Armavir vilayətinin duzlu torpağında ancaq tikanlı bitkilər yetişir" />

Ararat “səhrası”

Armavir vilayətinin duzlu torpağında ancaq tikanlı bitkilər yetişir

Zartonkda kimi bəxtəvər sayırlar

Zartonk kəndinin kənd təsərrüfatı torpaqları yavaş-yavaş öz yerini şoran ölü səhraya verir. Bir vaxtlar 1700 hektar olan şumluq torpağın indi ancaq 320 hektarı əkinçilik üçün yararlıdır.

 Naziryan ailəsinin yarım hektarlıq sahəsi var, amma indi onun yalnız beşdə bir hissəsi işlənir. Torpağın üzü duzla örtülüb və burada heç bir bitki bitmir. Naziryan ailəsinin üzvləri deyirlər ki, torpağın məhsuldarlığı get-gedə azalır və artıq torpağın becərilməsinin mənasız olacağı vaxt yaxınlaşır.

Başqa gəlir mənbəyi olmayan kəndlilərin əksəriyyəti öz sahələrini bitki qatı ilə örtməyə məcbur oldular. Zartonkun sakinlərindən biri olan Aqafionun sözlərinə görə, qonşu kənddən onlar öz sahələri üçün yüzlərlə yük maşını ilə bitki torpağı gətirməli oldular ki, heç olmasa 30 santimetr qatında münbit torpaq ala bilsinlər. Nəticədə bu onlara ancaq bostan bitkiləri yetişdirmək imkanı verəcək.

Zartonk sakinləri iki düşərgəyə bölünüb – bəxtəvər və bəxtsiz. Kəndlilər bir-birlərinə qibtə edir: torpaqları şoranlaşmayanları bəxtəvər adlandırırlar.

Misal üçün, Tamar Atoyanı Zartonkda kimin torpaq becərdiyi maraqlandırmır. O, ancaq bir şeyi bilir ki, onun torpağı əkinçilik üçün yararlı deyil. Və bu, onu çox hiddətləndirir. Ailəsini dolandırmaq üçün o, qonşu Masisk rayonunda 2 hektarlıq torpaq icarəyə götürüb və indi şitil yetişdirməklə məşğuldur. Sonra da bu qarpız şitillərini Masiskdəki həmin sahəyə keçirəcək. Zartonkda bir çoxları Tamar kimi edir.

Torpağın şoranlaşması necə baş verir

Ararat vadisinin bəzi aran rayonlarında süxur suları vaxtaşırı olaraq torpağın üzərinə çıxır: su buxarlanır, tərkibindəki duz isə torpağa çökür. Dövrü olaraq təkrarlanan hadisə torpaqda duzun miqdarını elə bir səviyyəyə qaldırır ki, bütün yaşıllıq yox olur. Şoranlaşma ilə yeganə mübarizə üsulu süxur sularının səviyyəsini azaltmaqdan və yuyulma yolu ilə duzsuzlaşdırmaqdan ibarətdir.

SSRİ-nin dağılması ilə birlikdə həmin illərdə yaradılan, torpağın şoranlaşmasının profilaktikası və onunla mübarizə sistemi də dağıldı.

Sovet dövründə bu təbiət hadisəsi ilə ciddi mübarizə aparılırdı. İlk növbədə, süxur sularının səviyyəsini azaldır, sonra da kimyəvi vasitələrin köməyilə və ya yuyulma metodu ilə duzsuzlaşdırmanı həyata keçirirdilər.

Artıq 90-cı illərin əvvəllərində heç kim bu məsələlərlə məşğul olmadı və kəndlilər hər il 1750 hektarlıq duzsuzlaşdırılmış sahənin 50 hektarından məhrum oldular, bu ərazi ikinci dəfə şoranlaşmaya məruz qaldı.
Ermənistana sovet dönəmindən miras qalan, süxur sularının səviyyəsini azaldan qapalı və açıq drenaj sistemləri artıq işləmir.

Drenaj nədir və o hansı problemləri həll edir

Drenaj sisteminin köməyilə süxur sularının səviyyəsi azaldılır. Ermənistanda qapalı və açıq drenaj sistemləri fəaliyyət göstərirdi.

Qapalı drenaj sistemi 3-4 metr dərinliyində yerləşən dəlikli metal borulardır. Onlara yığılan süxur suları nasos stansiyasına tökülür, sonra da suvarma məqsədilə istifadə olunur.

Açıq drenaj sistemi torpağa basdırılan borular olmadan problemi həll edir. Sadəcə 4 metrə qədər dərinliyi olan xəndəklər qazılır və bu xəndəklə də süxur suları nasos stansiyasına axıb tökülür.

Uzun müddət istifadə olunmayan qapalı drenaj sistemini bərpa etmək mümkün olmayıb, amma açıq drenajları yavaş-yavaş işə salmağa başlayıblar.

Armavir vilayətində duzlanma təhlükəsi azalıb, amma təxminən 5000 hektarlıq şoran torpağın taleyi qeyri-müəyyən olaraq qalır.

Naziryan ailəsi sahələrinin heç olmasa yarısını yumaqla duzsuzlaşdırmağa çalışıblar, amma başladıqları işi sona çatdıra bilməyiblər. Bir il ərzində tez-tez suvarmadan sonra onlar başa düşüblər ki, suvarma sularına olan yüksək tariflərlə təkbaşına torpağın yuyulması mümkünsüz bir işə çevrilir, çünki bu proses azı 3-4 il davam etməlidir.

Zartonkun kənd administrasiyası da eyni ssenari ilə hərəkət edib: büdcə vəsaiti hesabına formalaşan kəndin ehtiyat fondunun vəsaiti ilə 3 hektarlıq sahənin yuyulmasını həyata keçirməyə çalışıblar. Nəticə qənaətbəxş olub, amma icmanın 35 milyon dram (70 min dollardan bir az çox) həcmində büdcəsi hesabına 1380 hektarlıq sahə üçün effektiv bir nəticə əldə etmək mümkün deyil. Kəndin böyüyü Paruyr Sarqsyanın sözlərinə görə, torpağın duzsuzlaşdırılması üçün artıq əlverişli şərait yaradılıb və dövlət suvarma ilə bağlı xərcləri öz üzərinə götürsə, real nəticə əldə etmək mümkün olar.

Zartonk kənd administrasiyasının katibi Adjoyan qeyd edir ki, drenaj sistemlərinin ümumiyyətlə işləmədiyinə baxmayaraq, dövlət onlara qulluq üçün böyük həcmdə vəsait ayırır. Bu vəsaiti suvarmaya yönəltsələr, daha yaxşı effekt alınar.

Baş aqronom Artur Ayvazyan da torpaqların duzsuzlaşdırılmasının vacibliyini vurğulayır. Armavir vilayət administrasiyası hər il bu məsələni hökumət qarşısında qaldırır. Ayvazyanın sözlərinə görə, duzsuzlaşdırmanı eyni zamanda bir neçə kənd sahəsində həyata keçirmək lazımdır, çünki kiçik duzsuzlaşdırılmış ərazilər qısa müddət ərzində yenidən yararsız hala gələcək. Armavir vilayətinin digər kəndləri – Yeqeqnut, Artaşat, Arazap və Arevik də eyni problemləri yaşayır.

Nazir xəbərdardır

Təbiətin mühafizəsi naziri Aramais Qriqoryan 2015-ci ildə regiona baş çəkərək, problemlə şəxsən tanış oldu. O, icma rəhbərləri ilə görüşərək, onları əmin etdi ki, torpağın duzsuzlaşdırılması problemi hökumətin diqqət mərkəzindədir və onun həlli üçün xüsusi proqram işlənib hazırlanır. Həmin vaxtdan artıq az qala bir il keçməsinə baxmayaraq, proqramdan bir xəbər yoxdur.

Dövlətdən hər hansı kömək almaqla bağlı ümidlərini itirən kəndlilər qonşu kəndlərdə sahələr icarəyə götürürlər. Zartonkun yeganə traktorçusu isə yaz işlərindən qabaq traktorunu təmir elətdirməyə tələsmir, çünki becərilən torpaqlar demək olar ki, yoxdur.

Traktorçu Hraçya xatırlayır ki, ötən il bu vaxt xidmətindən istifadə etmək istəyənlərin siyahısını tutmağı belə çatdırmırdı. İndi isə onun texnikasına heç bir ehtiyac yoxdur, çünki kəndlilərin bir hissəsi sahələrini bitki qatı ilə örtdü və onların torpağı şumlamağa ehtiyacları yoxdur, digərlərinin sahələri duzun ucbatından səhraya çevrilib.

Aqafionun fikrincə, Zartonkda kənd təsərrüfatı artıq gəlir mənbəyi deyil, özünəməxsus hobbiyə çevrilib, çünki burada duza davamlı bitkilər – kalış, qarğıdalı və qarayonca yetişdirməyə başlayıblar. Bu bitkilərə bazarda tələbat az olduğu üçün onlar gəlir gətirmir, yəni bu gəlirlə ailə dolandırmaq mümkün deyil.

Dərc edilib: 15.03.2016


More on JAMnews