Aleksandr Verşbou: Gürcüstanın NATO-ya daxil olmasının “Almaniya modeli” müzakirə olunmalıdır
Müsahibənin tam versiyası “Hromadske”nin saytında
Gürcüstanın NATO-ya daxil olmasının “Almaniya modeli” müzakirə edilməlidir və irəliyə doğru bir addım ola bilər. Amerikalı diplomat, NATO baş katibinin keçmiş müavini Aleksandr Verşbou Ukraynanın “Hromadske” teleşirkətinə müsahibəsi zamanı bu fikri səsləndirib.
Gürcüstanın Şimali Atlantika Sazişinin 5-ci maddəsinin Tbilisinin nəzarəti altında olmayan ərazilərə tətbiq edilməməsi şərti ilə Şimali Atlantika Alyansına daxil olması ideyasını sentyabrda Gürcüstan paytaxtında keçirilən konfransda NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də dəstəkləyib. İdeya Gürcüstanda birmənalı qarşılanmayıb.
•Şərh: Gürcüstan-NATO. On il bir çevrənin içində dolanmaq
•Rusiyalı diplomat Tbilisiyə seçim etməyi təklif edir – ya Qafqazda stabillik, ya da NATO
“Düşünürəm ki, yalnız Rasmussendən yox, həm də başqa mənbələrdən eşitdiyim bu ideya müzakirə olunmalıdır. Rusiyalılarda elə təəssürat yaranmamalıdır ki, onların Abxaziya və Cənubi Osetiyanın işğal etməsi Gürcüstanın NATO-ya daxil olmasına birdəfəlik mane olmaq imkanını verəcək”, — Verşbou deyib.
“Alyansın zamanı yetişdiyində Gürcüstanı özünə birləşdirəcəyi və 5-ci maddəni müvəqqəti olaraq işğal altında olan ərazilərə tətbiq etməyəcəyinin mümkünlüyü Gürcüstana Rusiya ilə danışıqlarda daha çox təsir imkanı verəcək. Müəyyən şərtlər altında bu, irəliyə doğru addım ola bilər”, – o qeyd edib.
Onun sözlərinə görə, bu cür sxem Ukrayna üçün də tətbiq edilə bilər.
“Amma həm burada, həm orada [Gürcüstanda və Ukraynada] problem ondadır ki, bu cür addımlar işğal altında olan ərazilərdən birdəfəlik imtina kimi dəyərləndirilə bilər – biz özünəməxsus şəkildə rusiyalıları onların ərazi təcavüzünə görə “mükafatlandırırıq”. Buna görə də ən nəhayətdə bu, Gürcüstanın qərarı olmalıdır və Alyans nəticədə bu qərarla razılaşmalıdır”, – diplomat hesab edir.
Eyni zamanda Verşbounun fikrincə, hələlik Gürcüstanın NATO-ya üzvlüyü “aktual deyil”. Buna görə də Gürcüstan və Ukrayna NATO standartlarına keçid üzrə öz “ev tapşırığını” yerinə yetirməlidir, Alyansa üzvlük üzrə Fəaliyyət Planına funksional cəhətdən müvafiq olan illik milli proqramları həyata keçirməyə davam etməlidir.
NATO üzvlüyünün Almaniya modeli nədir və Gürcüstanda bu ideyaya necə reaksiya veriblər?