Hakimiyyət və hökumətyönlü media bunu “dərin islahat” kimi təqdim edir " />

Azərbaycan prezidenti ölkənin “baş senzorunu” işdən azad edib və komandasının bir neçə üzvünü dəyişib

Hakimiyyət və hökumətyönlü media bunu “dərin islahat” kimi təqdim edir

İlham Əliyev ölkədə medianın idarə edilməsində və azad sözün boğulmasında əsas fiqur kimi tanınan məmuru – Əli Həsənovu işdən azad edib. Prezident eyni zamanda öz komandasının üzvlərinin bir qismini də dəyişib.

Bütün bunlar noyabrın 29-da, cəmi bir neçə saat ərzində baş verib.

Hökumətyönlü saytlarda bildirilir ki, bu addım “islahatların dərinləşdirilməsi” məqsədilə atılıb, qalanlar isə nə baş verdiyini və prosesin nə ilə bitəcəyini anlamır.

Əli Həsənov kimdir və niyə onun gedişi çoxlarını sevindirib?

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun işdən azad edilməsi ən diqqət cəlb edən hadisə olub. Bütün digər məsələlərdən başqa mediaya nəzarət də onun səlahiyyətlərinə daxil idi. Onun zamanında Azərbaycan dünya söz azadlığı reytinqində demək olar ki dibə baş vurub (163-cü yer) və əcnəbi medianın ölkə daxilində fəaliyyətini hədsiz məhdudlaşdıran tədbirlər görülüb. Müvafiq olaraq müstəqil fəaliyyət göstərən Azərbaycan jurnalistləri Əli Həsənovu sevmirdi və bu gün onun işdən azad edilməsi ilə bağlı sevinclərini gizlətmirlər.

Bu adla bağlı bir çox mənfi hallar var. Ölkənin ictimai həyatında həddindən artıq çox problemlər uzun illər ölkə ideologiyasının başında duran bu insanın adı ilə bağlanır.

Əli Həsənovun vəzifədən kənarlaşdırılması bütün sistemin və ideologiyanın mütləq islahatları, mənasız KİV-lərin, QHT-lərin və dövlətin boynunda oturan və mənəvi mühiti pozan trollar sürüsünün şəxsində böyük tüfeyli ordusunun ləğvi deməkdir, – “Turan” informasiya agentliyi yazıb. 

Sosial şəbəkələrdə Əli Həsənov “trolların atası” adlandırılır və onun internetdəki hakimiyyəti tərifləyən və narazı insanlara hücum edən trol ordusuna rəhbərlik etdiyi nəzərdə tutulur. Odur ki, sosial şəbəkələrdə də onun işdən azad edilməsi sevinc doğurub.

Əli Həsənov (https://baku.news/)

Əli Həsənovun özü bildirib ki, artıq üç ildir xəstə olduğu üçün vəzifədən azad edilməsini prezidentdən xahiş edib. Həsənov deyib ki, indi o “yaradıcılıqla məşğul olacaq”“əliyevçi olaraq qalacaq”, yəni prezident Əliyevin siyasi kursuna sədaqətini qoruyacaq. 

Həsənovla birlikdə onun rəhbərlik etdiyi bütün şöbə ləğv edilib. Əvəzində isə siyasi partiyalar və qanunvericilik hakimiyyəti üzrə şöbə yaradılıb. Daha əvvəl ümumiyyətlə siyasətlə məşğul olmayan, teatr direktoru vəzifəsində çalışan Ədalət Vəliyev yeni şöbəyə rəhbər təyin edilib.

Köhnə administrasiyada yeni simalar

Prezident Administrasiyasının bəzi digər şöbələrinə də yeni rəhbərlər təyin olunub.

Onlardan bəziləri əvvəl başqa yüksək vəzifələri tutan, amma prezidentin komandasına daxil olmayan məmurlardır.

Məsələn, Neft Fondunun keçmiş icraçı direktoru Şahmar Mövsümov indi İqtisadi Məsələlər və İnnovasiya İnkişafı Şöbəsinin rəhbəri vəzifəsinə gətirilib.

Mahiyyət etibarilə, Prezident Administrasiyasında o qədər də əhəmiyyətli dəyişikliklər baş verməyib. Amma nə bu insanların, nə də şöbələrin adlarını daha əvvəl eşitməyən cəmiyyətə baş verən dəyişikliklər güclü təsir edib. Üstəlik əvvəl Azərbaycanda məmurlar çox nadir hallarda dəyişdirilirdi, indi isə kadr dəyişikliyi çox tez-tez baş verir, həm də hər dəfə bir neçəsi birdən.

Cəmiyyətin reaksiyası

Sosial şəbəkələrin Azərbaycan seqmenti və hətta əksər ekspertlər bu cür yerdəyişmələrə daha çox ciddiyyətlə deyil, yumorla reaksiya verməyə alışıblar. Bu dəfə də belə olub.

Hərçənd bəziləri yenə də vəziyyəti analiz etməyə çalışıb. Onlar əsasən heç bir islahat haqda söhbət getmədiyi fikrində uzlaşıblar.

Bəzi şərhlər:

“Bütün bunların islahat olduğunu düşünənləri anlamıram. Baş verənlərin insanların həyatını yaxşıya dəyişəcəyini gözləmək lazım deyil. Daha betərini gözləmək daha məntiqli olar. Ölkə və sistem elə vəziyyətdədir ki, islahatlar birinci şəxsin bütün komandası ilə birlikdə getməsindən başlamalıdır”.

“Nəsə düz getməyəndə köhnə məmurları yeniləri ilə əvəz edirlər, daha onların yerlərini dəyişib, bunun effekt verəcəyini gözləmək lazım deyil”.


More on JAMnews