Yerevan və Bakıdan gələn informasiya və ekspert rəyləri" />

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri

Yerevan və Bakıdan gələn informasiya və ekspert rəyləri

Bern, İsveçrə, 19dekabr 2015. REUTERS/Peter Klaunzer/Pool

Bazar ertəsi, oktyabrın 16-da Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü özlüyündə böyük marağa səbəb oldu, çünki onların bundan öncəki 2016-cı ilin iyununda baş tutan görüşündən bir ildən çox vaxt keçmişdi.

O zamandan bəri danışıqlar prosesində heç bir irəliləyiş nəzərə çarpmayıb, baxmayaraq ki, bu müddət ərzində iki ölkənin xaric işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bir neçə görüşü baş tutub.

Bu dəfəki görüş də ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə həyata keçirilib. Sarqsyan-Əliyev danışıqları başa çatandan cəmi bir neçə dəqiqə sonra Minsk Qrupunun mətbuat xidmətinin bəyanatı dərc olunub, bəyanatda görüşün konstruktiv şəraitdə keçdiyi, prezidentlərin danışıqlar prosesinin davam etdirilməsi üçün tədbirlər görməyə razılaşdığı və təmas xəttində gərginliyin azalması üçün onların əlavə səy göstərəcəkləri deyilir.

Həmsədrlər uzun fasilədən sonra birbaşa danışıqların bərpa olunması ilə bağlı məmnunluq ifadə edib, həmçinin Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesində vasitəçiliyə avam etməyə hazır olduqlarını bildiriblər.

JAMnews Yerevan və Bakıdan gələn informasiya və dəyərləndirmələri ttəqdim edir.

Yerevandan gələn informasiya

Ermənistanda ən yüksək səviyyədə danışıqların bərpa olunmasından nəinki sıçrayış gözləmir, heç bu danışıqların mümkünlüyə də inanmırdılar. Minsk Qrupunun həmsədrləri prezidentlərin danışıqları bərpa etməyə razılaşdıqları haqda bəyanat yayanda isə çoxları çaşqınlıq içində qalmışdı: görüşə razılaşmaq Sarqsyanın nəyinə lazım idi?

Ermənistanın iqtidarda olan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Sarqsyanın mövqeyini belə izah edib:

“Azərbaycan məmurlarının son bəyanatlarınaa baxmayaraq, Ermənistan prezidenti yeni də danışıqlar prosesinin formatına sadiq qalır və görüşdə iştirak edəcək”.

Aşotyan İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıq prosesinin “heç bir ön şərt olmadan” bərpa olunması, Ermənistanın guya müxtəlif bəhanələr uyduraraq və müxtəlif şərtlər irəli sürərək danışıqları pozmağa cəhd göstərməsi haqda oktyabrın 9-da səsləndirdiyi, Ermənistanda fəal müzakirə olunan bəyanatını nəzərdə tutur.

“Amma mən dərhal bildirmişdim ki, şərtlərdən heç biri qəbul edilməyəcək. Belə şərtləri irəli sürməklə Ermənistan özünü axmaq vəziyyətinə qoyub və indi bu siyasətdən imtina etməyə məcburdur”, – Əliyev bəyan edib.

Ermənistan tərəfinin cavabı Ermənistan prezidentinin mətbuat katibinin diilindən səslənib. Vladimir Akopyan bəyan edib.

“Prezidentlərin görüşündən bir neçə gün qalmış… Azərbaycan danışıqlarda şərtləri diktə edən tərəf kimi iştirak etdiyi illüziyası yaratmağa çalışır. Bakının hesabları Bakının hesabları primitivdir – daha öncəki sammitlərdə əldə edilən razılaşmalara əməl etmədiyinə görə cavabdehlikdən qaçmaq, ilk növbədə də Azərbaycan xalqı qarşısında”.

Erməni ekspertlərin bir ağızdan şərh etdiyini Akopyan bu sözlərlə təsdiqləyib: masada yenə də həmin Vyana gündəmidir, həqiqətdə güzəştə gedən də “Vyana razılaşmalarına” əməl etməyən Azərbaycandır.

“Vyana razılaşmaları” 2016-cı ilin mayında, təmas xəttində “4 günlük müharibə” adını almış növbəti eskalasiya başa çatandan sonra əldə edilib. Bu razılaşmanın mahiyyəti sərhəddə baş verən insidentlərin araşdırılmasına dair ATƏT mexanizminin tətbiqi və fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsinin geenişləndirilməsindən ibarət idi.

Prezidentlərin görüşünün nəticələrinə dair ekspertlərin rəyi

Politoloq Anna Karapetyan:

“Bu görüş çətin ki, danışıqlar prosesində inkişafı təmin edə bilərdi. Amma Bakının Vyana və Sankt-Peterburqda qazanılan “böyük diplomatik qələbələrin” unudulduğu haqda spekulyasiyası fonunda görüşün yekununa dair bəyanatın mətninə fikir verək. Bunun mahiyyəti ondan ibarətdir ki, həm siyasi nizamlama, həm də Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalar gündəmdə qalır. Hazırkı məqamda bunların heç birində irəliləyişin qeydə alınmaması isə başqa məsələdir”.

Siyasi şərhçi Naira Ayrumyan Ermənistanın xarici işlə nazirinin müavini Şavarş Koçaryanın hələ hazırkı görüşdən əvvəl səsləndirdiyi bəyanatına diqqət yetirməyi təklif edir.

Şavarş Koçaryan bildirib ki, hazırda danışıqlarda irəliləyiş əldə etmək imkanının mövcudluğuna dair kiçik işartı belə yoxdur və onların mövzusu yalnız etimadın bərqərar olması yönündə addımlarla bağlı ola bilər, hərçənd, belə bir gündəm Azərbaycana sərf eləmir.     

 

O, həmçinin bildirib ki, Bakı beynəlxalq təzyiq altındadır, məsələn, Avropa Şurası Parlament Assambleyası bu günlərdə Azərbaycanla bağlı iki tənqidi qətnamə qəbul edib. Bu vəziyyətdə, onun fikrincə, Azərbaycanın iki yolu var. Biri Ermənistanın və vasitəçilərin  şərtlərini qəbul etmək və etimad ab-havası yaratmaq, yəni hazırkı sərhədləri əsas götürərək danışıqlara başlamaq. Digər yol isə ümumiyyətlə prosesdən imtina etmək.

 

Amma ikinci yolu seçmək Qarabağın beynəlxalq aləm tərəfindən tanınmasına gətirib çıxara bilər, Şavarş Koçaryan deyir.

Naira Ayrumyan xarici işlər naziri müavininin bu bəyanatını çox mühüm hesab edir:

“Şarvaş Koçaryan faktiki olaraq, Sarqsyaan-Əliyev formatında danışıqların 10 illik tarixinə yağlı nöqtə qoyur… BMT tribunasından buna qədərki çıxışlarında onlar [Sarqsyan və Əliyev] nizamlanmaya yanaşmalarının tam zidd olduğunu təsdiqləyiblər: Ermənistan sülh yolu ilə öz müqəddəratını təyin etmədə israrlıdır, Azərbaycan isə güc yolu ilə ərazi bütövlüyünün bərpası haqda danışır.

Göründüyü kimi Ermənistanın mövqeyi hazırda vasitəçilərin yanaşması ilə üst-üstə düşür. Soçidəki sammitdən az əvvəl ABŞ Dövlət Departamenti gözlənilmədən Qarabaağ nizamlamasındakı prioritetlərini açıqladı və sadəcə Artsaxın minalardan təmizlənməsi, snayperlərin geri çəkilməsi, tədqiqat mexanizmlərinin yerləşdirilməsindən söz açdı. Ərazilər haqda bir kəlmə belə danışmadan”.

Lragir.am baş redaktoru Haykazn Qaqiryan:

“Geridə qalan iki onillikdə aparılan danışıqlar prosesi əslində imitasiya idi və qlobal mərkəzlər burada öz məsələlərini həll edirdilər. Bu dövr aprel müharibəsi ilə [2016-cı ildə] başa çatdı, bunun ardınca Artsaxın tanınması gəlməli idi. Proses də artıq başlayıb, hər halda Vyana gündəliyi və ABŞ dövlət katibinin bəyanatı ilə. De-yuri vəziyyətin möhkəmləndirilməsi zaman məsələsidir və bu “zamanı” doldurmaq lazımdır. İndi imitasiyanın yeni ssenariləri işlənib hazırlanır və əgər tərəflər özləri öz aralarında bununla bağlı razılığa gələ bilsəydilər, vasitəçilər də məmnun olardı”.

Lragir.am şərhçisi Akop Badalyan:

“Avropa Komissiyası, onun ardınca isə Ermənistanın XİN-i Ermənistan və Avropa İttifaqı arasında noyabrın 24-də Brüsseldə imzalanmalı olan çərçivə sazişinin paraflanmış mətnini dərc etdi. Diqqətə layiqdir ki, mətn Ermənistan və Azərbaycan prezidentlərinin görüşü haqda məlum olan gün dərc olunub.

İlk baxışdan bu iki hadisə bir-biri ilə bağlı deyil. Amma bir neçə gün əvvəl Avropa İttifaqı nümayəndələrinin Bakıda olduqlarını, Əliyevin onları əgər Aİ bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü görməzdən gələrsə və Ermənistanı açıq şəkildə dəstəkləməyə davam edərsə, rəsmən Avropa Şurasından çıxmaqla təhdid etdiyini xatırlamaqda fayda var.

Razılaşma mətni onu göstərir ki, Aİ-nin mövqeyi dəyişməz qalıb və Əliyevin təhdidi yersiz olub”.

Şuşa. Foto Olesya Vartayan

Bakıdan gələn informasiya

Azərbaycanda da Qarabağ münaqişəsilə bağlı danışıqların Cenevrə raundu ərəfəsində xüsusi gözlənti yox idi.

Ötən həftə Nazirlər Kabinetinin iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmadığını bildirib, amma qeyd edib ki, indi danışıqlar prosesi bərpa olunur. Əliyev danışıqların yenidən başlanması üçün rəsmi Bakının heç bir şərt qəbul etmədiyini vurğulayıb.

XİN mətbuat xidməti öz növbəsində bildirib ki, Ermənistan tərəfi də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar zamanı heç bir ön şərt olmadan danışıqlar masası arxasına qayıtmağa razılaşıb.

“Ermənistan beynəlxalq təzyiq nəticəsində danışıqlar masasına qayıdıb”, – görüş ərəfəsinddə Milli Məclisin deputatı Asim Mollazadə bildirib. Amma bununla belə danışıqların perspektivi ilə bağlı tərəddüdünü dilə gətirib:

“Azərbaycan sülh istəyir. Amma Ermənistan sülhə hazır deyil və heç bir ciddi addım atmaq niyyətində deyil. Ən vacib anda Ermənistan prosesi pozacaq”, – Mollazadə Trend agentliyinə deyib.

Danışıqlar başa çatandan sonra Azərbaycanın rəsmi saytlarında Cenevrədən çoxlu fotolar dərc edildi, amma danışıqların məzmunu və nəticələri haqda çox az informasiya verilib. Buna görə də Azərbaycanın əksər şərhçiləri əsasən erməni mənbələrinə istinad etməyə məcbur qalıb, qarşı tərəfin mənbələrində daha çox məlumat yayılıb.

Azərbaycan mediasında və sosial şəbəkə istifadəçilərində ən çox rezonans doğuran Ermənistan prezidenti Serj Sarqsyanın danışıqlardan dərhal sonra Cenevrədə erməni icmasının nümayəndələri ilə görüşdə dediyi sözlər olub:

“Bizim üçün yeganə mümkün həll yolu Qarabağın Azərbaycanın tərkibində olmamasıdır. Heç vaxt heç bir erməni lideri başqa bir qərar qəbul edə və həyata keçirə bilməz” – Ermənistan prezidentinin mətbuat xidməti Sarqsyanın sözlərini yayıb.

Prezidentlərin görüşünün nəticələrinə dair ekspert rəyləri

Siyasi şərhçi Tofiq Abbasov:

“2018-ci ilin martında Ermənistan parlament respublikasına keçəcək. Yəni Serj Sarqsyanın prezident səlahiyyətləri tükənmək üzrədir və buna görə də düşünmürəm ki, o, hər hansı böyük dəyişikliklərə hazırdır. Sarqsyan özü özünü çıxmaza dirəyib, ekspansiya siyasətini yenidən gözdən keçirmək intihara bərabərdir. Məhz buna görə, Sarqsyan xaricdə ildırımsaçan çıxışlar edir, vətəndə isə getdikcə daha solğun görünür”.

 Politoloq Murad Hüseynov:

“Ermənistan prezidentinin reaksiyasına baxsaq, danışıqlar uğursuz olub. Nəticə olaraq cəbhə xəttində gərginlik yarana bilər. Gərginliyin miqyası danışıqların nə dərəcədə uğursuz keçdiyindən asılı olacaq”.

Nurani, “Exo” qəzetinin xarici siyasət şöbəsinin rəhbəri:

“Serj Sarqsyan münaqişənin sülh yolu ilə həllinin mövcud olmadığını təsdiqləyib, hələlik Ermənistanda həm hakimiyyət, həm də müxalifət Qarabağ mövzusunda siyasi kapital qazanmış siyasətçilərdən ibarətdir. Sadəcə Ter-Petrosyan və onun tərəfdaşları bunu ilk dalğada edirdi, Koçaryan və Serj isə ikinci dalğada”.

Siyasi şərhçi Şahin Rzayev:

“Bu mərhələdə hər hansı ciddi irəliləyiş gözləmək sadəlövhlük olardı. Hələlik tərəflərdən heç biri  bunda maraqlı deyil. Münaqişəyə cəlb olunmuş ölkələrin rəhbərlərinin əvvəlki liderlərdən – Ter-Petrosyan və Heydər Əliyevdən fərqli olaraq siyasi iradəsi yoxdur. ABŞ, Avropa İttifaqı və Rusiya  da öz problemləri və digər münaqişələrlə məşğuldurŞ buna görə də bu münaqişənin həlli bu gün vasitəçilər üçün birinci dərəcəli məsələdir”.

Azərbaycanın sosial şəbəkələrində yetərincə döyüş ruhlu reaksiyalar yer alıb. Bir neçə xarakterik şərh:

“Nə qədər gözləmək olar? Bizi artıq ələ salırlar, xüsusən də Serjin o yekəxana bəyanatından sonra. Ləyaqətimizi itirməmək və Azərbaycanın ünvanına istehzaları və məzəmmətləri bir daha eşitməmək üçün hərbi əməliyyata başlamaq lazımdır. Heç kim də bizə kömək etməyəcək, yalnız biz özümüz güc yol ilə torpaqlarımızı qaytara bilərik, başqa yol yoxdur”.

“Ermənistan parlamentində atışma yadınızdadır? [1999-cu il okttyabrın 27-də – JAMnews] Bu, hansısa sənədin imzalanmağa hazır olduğu dövr idi. Sarqsyan ölümdən qorxur. O, bunun Ermənistanın istənilən başqa liderini gözlədiyini bilir. Bu, yetəri qədər açıq bəyanatdır. Sülh sazişinin altına imza atan istənilən şəxsi Ermənistanda öldürərlər”.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən yolverilməz sayılan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews