“Pillə” atelyesindən olan müasir urbanistika pərəstişkarları özləri və Bakı haqqında danışır " />

Azərbaycan memarlığının gələcəyi artıq burdadır

“Pillə” atelyesindən olan müasir urbanistika pərəstişkarları özləri və Bakı haqqında danışır

Pilləkənləri sevmək

Bayıl qəsəbəsi (onun elə adı “qəsəbədir”, əslində isə Bakının mərkəzi rayonlarının birinin tərkib hissəsidir) şəhərlilərin “Bayıl dağı” adlandırdığı təpənin ətəyində salınıb. Buna görə də burada küçələr şərti olaraq şaquli və üfüqi küçələrə ayrılır, əksər şaquli küçələr də əslində sanki sizi mərhələdən mərhələyə keçirən pilləkənlərdir. Onları qalxmaq təbii ki, çox əziyyətlidir, o da olsun Bakının qızmar günəşi altında, hər atılan addım da Qolqofaya qalxmaq qədər çətindir.

Leylanın isə pilləkənlərdən xoşu gəlir. Ola bilsin, ona görə ki, o “Pillə” atelye-studiyasının gənc memardır. Və məsələ tək adda deyil, sadəcə memarların dünyaya fərqli baxışları var. Məsələn Leyla pilləkənləri “keçid” adlandırır və insanların onlara lazımi diqqət ayırmadığına təəssüflənir: “Pilləkənlə qalxıb-enərkən biz həmişə, gözucu olsa da onun detallarını sezirik, hətta bu detallar çox olanda və hansısa anda onların hər birini doğru-dürüst ayırd edə bilməyəndə belə. Məncə bu detallara daha çox diqqət yetirsək daha maraqlı olardı. Nə isə maraqlı bir şeyə diqqətini cəmləmək, bu haqda düşünmək, bundan həzz almaq”.

Həm də bu sınıq-sökük pilləkənləri hansısa yolla canlandırmaq və bəzəmək olsaydı onları qalxmaq daha xoş olardı. Bax bu işlə də “Pillə” atelyesi tərəfindən təşkil olunmuş “Urban olum” beynəlxalq memarlıq festivalının iştirakçıları məşğul olacaqlar. Festival bu gün Bayılda start götürüb və iki həftə davam edəcək.

Onlar kimdir?

«Pillə» – ənənəvi memarlıq bürosu deyil, daha çox eyni fikirdə olan insanların birliyidir. Hazırda birlikdə 8 memar var: Müslim İmranlı, Leyla Musayeva, Dilarə Oruczadə, Səbinə Abbasova, Fərid Abdulov, Aygün Budaq, Sübhan Manafzadə və Çiçək Bayramova. Bir də atelyenin meneceri Nəzakət Əzimli, memar olmasa da müasir urbanistika ilə maraqlanır və bu sahədə ikinci ali təhsil almaq fikrindədir.

Urbanistika şəhərlərin inkişafı, müxtəlif şəhər sistemlərinin bir-birilə və insanlarla qarşılıqlı təsirini öyrənən elmdir. Sırf memarlıq çərçivələrindən çıxıb, urbanistika ilə sözün geniş mənasında məşğul olmaq “Pillə” üzvlərinin əsas məqsədlərindən biridir, onlar şəhər haqqında danışanda, kimi istəsəz inandıra bilərlər ki, evlər və küçələr canlıdır və bizim taleyimizdə düşündüyümüzdən daha böyük rol oynayırlar.

“Pillə”nin dörd üzvü Azərbaycan Memarlıq və İnşaat Universitetində bir yerdə təhsil alıb. Halbuki onların öz sözlərinə görə, bunu şərti olaraq təhsil adlandırmaq olar.

“Bizim universitetdə, bir neçə fənni çıxmaq şərtilə (məsələn restavrasiya və incəsənət tarixi) tələbələrə əsasən elə şeylər öyrədirdilər ki, onlar ya heç işləmir, ya da çox köhnəlib, öyrətməkdə də davam edirlər. Əsas bilikləri təcrübədə, xaricdə, kitablardan, xarici mütəxəssislərin treninqlərində öyrənmişik və öyrənirik”.

Universitetdə tanış olub dostlaşandan sonra isə gənclər vaxt ötdükcə az qala, bir ailəyə çevrildilər. Həm də hərfi mənada, çünki Fəridlə Səbinə bu yaxınlarda evləniblər. O vaxta isə, yəni bu böyüyən qrup onların toyunda əl qaldırıb oynayana qədər hələ bir neçə il qalmışdı. Onda bakalavr dərəcəsi alan gənclərdən üçü magistraturada təhsil almaq üçün xaricə üz tutdu və bir daha iki il sonra görüşdülər. Bir gün də şəhərkənarı gəzintisindən sonra gecə avtobusda evə qayıdanda söhbət zamanı gənclər öz atelyelərini yaratmaq fikrinə düşürlər.

“Biz atelyemizi “Pillə” adlandırmaq qərarını verdik, çünki bir tərəfdən, pillə memarlıq elementidir, digər tərəfdən də yuxarıya tədrici hərəkətin simvoludur. Amma burada söhbət təkcə bayağı “uğura aparan pilləkən”dən getmir. Bəzən bu qalxma, yəni prosesin özü zirvənin başında olmaqdan daha vacibdir”.

Onlar nə işlə məşğuldurlar?

“Pillə” özünün ilk “Bakının yaradılması tarixi” adlı layihəsini özü üçün reallaşdırmışdı. Onun köməyilə gənclər şəhər haqqında onları hələ tələbəlik illərindən narahat edən biliklərindəki boşluqları doldurmaq qərarına gəldilər.

Daha bir “təəssüf doğuran məqam” “həmfikirlilərin” azlığı idi –gənclər üçün workshop keçirmək ideyası da bu cür yarandı. “Pillə” komandası urbanistika haqqında mühazirələr oxumağa başladı və ən qabiliyyətli dinləyicilər də sonda həmin komandaya qoşuldular.

“Pillə”nin işinin əyani sübutu kimi isə workshop vaxtı tələbələrlə birlikdə işlənib hazırlanmış yemək satmaq üçün qatlanan çox funksiyalı “UrbanFurnitureWorkshop” modulu layihəsini göstərmək olar.

Təqdimat əyani şəkildə göstərir ki, müasir Bakının küçələri özlərinin ənənəvi koloritini itirərək, ancaq tranzit funksiyasını yerinə yetirirlər. Layihənin məqsədi küçələri sosial həyata “cəlb etmək”, əsilliyini qaytarmaq və kiçik biznesi dəstəkləməkdir.

“Bu yaxınlara qədər Bakının mərkəzində səyyar yemək satışı – arabalardan, səyyar manqallardan və s. satış qadağan edilmişdi. Halbuki bu kiçik detal şəhəri əməlli-başlı canlandırır, cazibəsini artırır və bir qayda olaraq, şəhərlilər və turistlərin ürəyincə olur. Məsələn, İstanbulun küçələrində məşhur qızardılmış şabalıdları xatırlayaq”.

Bakıda layihənin təqdimat mərasimindən bir neçə ay sonra “səyyar yemək” qadağası ləğv edilir və “Pillə” bunu öz xidməti kimi qəbul etməsə də bunda müəyyən simvolik əlaqə görməkdən də özünü saxlaya bilmir.

Pillə və Bakı

Leyla:

Demək olmaz ki, şəhərin hər hansı konkret hissəsini qalanlarından daha çox sevirəm. Mənim daha çox onların birlikdə mövcudluğundan, hamısının uyğunlaşmasından xoşum gəlir. Şəhərin bir hissəsinin ab-havasından digərinə keçmək imkanı mənə çox maraqlı görünür.

Çiçək:

Uzun illər Tatarıstanda yaşamışam və Bakıya hardasa bir il əvvəl qayıtdım. Assimilyasiya o qədər də asan keçmədi və çox vaxt hamıdan təcrid olunmaq, təkbaşına, sakitlikdə qalmaq istəyirdim. Bunun üçün də ən münasib yer İçərişəhəriydi, çünki bura şəhərin mərkəzində yerləşsə başqa yerlərdən təcrid olunmuş şəkildə mövcuddur. Orada həyat, ab-hava fərqlidir. Orada tarixin ruhu hiss olunur, “böyük” Bakıda bu, demək olar ki, yoxdur. İçərişəhərdə üç sevdiyim yer varıydı: biri şəxsi həyat haqqında düşüncələr, ikinci problemlər haqqında fikirlər, üçüncü ilham almaq və planlar qurmaq üçün.

Müslim:

Ürəyimə daha yaxın olan yerlər mərkəzdən uzaqda yerləşir – böyüdüyüm Sabunçu qəsəbəsində. Orada, xəstəxananın girişi ilə üzbəüz kitabxana var. Yerləşdiyi bina əvvəllər, sovet dövründə 1934-cü ildə dağıdılan böyük pravoslav kilsəsinin bir hissəsi olub. Kiçik ölçülərinə və yöndəmsiz xarici görünüşünə baxmayaraq, içində çox xoş bir ab-hava var. Məhz orada, 7-ci sinifdə mənim əlimə tozlu sovet “Memarlıq” kitabı keçir, bu, mənim memarlıq dünyası ilə ilk tanışlığım idi.

Aygün:

Bakıya 5 yaşımda köçmüşəm, həmin vaxtdan da şəhərin kənarında, “səkkizinci kilometr bazarı” deyilən yerin yaxınlığında yaşayıram. Bu, demək olar ki, əfsanəvi bir yerdir. Çoxlarının oradan xoşu gəlmir, mənə isə çox rəngarəng, maraqlı və özgürlüyü olan bir yer kimi görünürdü. Bu, yerin öz cazibəsi var, istəyirəm ki, onu həmişəlik saxlasın və “bozarmasın”. Halbuki, son zamanlar bu, baş verir.

Nəzakət:

“Zavaqzalnı” rayonundan çox xoşum gəlir. Dəmir yolu vağzalından yuxarı qalxanda səni hər tərəfdən öz koloritini saxlayan köhnə həyətlər əhatə edir. Orada həm də Müqəddəs Məryəm Kilsəsi var. Xüsusən də bu rayonda yazda, bütün həyətlərdə güllər açanda gəzməyi sevirəm.

Fərid:

Düzünü deyim, Bakıdan xoşum gəlmir. Daha kompakt şəhərləri, yaşıllıqla qumun\daşın proporsional nisbətini sevirəm. Misal üçün, Maltada oldum və artıq bir neçə gün sonra oradan bezdim, çünki orada demək olar ki, yaşıllıq yoxuydu və həddən artıq çox qum varıydı. Amma misal üçün, İzmir ürəyimcədir, halbuki o da kiçik deyil, amma orada miqyasa fikir verirlər, mərtəbəlik nəzarəti var. Əsası da odur ki, şəhərin özü çox fərqli, rəngarəngdir, maraqlı coğrafi yerləşməsi var, yarım saata meşəyə, dağa və kənd ərazisinə keçmək olar. Bakı isə daha çox səhralıqdır. Əlbəttə, bunun da öz romantikası və poeziyası var, amma bu, mənə yaxın deyil.

Səbinə:

Sayı getdikcə azalan azmərtəbəli məhəllələri olan “səmimi” Bakını çox sevirəm. Bunun qaçılmaz olduğunu anlayıram, əhali artır, ərazini genişləndirmək iqtisadiyyata zərər yetirmək deməkdir və çıxış yolu kimi, azmərtəbəli binaları söküb, mərtəbələrin sayını artırmaq lazımdır. Bütün bunlar normaldır, amma bir şərtlə ki, həmin hündür mərtəbəli binalar və ictimai binalar düzgün, ictimai məkanların nəzərə alınması ilə tikilsin.

15 il yaşadığım Dərnəgül rayonundan çox xoşum gəlir – həddən artıq mütəşəkkil, öz ab-havası olan və artıq təhlükəsiz olan rayondur. Mərkəzi İstiqlaliyyət küçəsindən xoşum gəlir, çox xoş, zərif, gözəl, amma təmtəraqlı olmayan küçədir. Hazırda oranın iki addımlığında yaşayıram, buna çox şadam və bu küçə ilə tez-tez gəzməyə çalışıram.

Bu yaxınlarda “Pillə” atelyesinin öz “mənzil-qərargahı” da oldu və indi bu və ya digər şəkildə urbanistika ilə məşğul olan gənclər onlara qonaq gedə və başqa insanlara az aydın olan mövzularda sonsuza qədər söhbətlər apara bilər. Yəqin təsadüfi deyil ki, atelye xalq arasında “40 pillə” [daha bir dənə çox uzun pilləkən] adlanan yerin yaxınlığında yerləşir.

Eyvanda duraraq, qarşı tərəfdə ucalan çoxmərtəbəli binanın nümunəsində eksperimental sovet tikililərin müsbət və mənfi tərəflərini müzakirə etmək olar. Axşamlar işığı söndürüb, taxta altlıqlardan divanlara sarılan qirlyandaları yandırmaq olar. Boş vaxtında isə şəhərin hamı tərəfindən unudulan hansısa rayonuna gəzməyə getmək, onu “tədqiq etmək”, mütləq maraqlı nəyəsə: çox gözəl yeməkləri olan bapbalaca, çox köhnə kababxanaya, qeyri-adi binaya və ya divarda orijinal qraffitiyə rast gəlmək olar. Bu yaxınlarda onların bəziləri üçün bu gəzintilər artıq peşəyə də çevrilib – gid kurslarını keçən Fərid, Müslim və Leyla Bakı, Abşeron və ölkənin digər rayonlarında ekskursiyalar keçirir.

“Biz turistlərə standart olmayan, bələdçi kitabçalarından oxumayacaqları nələrisə göstərməyə və bu haqda danışmağa çalışırıq. Misal üçün, şəhərin həyatı haqqında onun mərkəzindən daha çox deyən Bakının köhnə italyan məhəlləsini. Hətta Qız qalası kimi yerlərdən danışarkən belə şablon mətni tez-tələsik oxumaq əvəzinə, fərqli bir yanaşma da tapmaq olar. Belə turistlərə də, elə bizim özümüzə də daha maraqlıdır”.

 


More on JAMnews