Bütün təfərrüatları təqdim edirik: bu hadisələr arasında hansı əlaqə mövcuddur, kim kimə və necə cavab verir, bu barədə Yerevanda və Bakıda ekspertlər nə düşünür" />

ATƏT MQ həmsədlərinin bəyanatı, Azərbaycanda irimiqyaslı hərbi təlimlər və Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik şuralarının birgə iclası

Bütün təfərrüatları təqdim edirik: bu hadisələr arasında hansı əlaqə mövcuddur, kim kimə və necə cavab verir, bu barədə Yerevanda və Bakıda ekspertlər nə düşünür

Ermənistandan məlumat

Qarabağda təhlükəsizlik şuralarının birgə iclası

İlk dəfə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası Dağlıq Qarabağda keçirilib. Özü də Qarabağın təhlükəsizlik şurası ilə birgə baş tutub. Ermənistan hakimiyyəti bu qərarın səbəblərini şərh etmir.

Lakin Ermənistanın bütün KİV-ləri və ekspertləri qeyd ediblər ki, Ermənistan Təhlükəsizlik Şurasının iclası Azərbaycandakı irimiqyaslı hərbi təlimlərin fonunda baş tutub. Ermənistanda bir çoxları belə güman edir ki, bununla rəsmi Yerevan Bakıya cavab verib. Ermənistan XİN və ölkənin Müdafiə Nazirliyi artıq bəyan ediblər ki, təlimlərin məqsədi Paşinyan-Əliyev görüşü ərəfəsində Ermənistana təzyiq etməkdir.

Paşinyanla Əliyevin görüşü

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında gələcək görüş barədə ATƏT MQ-nin həmsədrlərinin bəyanatından məlum olub. Bəyanat Yerevana və Bakıya fevral səfərlərinin yekunları üzrə ATƏT-in saytında dərc olunub.

“Liderlər Minsk qrupu həmsədrlərinin yaxın zamanlarda onların himayədarlığı altında görüşmək təklifini qəbul ediblər”, – bəyanatda deyilir.

Nikol Paşinyanla İlham Əliyevin görüşü mahiyyət etibarilə dövlət başçıları səviyyəsində Ermnistan və Azərbaycan arasında danışıqlar prosesinin bərpası olacaq. Bu, onların bilavasitə həmsədrlər tərəfindən təşkil edilmiş ilk görüşü olacaq.

Buna qədər ölkə liderləri bir neçə dəfə qeyri-rəsmi görüş keçiriblər və bu görüşlərdə danışıqlar prosesinin sonrakı gedişatı müzakirə olunub.

Həmin görüşlərdən birində Əliyev və Paşinyan hətta təmas xəttində gərginliyin azaldılması və operativ rabitənin qurulması haqqında razılığa gələ bilmişdilər. Həmsədrlər də təmas xəttində qurbanların olmamasını və regionda əhalinin sülhə hazırlanması haqqında aparılan müzakirələri müsbət qiymətləndirirlər. 

ATƏT-in Minsk qrupunun bəyanatında daha nə deyilir?

Bəyanat Ermənistanda kəskin reaksiyaya səbəb olub, belə ki, mətndə Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasından bəhs edilir.

Münaqişənin ədalətli və uzunmüddətli tənzimlənməsi haqqında danışarkən, həmsədrlər aşağıdakı əsas prinsipləri qeyd ediblər:

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentlərinin təklif etdikləri əlavə elementləri özündə ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması, Dağlıq Qarabağda təhlükəsizliyin və özünüidarəetmənin təmin olunması şərtilə müvəqqəti statusun müəyyənləşdirilməsi, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin təmin olunması, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi”, – bəyanatda deyilir.

Bundan əlavə, həmsədrlər digər tərəfin razılığı olmadan birtərəfli qaydada danışıqların formatının dəyişdirilməsi tələblərindən çəkinməyə çağırıblar. Söhbət Ermənistanln baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar masası arxasına qayıtmasında inad etdiyi bəyanatından gedir. 

Ermənistan baş nazirinin bəyanatı

Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik şuralarının birgə iclasında həmsədrlərin bəyanatına cavab olaraq Nikol Paşinyan öz yanaşmasının dəyişməz olduğunu təsdiq edib:

“Biz ATƏT MQ-nin həmsədr ölkələrinin tənzimlənmə prosesində sərf etdikləri səyləri yüksək qiymətləndiririk. Lakin əsas məsələ odur ki, danışıqlar prosesində Artsax xalqını kim təmsil edir… İş burasındadır ki, bu gün danışıqlar masasının arxasında Artsaxın legitim, səlahiyyətli nümayəndəsi yoxdur. Çünki danışıqlar masası arxasında Qarabağ xalqının, yaxud da bəzi həmkarlarımızın söyləməyə üstünlük verdikləri kimi, Qarabağ ermənilərinin seçdiyi subyekt yoxdur.

Dəfələrlə demişəm ki, Ermənistanın baş nazirinin belə səlahiyyətləri yoxdur… Bu, şıltaqlıq deyil, ön şərt deyil, legitimlik məsələsidir. Legitimlik isə hazırkı qarşılıqlı münasibətlərin əsas amilidir – yalnız daxili siyasi münasibətlərdə deyil, həmçinin dövlətlərarası və beynəlxalq münasibətlərdə. Yeri gəlmişkən, bununla Ermənistan Respublikasının və ya baş nazirin məsuliyyəti öz boynundan atması və onu Artsax hakimiyyətinin, yaxid xalqının üzərinə yıxması haqqında bütün şərhlər absurddur… Vurğulamağı vacib bilirəm ki, Ermənistan Respublikası Artsaxın təhlükəsizliyinin əsas qarantı olub, var və olacaq və sülh prosesində iştirak etməyə davam edəcək”.

 Dağlıq Qarabağdan rəy

Dağlıq Qarabağ XİN-də erməni baş nazirin mövqeyi ilə razıdırlar.

“Artıq 1993-cü ildə Minsk prosesi çərçivəsində müazakirə edilən sənədlərdə Dağlıq Qarabağ münaqişənin tam hüquqlu tərəfi kimi göstərilir. Bu məsələyə yekun aydınlıq 1994-cü ildə ATƏM/ATƏT-in Budapeştdəki sammitində gətirilib. Budapeşt sammitinin yekun sənədinə görə, 12 may 1994-cü il tarixdə atəşkəs haqqında razılaşmaları təsdiqləmiş tərəflər münaqişə tərəfləridir. Atəşin və hərbi əməliyyatların tam dayandırılması haqqında həmin razılaşma Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan tərəfindən bağlanıb”, – Dağlıq Qarabağ XİN-in İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Artak Nersisyan bildirib.

Prezident Bako Saakyan təhlükəsizlik şuralarının iclasındakı çıxışında həmçinin Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı məsələsinə toxunub və deyib:

“Artsax regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olmasına istiqamətlənmiş danışıqlar prosesinə özünün konstruktiv payının daxil edilməsini davam etdirməyə hazırdır”.

 Ekspert mövqeyi

ATƏT MQ-nin həmsədrlərinin bəyanatını şərh edən siyasi icmalçı Akop Badalyan bildirib:

“Bu qrup artıq çoxdandır ki, tənzimlənmə üçün vasitəçi missiyasını deyil, özünəməxsus arbitraj rolunu yerinə yetirir və siyasi prosesi idarə etməyə çalışır. Bu bəyanatda da növbəti dəfə bizim üçün sətirarası deyilənlər maraqlı ola bilər: məsələnin özü iqtisadi imkanlar da daxil olmaqla hərbi-siyasi sahədə Ermənistanla Azərbaycanın rəqabət qabiliyyətliliyi ilə həll olunur.

Minsk qrupu isə, əsas etibarilə bu rəqabət nəticəsində yaranmış status-kvonu tanıyır… Cəmiyyət kimi, dövlət kimi bizim vəzifəmiz isə rəqabət qabiliyyətliliyimizi təmin etməkdir. Ötən iki onillikdə imkan verdiyimiz kimi, Azərbaycana bizi bu cür üstələməyə imkan verməməliyik. Balansın pozulmasına yol vermək olmaz – nə hərbi-texniki, nə də iqtisadi imkanlarda, həmçinin güc mərkəzləri ilə siyasi və diplomatik münasibətlər baxmından”.

Akop Badalyan Dağlıq Qarabağın sərhədləri yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı, hücum xarakterli hərbi təlimlərinə paralel olaraq Ermənistan və Dağlıq Qarabağ təhlükəsizlik şuralarının birgə iclasının keçirilməsi faktını da şərh edib:

“İlk dəfə rəsmi şəkildə elan olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının iclası Dağlıq Qarabağda keçiriləcək… Əlbəttə, hərbi-siyasi rəhbərlik ilk dəfə deyil ki, burada toplaşır və məsələləri müzakirə edir. Lakin ilk dəfədir ki, Ermənistan Təhlükəsizlik Şurasının Qarabağda səyyar iclası elan olunur.

Bu, siyasi addım və siqnaldır ki, Ermənistanla şantaj dilində danışmaq alınmayacaq. Bu düzgün strategiyadır. Bakı şantaj dili ilə danışırdı və cavabsız qalırdı. Elə bu da ona gətirib çıxardı ki, Azərbaycan müharibəyə, hərçənd qısa müharibəyə haqq qazandı [2016-cı ilin aprelindəki 4 günlük müharibədən danışır – JAMnews] və faktiki olaraq, buna görə ona söz deyən olmadı. Xoşbətlikdən, erməni silahlı qüvvələri və ictimai könüllü hərəkat Azərbaycana imkan vermədilər ki, bu haqqı nəticəyə çevirsin”.

 Azərbaycandan məlumat

Təlimlər haqqında

Martın 11-də Azərbaycan Silahlı Qüvvələri təmas xəttinin yaxınlığında genişmiqyaslı təlimlərə başlayıblar. Təlimlər dörd gün davam edəcək.

“Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ekspert rəyi

“Bakı növbəti dəfə təyin edilmiş danışıqlar ərəfəsində əzələ nümayişi qərarı verib, özü də bu dəfə təlimlərin miqyası ötən dəfəkilərdən genişdir. Yəqin ki, bu, erməni ictimaiyyətinə təzyiqə hesablanıb.

Son zamanlar “Azərbaycana bir qarış torpağı da güzəştə getmərik” kimi şüarlar daha tez-tez səslənməyə başlayıb və maraqlıdır ki, bu cür şüarlar atəşkəs razılaşmasından sonrakı 25 il ərzində heç vaxt səslənməyib. Çox güman ki, uşaqları cəbhə xəttində xidmət edən valideynlər, Azərbaycan tərəfində olan məlumatlara görə isə, Azərbaycanın beynəlxalq tanınmış ərazilərində minlərlə Ermənistan vətəndaşı (o cümlədən baş nazirin oğlu) hərbi xidmət keçir, yeni müharibənin başlamasında maraqlı deyillər.

Bunu da müşahidə etmək maraqlıdır ki, Azərbaycandakı dünənki “sülhməramlılar” da son zamanlar radikal çağırışlar etməyə başlayıblar”, – JAMnews-un siyasi icmalçısı Şahin Rzayev deyib.

“Yüksək səviyyədə danışıqların keçirilməsi faktının özünü ancaq alqışlamaq olar. Lakin Paşinyanın Serj Sarkisyan rejimini belə asanlıqla devirməsi və özünün hakimiyyətin zirvəsinə çatması, göründüyü kimi, Ermənistanın hazırkı baş nazirində öz imkanları barədə şişirdilmiş təsəvvürlər və siyasətdə mümkün olanların sərhədləri barədə yanlış mülahizələr yaradıb.

Bakıdan birmənalı şəkildə və bütün səviyyələrdə bəyan olunub ki, danışıqlar masası arxasında marionet separatçı rejimin nümayəndələrinin olmasına imkan verməyəcəklər. Moskva XİN-in dili ilə diplomatik tərzdə bildirib ki, etiraz etmir, lakin Azərbaycanın razılığı vacibdir, bu isə, məlum olduğu kimi, yoxdur və olmayacaq. Brüsseldə Paşinyana Avropa İttifaqının prezidenti Tusk, Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Mogerini və avrokomissar Xan səviyyəsində dedilər ki, Paşinyanın təklif etdiyi danışıqlar formatının dəyişdirilməsi sülh yolu ilə tənzimlənmə prosesini kənara meylləndirir və bunu dəstəkləməyəcəklər.

O ki qaldı Paşinyanın demaqoqcasına Dağlıq Qarabağın səsinin eşidilməsinin zəruriliyi barədə dediklərinə, ona xatırlatmaq lazımdır ki, buranın əhalisi yalnız ermənilərdən deyil, həm də öz evlərindən qovulmuş və doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququndan məhrum olunmuş az qala 50 min azərbaycanlıdan ibarətdir. Gələcəkdə hər iki Qarabağ icması dialoq şəraitində ərazinin statusunu müəyyən etməlidirlər ki, bu da danışıqların formatı ilə nəzərdə tutulub”, – Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov deyib.


More on JAMnews