Angela Merkel Bakıda: gözləntilər doğrulmadı

Azərbaycana səfəri zamanı Almaniya kansleri nə ölkənin ərazi bütövlüyü, nə də söz azadlığı ilə bağlı açıq bəyanatlar vermədi

Foto: ANDREAS RINKE/Reuters

AFR kansleri Angela Merkel avqustun 25-də Cənubi Qafqaz turu çərçivəsində Azərbaycanda rəsmi səfərdə olub.

O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və görüşün yekununda onların birgə mətbuat konfransı baş tutub. Müstəqil jurnalistlər bu konfransa buraxılmayıb.

Kansler həmçinin vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanını ziyarət edib.

Enerji əməkdaşlığı

“Siyasi və iqtisadi nöqteyi-nəzərdən biz Azərbaycanı regionun ağırçəkilisi hesab edirik”, – hələ tur başlamazdan əvvəl o, AFR hökumətinin iclasında bildirmişdi.

Azərbaycanda da Merkeldən daha çox şey gözləyirdilər.

Hökumət əsasən Azərbaycan qazının Almaniyaya, oradan sonra isə Avropa İttifaqının digər ölkələrinə ixracı haqda prinsipial sazişin bağlanmasına ümid edirdi. Bu mövzu Dağlıq Qarabağ məsələsi ilə yanaşı gündəliyin əsas mövzusu idi.

Saziş imzalanmayıb, baxmayaraq ki, Deutsche Well-in yazdığına görə, Merkel Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün enerji resursları bazarını diversifikasiya etmək istədiyini aydın şəkildə bildirib.

10 milyard kubmetr həcmdə Azərbaycan qazının Avropaya ixracının cənub qaz dəhlizi vasitəsilə 2020-cı ildə başlayacağı gözlənilir. O, üç qaz borusundan ibarətdir.

Ehtimal olunur ki, Azərbaycanın Şah Dəniz-2 yatağından çıxarılan qaz Türkiyəyə çatdırılacaq, sonra isə onun bir hissəsi Türkiyə-Yunanıstan sərhədindən Yunanıstanın şimalı ilə uzanaraq Albaniya və Adriatik dənizini keçib İtaliyaya çıxan 800 kilometrlik boru xətti ilə göndəriləcək.

Qarabağ nizamlaması

Dağlıq Qarabağ məsələsi ilə bağlı Merkel sadəcə bildirib ki, Almaniya münaqişənin sülh yolu ilə həllinə dəstək olacaq.

Söz azadlığı və insan haqları

Yalnız Azərbaycan hökuməti yox, müxalifəti və vətəndaş cəmiyyəti də bu səfəri xüsusi həyəcanla gözləyirdi. Ehtimal olunurdu ki, səfər gedişatında siyasi məhbuslar mövzusu (hökumət onların mövcudluğunu inkar edir) qaldırılacaq.

Turdan bir gün öncə “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Merkeli İlham Əliyevdən həbsdə olan jurnalistləri azad etməsini tələb etməyə və ölkədə söz azadlığı məsələsini qaldırmağa çağırmışdı.

“Azərbaycan ən çox media işçisinin həbsdə olduğu ölkələr sırasındadır, orada hazırda səkkiz jurnalist və iki bloger öz işi ilə bağlı məhbəsdə saxlanılır”, – “Sərhədsiz reportyorlar” təşkilatı avqustun 22-də bəyan edib.

Amma gözləntilər doğrulmadı – Angela Merkel nəinki siyasi məhbusların azad edilməsini tələb etmədi, heç bu mövzunu qaldırmadı da.

Düzdür, bu mövzuya sıralarında müstəqil araşdırmaçı jurnalist və keçmiş siyasi məhbus Xədicə İsmayılovanın da olduğu vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə toxunulub.

Bu görüşdən sonra İsmayılova Facebook səhifəsində yazıb ki, o, kanslerə Azərbaycanda korrupsiya, demokratiya söz azadlığı ilə bağlı vəziyyəti təfərrüatı ilə anladıb və ona açıq suallar ünvanlayıb.

“Məndə belə təəssürat yarandı ki, kansler Merkel avtokratik rejimin çətinliklərini və mexanizmlərini anlayır. O bildirdi ki, bizim problemlərimiz vacibdir və onlardan bəziləri prezident Əliyevlə görüş zamanı nəzərdən keçirilib. Mən ondan daha çox şey eşitmək ümidindəyəm”, – Xədicə İsmayılova fikrini yekunlaşdırıb.

Ümumilikdə Angela Merkel Bakıda cəmi altı saat keçirib.

Merkelin Bakıya səfəri hələ səfər başlamazdan əvvəl qalmaqal doğurub. Əvvəlcədən Merkeli Bakıya digərləri ilə yanaşı Bundestaqın kanslerin partiyasından olan deputatı Albert Vayler də müşayiət etməli idi. Amma o, 2014 və 2016-cı illərdə Dağlıq Qarabağda olduğu üçün Azərbaycan onun ölkəyə girişinə qadağa qoyub.

“Azərbaycanın mövqeyi təəssüf doğurur, o, Dağlıq Qarabağ mövzusunda dialoqun irəliləməsinə imkan vermir”, – bununla bağlı AFR Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

Amma nəticədə Almaniya yenə də Albert Vayleri nümayəndə heyətinin tərkibindən çıxarıb, çünki Merkelin öz sözlərinə görə, Bakıda keçiriləcək danışıqlar daha önəmlidir.


More on JAMnews