdır. Altı illik fəaliyyətləri müddətində altı məkan dəyişiblər – gah polis gəlib-gedəndən sonra çıxmalı olublar, gah icarə haqqının baha olması üzündən, gah da başqa hansısa səbəbdən.

Foto: Bəşir Kitaçayev

Hazırda yerləşdikləri məkanı da az qala itirəcəkmişlər, hətta kömək üçün Mədəniyyət Nazirliyinə də müraciət ediblər. Məmurlar tamaşalardan birinə gəliblər, cır-cındır geyimdə vəhşicəsinə makaron tıxışdıran qəribə insanları görüblər, sonra isə repertuara nəzarət etmək şərtilə hər cür yardımı təklif ediblər. Artistlər imtina edib. Bundan başqa, Mədəniyyət Nazirliyi artıq neçənci ildir ki, teatra Bakıda küçə tamaşaları keçirməyi qadağan edir. Elmin Bədəlovun özünü isə ölkədən çıxıb-girəndə gömrükdə uzun müddət yoxlayırlar.

ADO-nun repertuarı bir qədər “dəlicə” müasir tamaşalardan ibarətdir, ekspressiv, rəmzi və mühafizəkar Azərbaycan ölçülərinə görə çox “biədəb”. Burada səhnədən cinsiyyət orqanlarının adı açıq səslənə, aktrisalar alt paltarında dolaşa və ləyənlə bir-birlərinin başından su əndərə, uşaq nağılları hallüsinasiyaya çevrilə bilər.

Yalnız Bakıda deyil

Ümumilikdə bütün Azərbaycan andeqraundu bu və ya digər dərəcəsə eyni cür davranır – utancaq patriarxalcəmiyyəti qıcıqlandırır və ya incəsənət vasitəsilə onu dəyişməyə çalışır. Məsələn, Murad Nəbiyev bunu özünə hədəf seçib.

Murad kürəyində rükzakla gözəl əhvalda özünü Salaam Cinema-nın həyətinə salır. Yüksək səslə hamını elə salamlayır ki, masanın üstündə yemlənən pişiklər dik atılır.

Murad Nəbiyev. Foto: Facebook, Murad Nabiyev

Otuz yaşlı Murad artıq bir neçə aydır ki, iki şəhər arasında yaşayır. Əvvəl o, dostları ilə birlikdə Bakıda “Çıxış” adlı məkan işlədirdi. Orada hər şey keçirilirdi: rok konsertlərdən tutmuş ailə həyatında marksizmin rolu haqda mühazirələrə qədər.

Daha sonra bu məkan bağlandı – icarə haqqı ödəməyə pul yox idi. Bundan sonra Murad öz doğma şəhəri Gəncəyə gedib və Art Garden adı altında oxşar məkan açıb. Düzdür Gəncədə paytaxta nisbətən ənənələr daha ciddidir, burada müasir incəsənətə şübhəylə yanaşırlar. Amma Murad yenə də gəncləri rəsm dərslərinə, kinematoqrafiya üzrə vorkşoplara, hətta reyv-konsertlərə cəlb edə bilib.

“Mənim və dostlarımın məşğul olduğumuz şeyin sosial yükü var. İncəsənət vasitəsilə biz  gender stereotipləri, homofobiya, heyvanlara qarşı amansızlıq və laqeydliklə mübarizə aparırıq”, – Murad deyir. O özü vegetariandır və plastikdən imtina tərəfdarıdır. “Çıxış”da az qala Azərbaycanda ilk dəfə kokteyl borucuqları əvəzinə içi dəlik uzun makaronlardan istifadə olunurdu. Rahat olmasa da ekoloji cəhətdən səmərəli.

Alternativ qəhvə

Coffee-Moffee kafesində günorta artıq qələbəlikdi. Frilanserlər noutbukları ilə oturub, tələbələr nəsə oxuyur, sosial fəallar isə dünya dəyişimi üçün növbəti plan üzərində düşünürlər.

Bu kafe “andeqraund infrastruktur” elementlərindən biridir. Bu cür məkanlar bir qayda olaraq “özününkülər” tərəfindən “özününkülər” üçün açılır. Üç milyonluq Bakıda yerli rok-qrupların ifa etdiyi, müştəri çatışmazlığı üzündən daimi məkandan imtina etməli olan “sərgərdan” gecə klublarının toplaşdığı belə yerlər ən uzağı beş dənədir.

Boho kafesi. Foto: Bəşir Kitaçayev

Araz Hacıyev özünü tələsik Coffee-Mofee-yə atıb itinin – praktiki olaraq andeqraund birliyinin üzvü olan qalıntüklü ağsaq Rastanın yenə də itməsindən şikayətlənir. Sonra yenə qaça-qaça gəlib Rastanın tapıldığı xəbərini verir. Araz şəhərlilər üçün təbiət gəzintiləri təşkil edir, çimərlikdə ocaq başında elektron musiqi ilə rəqs edir və öz komandasını ailə adlandırır. 

Azərbaycanlı art-fəallar üçün “iventlərin” təşkili uzunmüddətli layihələrdən daha populyardır.

  Rasta. Foto: Facebook

Andeqraund və siyasət

“Salaam Cinema-nın müdafiəsi” bir həftəyə qədər davam etdi və bu müddət ərzində iki yüzə yaxın insan onun ətrafında birləşdi. Həmin günlərdə buraya ilk dəfə gələnlərin çoxu “daimi sakinlərə” çevrildilər və indi praktiki olaraq məkandan çıxmırlar.

Məsələn, 23 yaşlı Aleksandr. O, oteldə işləyir, eksperimental musiqi bəstələyir və son zamanlardan etibarən Salaam Cinema-nı ikinci evi hesab edir.

Bu yerin əla aurası var. Bu, Azərbaycan üçün anarxo-kommunanın çox maraqlı nümunəsidir, siyasətdən uzaq olsa da”.

Aleksandr bas-gitaradan tutmuş Anadolutuluq zurnasına, Afrika barabanına qədər bütün musiqi avadanlıqlarını buraya gətirib və indi digərləri ilə birlikdə improvizasiyalar edir. Xoşbəxtlikdən Salaam Cinema-nın qonşuları ya çox mehribandır, ya da kar.

Siyasətə gəlincə isə, əvvəlcə heç kim Azərbaycan andeqraundunun siyasətdən uzaq olub-olmaması sualı ətrafında düşünmürdü. Amma binanın müdafiəsi kampaniyası ciddi miqyas alandan sonra bunun nə olduğunu – mədəni, yoxsa siyasi aksiya – müəyyən etmək ehtiyacı yarandı.

Binaya tarixi abidəsi statusunun verilməsi uğrunda mübarizə apararkən Salaam Cinema-nın “təşkilat komitəsi” bir çox instansiyalara, o cümlədən də ölkənin birinci xaımı və vitse-prezidenti Mehriban Əliyevaya məktub göndərib. Azərbaycanda təcili kömək lazım olduğu zaman bu, etibarlı üsul hesab olunur.

Nəticədə binanı xilas etmək mümkün olub. Amma “salamçıların” kömək üçün prezidentin xanımına müraciət etməsi çoxlarını məyus etdi, hesab etdilər ki, onlar “minnətçi düşərək” etiraz ideyasını və müstəqil incəsənəti “gözdən salıblar”.

Keçmiş siyasi məhbus Qiyas İbrahimov Salaam Cinema müdafiəçilərini özlərinin bohem zaman keçirmələrindən başqa heç nə ilə maraqlanmayan “prinsipsiz siyasi naşılar” adlandırıb.

“Əzilənlərin mübarizəsində opportunistlərə, konformistlərə, “sadə vətəndaşlara”, siyasətdən uzaq psevdointellektuallara yer yoxdur. Siz sadəcə bizim ayağımıza dolaşırsız. Bu ölkəni siz dəyişməyəcəksiz, odur ki, kənara çəkilin və gözümüzü mozol eləməyin”, – Qiyas Facebook səhifəsində yazıb.

Bayram Məmmədov və Qiyas İbrahimov Azərbaycanın keçmiş prezidenti və hazırkı prezidentinin atası Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik alveri ittihamı ilə 10 il müddətinə həbs olunmuşdu.

Qiyasın dostu və keçmiş siyasi məhbus Bayram Məmmədov bu hadisəni belə şərh edir:

“Əlbəttə, andeqraund incəsənəti mahiyyətcə siyasətdən uzaq ola bilməz. Repressiv dövlət aparatı üzündən “yer altında” gizlənmək məcburiyyətində olan insanların düşüncəsi siyasətdən uzaq ola bilməz. Təəssüf ki, bizim cəmiyyətimiz ideoloji böhran yaşayır və burada mövcud olan ideolojiların çoxu ideologiya deyil, onların təhrif olunmuş formasıdır”.

Bayram Məmmədov. Foto: Facebook, Ulviyya Ali

“Salamçılar” öz növbəsində deyirlər ki, ümumiyyətlə inqilab eləmək niyyətləri olmayıb. “Aı biz yalnız ona yazmamışıq, bütün instansiyalara yazmışıq. Məqsədimiz bir idi – binanı qorumaq. Siyasi aksiyalar təşkil etmək niyyətində deyildik. Ümumilikdə mən razıyam ki, incəsənət adamları öz vətəndaş mövqeyini ifadə etməlidir, amma bu o demək deyil ki, onlar müxalifətçi olmalıdırlar”, – Leyla Qafarova deyir.

Filosofiya doktoru Rəhman BədəlovAzərbaycan andeqraundunun siyasətdən uzaq olmasında dəhşətli heç nə görmür:

“Azərbaycanda müstəqil alternativ incəsənətin inkişafı qaçılmazdır. Bu o demək deyil ki, onlar dünya kontekstində əhəmiyyətli nəsə yaradacaqlar. Azərbaycanda ciddi mədəni hadisələr üçün gərəkli mühit yoxdur. Amma yenə də nəsə edəcəklər, daxili istifadəçilər üçün olsa da. əgər gənclərin həyatı daha maraqlı olarsa, patriarxal özüllər isə az da olsa laxlasa, bu artıq az deyil”.

Facebook Comments

More on JAMnews