Müzakirə davam edir. Tərəflərin mövqeyi barədə daha ətraflı " />

Azərbaycan əsirlərin dəyişdirilməsini təklif edir, Ermənistan tərəddüd içindədir

Müzakirə davam edir. Tərəflərin mövqeyi barədə daha ətraflı

Azərbaycan Ermənistana dörd əsirin dəyişdirilməsini təklif edib – hər tərəfdən iki əsir olmaqla. Hələlik cavab yoxdur, lakin çox güman ki, erməni tərəfi təklifi rədd edəcək. Əsas səbəb isə odur ki, bu adamların əsir düşməsi ilə bağlı rəsmi Bakı və Yerevan qarşılıqlı zidd versiyalar irəli sürürlər.

Belə ki, azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Qarabağda ömürlük və 22 il azadlıqdan məhrumetmə cəzasına qətl törətməkdə, casusluqda və oğurluqda ittiham edilməklə məhkum ediliblər, Azərbaycanda isə hesab edirlər ki, onlar Ermənistanın nəzarəti altında olan əraziyə əcdadlarının qəbirlərini ziyarət etmək üçün gediblər.

Və tam əksinə, Karen Kazaryan (Azərbaycanda 20 il müddətinə həbs cəzasına məhkum olunub) Azərbaycanda diversant hesab olunur, Ermənistanda isə onu psixi cəhətdən xəstə adam adlandırırlar. O ki qaldı gənc hərbçi Araik Kazaryana, Azərbaycan tərəfi bildirir ki, o, qeyri-insani davranış üzündən hərbi hissəni könüllü şəkildə tərk edib, Ermənistanın fikrincə isə, gənc oğlan azıb.

• Ermənistanda yeni hökumət – Azərbaycanla sülh üçün perspektivlər varmı?

• Şərh: Rusiya-Azərbaycan münasibətlərində “bal ayı”

• Qarabağda “aprel müharibəsi”ndən üç il keçir. O, nəyi dəyişib? Bakıda və Yerevanda ekspertlər

Yerevandan məlumat

Ermənistan tərəfi daha öncə Bakının əsirlərin və digər saxlanılmış şəxslərin “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifini rədd etmişdi.

Bundan əlavə, bir neçə ay əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, “Azərbaycan tərəfindən gəlmiş şəxslər qətllər törədiblərsə, dəyişdirilmə ola bilməz”.

• Azərbaycan, Ermənistan və Gürcüstan 100 il əvvəl azad olduqları zaman nə ediblər?

Lakin Ermənistanın müdafiə naziri dəyişdirilmə ehtimalını istisna etmir. David Tonoyan sentyabrın 20-də Ermənistan və Azərbaycan vətəndaşlarının dəyişdirilməsi məsələsini şərh edib:

«Mən dünən Qırmızı Xaç komitəsinin Ermənistan nümayəndəsi ilə görüşmüşəm. Azərbaycanın təklifi mənə rəsmi olaraq çatdırılıb. Müzakirələrin bəzi təfərrüatları var ki, mən indi onları açıqlaya bilmərəm… Biz Azərbaycan tərəfindən dəqiqləşdirilmiş məlumat alandan sonra reaksiya verəcəyik…

Prinsipial olaraq, biz Ermənistan vətəndaşlarının evlərinə qayıtmasına qarşı deyilik və bu prosesə dəstək verəcəyik. Bu, sırf humanitar hərəkətlərdir», — Tonoyan deyib.

Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib:

«Məsələnin incəliyini nəzərə alaraq, qərar qəbul etməyə yaxın olduğumuz vaxt mövqeyimizi açıq bildirəcəyik».

Bakıdan məlumat

Azərbaycanın hərbi əsirlərin, girovların və itkin düşmüş şəxslərin işləri üzrə dövlət komissiyası bir daha xatırladır ki, Azərbaycan “hamının hamıya” prinsipi üzrə dəyişdirilmə məsələsinin üzərində durur. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Karen Kazaryana və Araik Kazaryana dəyişdirilməsinə hazır olması barədə Azərbaycan sentyabrın 11-də bəyanat verib. Dəyişdirilmənin mümkün olmaması barədə Nikol Paşinyanın bəyanatını şərh edərkən Azərbaycandakı girovların və hərbi əsirlərin dəyişdirilməsi üzrə məlumat mərkəzinin koordinatoru Əhməd Şahidov deyib:

«Hazırda ölkədə mövcud olan gərgin vəziyyəti nəzərə alaraq, Paşinyan əsirlər və girovlar məsələsinə görə yekun qərar qəbul edə bilmir. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi öz qərarında qətidir və geri çəkilmək fikrində deyil».

Bununla birlikdə, qarşıdan gələn il ərzində Avropa məhkəməsi Quliyev və Əsgərovun işi üzrə qərar qəbul etməlidir. İddiaçılar əsirlərin qohumlarıdır və onlar şikayətlərində yazışmanın mümkün olmamasından, qohumlarının qanunsuz olaraq ittiham edilmələrindən şikayətlənirlər, belə ki, beynəlxalq hüquq Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırsa, Xankəndi (Stepanakert) məhkəməsinin qərarları da hüquqi qüvvəyə malik deyil.

Stepanakertdən məlumat

Dağlıq Qarabağ prezidentinin mətbuat katibi David Babayan Azərbaycan tərəfinin təklifini absurd adlandırıb və iddia edir ki, ermənistanlı əsirlər pis heç nə etməyiblər, azərbaycanlı əsirlər isə cinayətkardırlar.

Azərbaycan tərəfinin təklifinə cavabın ehtiyatlı olmasını Stepanakertdə bununla izah edirlər ki, dəyişdirilmə üçün təklif olunan vətəndaşların statuslarının “uyğun olmaması” arzuolunmaz nəticələrə gətirib çıxara bilər:

«İstisna etmək olmaz ki, terrorçuların geri qayıtmasına nail olmaq üçün [azərbaycanlılar] erməni girovların, o cümlədən xaricdə oğurlanmasına gedə bilərlər. Bu cür tendensiyalara qarşı hərəkətlər dövlət strukturlarının, təşkilatların və tərəfdaş ölkələrin daha da əlaqəli şəkildə qərarlar qəbul etməsini tələb edir», — Dağlıq Qarabağ prezidentinin mətbuat katibi bildirib.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafinda silahlı münaqişə 1991-1994-cü illərdə davam edib. Atəşkəs razılığı əldə olunandan sonra Dağlıq Qarabağ de fakto müstəqil respublika kimi mövüdlüğünü bəyan edir, lakin Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmayıb.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews