Azərbaycanda pensiyalar: dörd şüşə çaxır, yoxsa kartofla soğan? " />

Ayağın sınması ölümə bərabər olanda

Azərbaycanda pensiyalar: dörd şüşə çaxır, yoxsa kartofla soğan?

Azərbaycanda orta aylıq pensiya ilə dolanmaq mümkün deyil. Xüsusən də manatın devalvasiyasından sonra. Uşaqlarınız sizi dolandırmırsa, qocalıqda möhkəm sağlamlığınız olmalıdır, axı dərmana pulunuz çatmayacaq.

Məscidin arxasındakı dalan

Bakının demək olar ki, mərkəzində yerləşən Təzə Pir məscidindən xarabalıqların arası ilə gedən yol dar dalanlara doğru aparır. Burada sanki ötən əsrlərdən bəri heç nə dəyişməyib – yarı dağılmış evlər elə bil qocaların ömürlərinin son illərini başa vurması üçün nəzərdə tutulub. Bəzi yerlərdə müasir plastik pəncərələr də gözə dəyir, ipdənkən uşaq paltarı asılıb – burada gənc ailələr də yaşayır. Heç kim bu mənzilləri satmaq və ya təmir etdirmək fikrində deyil, çünki bu gün-sabah evlərin söküləcəyini gözləyirlər.

78 yaşlı Tamara Məmmədovanın evi dalanda birincidir. Deyir ki, əvvəllər yay vaxtı giriş qapısı açıq olanda qapının yanından ötüb keçən hər kəs mütləq salamlaşır, hal-əhval tuturdu, qonşular da gün ərzində bir neçə dəfə baş çəkirdi. Qonşular onu “Tamara xala deyə çağırırdılar. Vaxt keçdi, köhnə rəfiqələri dünyasını dəyişdi, cavanlar ailə qurdu, öz qayğıları yarandı, dünənin qız uşaqları artıq öz qızlarının cehizi barədə düşünməyə başladı, artıq qocalmış qonşu qadın yadlarına düşmür.

Rəngi bozarmış giriş qapısı bapbalaca həyətə açılır, oradan da yol üç otaqdan – geniş mətbəx, pəncərələrin olmaması səbəbindən qaranlıq olan yataq, divan və televizoru olan qonaq otağından ibarət balaca mənzilə aparır . “Evin balaca olmasına baxma, vaxt varıydı, burada az qala on adama gecələməyə yer salırdıq, – Tamara xala qürurla deyir.

Süfrənin üstünə sulu bozbaş və ev turşusu qoyaraq, danışır: “Ətsiz yaşaya bilmirəm. Həm də şəkərim yüksəkdir, vaxtında yeməsəm, halım pisləşir. Ətsiz də doymuram. Bizdə uşaqlıqdan belədir, kasıb yaşasaq da süfrədə həmişə ətli yeməyimiz olub.

Tamara xala çox tez, 14 yaşından işləməyə başlayıb. “Bakıya Ağdaşdan 1952-ci ildə gəlmişik. Atam elə də şəhər həyatına alışa bilmədi, bir il sonra rəhmətə getdi. O vaxt mənim 14, qardaşımın da 12 yaşı vardı. Qardaşım məktəbdə yaxşı oxuyurdu, mən oxuya bilmirdim. Buna görə də ailəyə kömək etmək üçün işə düzəldim.

Qız fabrikdə dərziliyə başlayır və 42 il burada çalışır. Həyat dolu və enerjili bu qız işin öhdəsindən asanlıqla gəlir. “Yaxşı işlədiyimə görə namizədliyimi rayonumuzdan deputatlığa irəli sürdülər! – o danışır. Pensiyaya çıxanda isə hətta “Əmək veteranı ordeninə layiq görülür.

“Heç xatırlamıram, əvvəl pensiyam nə qədər idi. Əclaf müdirim işdən çıxmaqla bağlı ərizəmi özü yazdı, axı mən savadsızın başı çıxmır belə şeylərdən. Özüm mühasibata gedib danışmalıydım ki, stajımı yazsınlar, qırx iki il stajım var axı, yaxşı da pensiya almalıydım. Yaxşı ki, ərim qazanırdı. İndi də düşünürəm ki, gedib araşdırmaq lazımdır, bəlkə artırdılar təqaüdümü?.

Görünür, məsələ ondandır ki, pensiya kəsilərkən maaşın həcmi düz göstərilməyib, buna görə də pensiya gərəyindən azdır. Nəticədə Tamara xala ailə başçısını itirməyə görə müavinətlə birlikdə 202 manat (120 dollar) alır.

Tamara xala artıq yaşlı vaxtında müəllim, Vətən Müharibəsi veteranı ilə ailə qurur. O, 2003-cü ildə dünyasını dəyişib. “Mənə deyərdi: “Qorxma, balası, öləndən sonra da sənə xeyrim dəyəcək, – Tamara xala danışır.

İldə bir dəfə Qələbə günü ona müharibə veteranının dul xanımı kimi mükafat düşür – gah 200, gah da 300 manat alır, bu il hətta 500 manat (300 dollara yaxın) veriblər. Amma bu pulu xərcləməyə tələsmir, “qara günə, gözlənilməz təcili xərclərə saxlayır: “Bu yaxınlarda kranı dəyişməli oldum, səkkiz manat ($5) xərclədim.

Tamara xalanın büdcəsi

Pensiya ilə necə dolanır sualına: “Bir təhər dolanıram, – cavabını verir. Yaxşı ki, ayda bir-iki dəfə qohumları da kömək edir, ərzaq, ət gətirirlər. İşığa qənaət etmək üçün elektrik qızdırıcısını yandırmır, evi qazla isidir. Elektrik enerjisini isə lap soyuq havalar üçün “saxlayır – köhnə evlərdə isitmə sistemi yerli-dibli yoxdur.

“Qışda heç olmasa isti geyinə bilirsən, yayda isə kondisioner qurmalı oluram, axırda da düz 20 manat ($12) yandırdım! – Tamara xala narazılıqla deyir.

Son illərdə gözləri pis görür, qulağı pis eşidir, ayaqları ağrıyır və şişir, buna görə də demək olar ki, evdən çölə çıxmır.

Ərzağı da dalanın girişindəki qarajda yerləşən kiçik mağazadan alır, burada qiymətlər də sərfəlidir: “Əvvəllər bazara gedib, hər şeyi ucuz qiymətə ala bilirdim, indi iki addım da ata bilmirəm. Paltara demək olar ki, pul xərcləmir, köhnə paltarları var, “həm də hara çıxıram ki?.

Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaşdır. Bu, 2010-cu ildə müəyyən olunub. Həmin vaxta qədər pensiya yaşı müvafiq olaraq 62 və 57 yaş idi. Müalicə zamanı onlar üçün heç bir imtiyaz nəzərdə tutulmur.

Azərbaycanda rəsmi olaraq səhiyyə pulsuz olsa da, istənilən dövlət poliklinikasında qeyri-rəsmi “ödəniş sistemi mövcuddur: öz xidmətlərinə görə pul istəməyən həkimə istisna hallarda rast gəlmək olur.

Tamara xala üçün ən çox xərcə hər ay ikinci tip şəkər diabetindən əziyyət çəkən xəstələr üçün olan “Diabeton preparatını alarkən düşür.

Gününü televizora baxmaqla keçirir; əvvəllər seriallara və kulinariya verilişlərinə baxdığı türk kanalları vardı, indi analoq televiziyası ləğv olunandan sonra ancaq yerli kanallara baxmaq imkanı var. Kabel televiziyası da çəkmək olardı, amma hər ay daha 10 manat ($6) ödəmək lazımdır.

Güclü yağışlar yağan zaman evin tavanı dammağa başlayıb. “Dam o dərəcədə çürüyüb ki, ora qalxmaq da təhlükəlidir, dağıla bilər, – Tamara xala deyir. – Beləcə bütün gecəni ləyənlə ora-bura qaçıram, ağlaya-ağlaya qaçıram. Bu xarabanı nə vaxt sökəcəklərini gözləyirəm.

Fırıldaqçılar

72 yaşlı Emiliya Rəhimova düz 40 il uşaq poliklinikasında şöbə müdiri işləyib.

2011-ci ildə 65 yaşından yuxarı bütün dövlət qulluqçularının məcburi şəkildə işdən azad edilməsi haqda fərman veriləndə Emiliya xanımın 67 yaşı vardı, buna görə də pensiyaya çıxmalı oldu.

“O vaxt pensiyam 165 manat ($98) alındı. Düz bir neçə dəfə eyham vurdular ki, kiməsə hörmət edib, pensiyanı artırmaq olar. Bəzi tanışlarım elə belə də etdi. İndi 220 manat ($130) alıram.

220 manat düz 40 il həkim işləyən adam üçün nəinki azdır, hətta təhqirdir. Bu zaman, misal üçün, prokurorların maaşı bir neçə dəfə artıqdır, çünki onlar guya dövlət qulluqçularıdır. Bəs həkim dövlət qulluqçusu deyil?.

Azərbaycanda pensiya məbləğinin hesablanması sistemi bir neçə dəfə dəyişib, buna görə də kimin nə qədər pensiya almasında hər hansı məntiqi tutmaq çətindir. Pensiyaları da (onların baza hissəsini)bir neçə dəfə qaldırıblar, amma heç vaxt bu, əhəmiyyətli artım olmayıb, əksər yaşlıların pensiyasına ancaq bir neçə manat əlavə olunub.

Məbləğə pensiyaya çıxma vaxtı da təsir edir: 2006-cı ildə sistemi növbəti dəfə dəyişdilər və pensiya fondu üçün nəzərdə tutulan köçürmələr “karta, yəni hər bir rəsmi şəkildə işə götürülən işçinin xüsusi hesabına daxil edilməyə başladı. Adam pensiyaya çıxandan sonra hesabda yığılan məbləğ 144-ə bölünür (hesab olunur ki, bu, təqaüdçünün orta dövrüdür) və baza hissəsinə əlavə olunur.

2006-cı ilə qədər pensiyaya çıxanların təqaüdü əvvəlki kimi qalır, yəni köhnə metodika ilə hesablanır. Bir müddət pensiya üçün baza olaraq axırıncı iki iş ili götürülürdü, ondan əvvəl də “baza plyus müəyyən əmsala vurulmuş staj sistemi mövcud olub.

Gülnarə Əfəndiyeva, mühasib: “Pensiya Fondundan təqaüdlərin necə hesablanmasını xəbər almışdım, dedilər ki: “Bu, çox çətindir, sən baş çıxarmayacaqsan, əmsallar fərqlidir.

Hesablama sisteminin belə qeyri-müəyyənliyi xüsusən də müstəqilliyin ilk illərində pensiya fondu işçilərinə imkan verirdi ki, adamlardan rüşvət almaqla pensiyaya hansısa məbləği “əlavə etsinlər. Qanunla ancaq minimal pensiya almalı olan evdar xanımdan bu sözləri eşitmək olardı: “Nə olsun ki, qırx il işləmisən, əlli dollar verəcəm, mənə də o qədər staj yazacaqlar.

Gülnarə xanımın sözlərinə görə isə, rüşvətxorlar çox güman ki, insanların onlara nə qədər pensiya düşdüyünü bilməməsindən istifadə edərək, yalandan özlərini nəsə qeyri-qanuni bir əməl edən kimi aparırdılar.

Hazırda Dövlət Sosial Müdafiə Fondunun saytında “pensiya kalkulyatoru var və indi, 2006-cı ildən sonra pensiyaya çıxanlar üçün bu, böyük köməkdir. Onlar üçün yeni sistemin sayəsində pensiyalar bir qədər  yüksək olacaq

Kalkulyator fəxri adlara, mükafatlara və s. görə əlavə olunan məbləği nəzərdə tutmur, yəni burada ancaq öz “minimumunu” görmək olur.

Özünüz öz qeydinizə qalın

Sevda Əfəndiyeva reklam agentliyində ofis-menecer işləyir. Artıq 9 ildir ki, faktiki olaraq işləsə də rəsmən heç yerdə qeydiyyata alınmayıb, xırda biznes sahibkarlarının əksər vaxtlarda gəlir vergisi və sosial ayrılmalar ödəmək imkanı olmur. Nəticədə də özəl müəssisə işçiləri qocalandan sonra ümumiyyətlə dövlətin dəstəyinə ümid edə bilmirlər.

“Evdə rəsmi stajım olmadığına görə məni öldürməyə hazırdırlar. Mənsə düşünürəm ki, onsuz məni uşaqlarım saxlayacaq, kimə lazımdı bu 200 manat ($120) pensiya? Ondansa çoxlu uşaq dünyaya gətirərəm. Ya da özüm özümə hesab açaram, xarici bankda olsa daha əla olar və qocalığımda özüm öz qeydimə qalaram.

Sevda deyir ki, pensiyayla bağlı ümidlər Sovet İttifaqından qalıb: “İnsanlarımız dövlətdən müftə gözləməyə öyrəşib, nəticədə də ömrünün 50 ilini qəpik-quruşa xərcləyirlər. Əvvəllər sadəcə başqa variant olmayıb, indi isə var.

Rəqəmlər

Rəsmi məlumata görə, Azərbaycanda orta pensiya həddi 177 manatdır ($105). Minimal, həm də işləməyənlər üçün pensiya 110 manatdır ($65).

Yuxarı hədd – Azərbaycanın milli qəhrəmanlarının aldığı prezident təqaüdü – bu yaxınlada artırılandan sonra 1300 manat ($770) təşkil etdi (əvvəl 1000 manat idi).

30 illik iş stajının 14 ilini ağır şəraitdə işləyən geoloq 300 manat ($178) alır.

Ali məktəbdə 32 illik stajı olan kafedra müdirinin pensiyası 470 manatdır ($280).

37 il stajı olan xalçaçılıq sexinin işçisi 155 manat ($90) alır.

Kimyaçı, kiçik elmi işçi, 30 il staj – 340 manat ($200).

Azərbaycanda 2016-cı il üzrə yaşayış minimumu 136 manatdır ($80). Manatın məzənnəsinin düşməsi ilə bu məbləğ “öldü – əvvəllər bu pula ancaq ərzaq almaq mümkün idi, indi isə 136 manata, ya da orta pensiya sayılan 177 manata kommunal xərcləri ödəyəndən sonra ancaq çörək, kartof və soğan almaq mümkündür.

Müqayisə üçün deyək ki, Bakı-Tbilisi qatarına ən ucuz biletin qiyməti 50 manatdır, dövlət poliklinikasında fizioterapiya kursu 40 manat, yenicə başlayan kariyesli dişin müalicəsi 40 manat, bir kilo ət 10 manat, istənilən ayaqqabı 40 manatdan yuxarıdır. 177 manata 28 gün ən ucuz kafedə nahar etmək olar (kommunal xərclərə də pul qalacaq), ya da 4 butulka keyfiyyətli çaxır almaq olar. Səyahət, yeni mebel, qəşəng paltar – bütün bunlar təqaüdçülər üçün əlçatmazdır.

Normal qocalığı ancaq prezident təqaüdü təmin edə bilər. Hətta siz elmi işçisizsə və 400 manatlıq ($237) maaşınıza özünüzə paltar ala və gündə ət yeyə bilirsizsə, kənardan dəstək olmadan sizin üçün ağciyərlərin iltihabı və ya omba sümüyünün sınması ölümə bərabər ola bilər.

Dərc olunub 14.11.2016


More on JAMnews