Kisəçi kimdir və niyə onsuz hamamın ləzzəti olmaz?" />

“Adamın canı harda dincələr?…” – hamamdan fotoreportaj

Kisəçi kimdir və niyə onsuz hamamın ləzzəti olmaz?

Əvvəllər Bakıda kanalizasiya sistemi hələ mövcud olmayanda hamamlar praktiki əhəmiyyət daşıyırdı – adamlar həftədə bir dəfə ora yuyunmağa gedirdi. Əlbəttə, bu həm də “ünsiyyət məkanı” idi. Qadınlar burada qonşulara yeni “çöllük” geyimlərini, alt paltarlarını, zinət əşyalarını nümayiş etdirə, kişilər isə ətrafda baş verən yeniliklərlə bölüşə bilirdilər.

İndi artıq hamama çimmək və ünsiyyətdə olmaqdan daha çox sakitlikdə stressdən azad olub, rahatlaşmaq üçün gedirlər.

Bakı hamamları həm də memarlıq abidələridir. Onlardan çoxu, xüsusən də İçərişəhərdəki hamamlar azı yüz il əvvəl tikilib. Hacı Banu hamamı isə hətta 15-ci əsrdən qalıb. Bu hamamların daş günbəzləri tez isinib, istini uzun müddət saxlamağa imkan verir.

Bakıda 140 yaşı olan Qasımbəy hamamı köhnə hamamlardandır. El arasında ŞəBi (sahibinin bir tərəfi Şəki, bir tərəfi Biləsuvar şəhərindən olduğu üçün hamamı iki ərazinin baş hərfi ilə adlandırıb) kimi tanınan hamam hal-hazırda kişilər üçün nəzərdə tutulub.

Bu hamamda 16 ildi kisəçi işləyən Qoşqarın sözlərinə görə, əvvəllər bura qadınlar da yuyunmağa gəlirmiş. Qadın günlərində hamamın qapısına kəlağayı, kişi günlərində isə papaq qoyularmış.

Lənkaranda kişi-qadın çimərliklərinı ayırıblar

Basqal kəndi: kəlağayı məskənindən fotoreportaj

Turistlərin Bakı haqda təəssüratlarını bölüşdükləri forumda onlardan biri “masajdan imtina etsə də, masajçının bir neçə dəfə ona yaxınlaşdığı” ilə bağlı şikayətlənmişdi. Əslində isə “masajçı” deyəndə kisəçi nəzərdə tutulurdu, görünür, sonuncu kisəçiyə ehtiyacı olmayan birinin hamama niyə gəldiyini heç cür anlaya bilməyibmiş.

Qoşqar deyir ki, burda həm daimi müştərilər, həm də ara sıra gələnlər olur. Daimi müştərilərin artıq burda seçdiyi kisəçilər var.

“Müştərilər kisələnməyə gələndə əvvəlcədən deyirlər ki, möhkəm və ya yavaş kisələ. Çünki bu şərtdir. Elə adam var dərisi çox nazikdir, möhkəm kisələyəndə incidir. Amma müştəri də var ki, deyir, möhkəm kisələ”.

“Müştərilərin hərəsi bir cürdür. Bir də görürsən, müştəri gəlir, bədənində xal var. Həmin yeri kisələmirik. Çünki xal qopanda qanaxmanı saxlamaq çətindir. Bizim hamamda olmasa da, bəzi hamamlarda bu kimi şeylər olur”.

“Bəzən kefimizin yaxşı vaxtına düşəndə müştərilərlə zarafatlaşırıq. Bir dəfə bir müştəri gəlmişdi. Onu kisələyənin də 10 illik təcrübəsi var. Bizim uşaqlardan biri içəri girib buna dedi ki, mühafizəçini niyə içəri salıb, kisəçi işlədirsiz? Sonra da müştəriyə dedi ki, belə pik vaxtlarda çatdırmayanda bayırdan adam salırıq içəri, kisəçi işləyir. Müştəri təlaşla yerindən qalxdı, dedi, başqa kisəçi gəlsin. Sonra 1 illik təcrübəsi olan kisəçi onu kisələdi çox bəyəndi”.

“Hamamda əsas məsələ istilikdir. Bir çox hamamlar zirzəmilərdə olur, bahalı metlaxla bəzədilir, içində yemək verilir. Baxırsan ki, hər şey əladır, amma soyuqdur. Çünki hamamın tikilmə qaydası var, istiliyin saxlanma qaydası var”.

Qoşqar hamamda verilən yemək-içməyin düzgün olmadığını bildirir:

“Yeyəndən sonra adam ağırlaşır hərəkət etmir, uzana bilmir. Yeməkdən sonra uzanmaq olmaz  mütləq hərəkət etməlisən. Ancaq sərinləşdirici içki içə bilərsən.

Hamamda kisədən başqa masaj, sauna və süpürgə masajı da var.

Kisəçi Qoşqar deyir ki, hamam ən gözəl istirahət yeridir. Telefondan istifadə etmirsən, gərginlikdən uzaq olursan”.


More on JAMnews