Onlar texniki innovasiyalar və Bakının gözəllikləri haqda danışıblar " />

Azərbaycan prezidenti robot Sofiya ilə söhbətləşib

Onlar texniki innovasiyalar və Bakının gözəllikləri haqda danışıblar

Dünyanın ən əsas möcüzələrindən biri olan robot Sofiya Azərbaycana gəlib və ölkə prezidenti İlham Əliyevlə görüşüb. Robot və prezident İmişli şəhərində söhbətləşiblər.

Sofiya Honkonqun Hanson Robotics şirkəti tərəfindən hazırlanmış insanabənzən robotdur. O, insan davranışına adaptasiya olur və onunla söhbət edə bilir. Sofiya 2015-ci ildə “doğulub” və indi bütün dünyanı dolaşaraq, müxtəlif insanlarla görüşür. Düzdür, indiyə qədər görüşdükləri arasında Vladimir Putindən başqa heç bir prezident olmamışdı.

Sofiya Bakının gözəlliklərini və ASAN xidmətini – Azərbaycanın vətəndaşlara xidmət göstərilməsi və sosial innovasialar üzrə Dövlət Agentliyi – tərifləyib. Əliyevlə məşhur robotun görüşü də bu agentliyin filiallarından birinin açılışında baş tutub.

Dövlət başçısının robotla görüşməsi faktı və onların “kübar söhbəti” bəzi sosial şəbəkə istifadəçilərini əyləndirib, bəzilərinə isə mənfi təsir göstərib:

“Buna nə deyəsən… Utanc və biabırçılıq”;

“Prezident robotlarla yox, sadə vətəndaşlarla söhbət etməlidir”;

“Sofiya Azərbaycan torpağına ayaq basan kimi yaltağa çevrildi”.

Müxalif Respublika Alternativi Partiyasının idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə Sofiyanın ölkəyə səfəri ilə bağlı skeptik münasibətini belə izah edib:

“Əgər Sofiyanın Azərbaycana səfəri, məsələn, CNN, BBC və ya Euronews-da yayımlansaydı, mən bu robotu ölkəyə gətirmək ideyasının müəllifini ayaq üstdə alqışlayardım və bu işə xərclənmiş vəsait də özünü doğrultmuş olardı. Amma iri kanallardan heç biri bununla bağlı xəbər verməyib. Sofiyanı ancaq yerli AzTV kanalında göstərmək və ona ölkənin inkişafı ilə bağlı danışmaq, yumşaq desək, absurddur. Belə çıxır ki, robotu daxili auditoriya üçün gətiriblər, amma problem ondadır ki, daxili auditoriyanın böyük hissəsi də AvTV-ə baxmır”.

Oktyabrın 27-də Sofiya Bakıda Heydər Əliyev Mərkəzində 20 dəqiqəlik məruzə ilə çıxış edəcək. Bu zaman o, Azərbaycan milli geyimində olacaq. Ümumilikdə Sofiya dörd tədbirə qatılacaq. Biletlərin qiyməti 68 manatdan 2040 manata (təxminən 40-1200 dollar) qədər dəyişir.


More on JAMnews