Bəlkə ailə tipli uşaq evi uğursuz ailələrdən olan uşaqlarla bağlı cinayət dalğasının qarşısını almağa kömək edər " />

Abxaziyada uşaq evinə ehtiyac var

Bəlkə ailə tipli uşaq evi uğursuz ailələrdən olan uşaqlarla bağlı cinayət dalğasının qarşısını almağa kömək edər

Abxaziyada sahibsiz uşaqlar – var, ya yox? Bu suala cavab verməyə çalışacağıq.

Cəmiyyət nə görür?

Abxaziyada 2018-ci ilin ən səs-küylü işlərindən biri himn müəllifi Valeri Çkaduanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi oldu. İttiham – pedofiliya. İşin əsas fiqurantları uğursuz ailələrdən olan iki azyaşlı qızdır (onların adları açıqlanmır).

Həmçinin saytda: Abxaziyada pedofilin qurbanları haqda, onu necə yaxaladılar və niyə anaları uşaqlarını ona satırdı?

Və bu rezonanslı hadisə heç də unikal deyil.

Başqa bir cinayət işinin fiqurantı, azyaşlı qızı ölümlə təhdid edərək zorlayan prezident mühafizəsinin keçmiş əməkdaşı Astamur Copua artıq 20 illik cəzasını çəkməkdədir.

Bu səs-küylü iş üzrə proses cəmiyyətin diqqəti altında keçirildi. Hətta zərərçəkənin vəkili üçün pul da ictimai təşkilatların fəalları və sadəcə ürəyi yanan insanlar tərəfindən toplanmışdı.

Bu rezonanslı işlərə Abxaziya Parlamenti azyaşlılara qarşı seksual cinayətlərə görə cəzaları sərtləşdirməklə cavab verdi. 2018-ci il iyulun sonunda Cinayət Məcəlləsinə dəyişikliklər edildi. Bu dəyişikliklərə əsasən, cəzanın daha yüngül cəzayla əvəzlənməsi və ya vaxtından əvvəl şərti azadlığa buraxılma ehtimalı istisna olunur.

Cəmiyyət nəyi görmür?

Amma sadalanan bu iki hadisə və bir neçə başqası artıq sübuta yetirilmiş faktlardır. Bununla belə uğursuz və sosial durumu ağır olan ailələrlə işləyən mütəxəssislər bildirirlər ki, dövlətin himayəsinə ehtiyacı olan uşaqların sayı xeyli daha çoxdur.

Uzaq kəndlərdən birində qonşu mütəmadi olaraq uşağı zorlayırmış. Bunu sübut eləmək çətindir, uşağı uğursuz ailənin əlindən almaq da, çünki Abxaziyada uşaq evi və ya heç olmasa, müvəqqəti sığınacaq da yoxdur.

Xoşbəxtlikdən konkret bu hekayənin sonu uğurlu olub. Çoxuşaqlı ailələrin dəstəklənməsi ilə məşğul olan “Kiaraz” ictimai təşkilatının nümayəndələri uşağın bir qohumunu tapıb. O da uşağı öz yanına, başqa rayona aparıb.

Amma heç də hamının bəxti belə gətirmir.

“Elə dünən zəng vurmuşdular, tənha balaca qız haqda danışdılar. Anası məlum deyil kiminlə və necə vaxt keçirir”, – Abxaziya Uşaq Fondunun rəhbəri Asida Lomiya danışır. – “Qonşular uşağa yemək verir, amma qızcığaz tamam təkdir. Qonşuların sözlərinə görə, əvvəl bu qadın uşaqlarını satırmış”.

Bu durumu qəyyumluq orqanları araşdırmalıdır. Amma ən son çıxış yolu kimi qadın valideynlik hüququndan məhrum edilərsə, uşaq hara gedəcək – aydın deyil.

Həmçinin saytda: Heç vaxt doğulmayacaq qızlar: köhnə mövzu, yeni hekayələr

Çıxış yolu

Asida Lomiya dərhal köməyə ehtiyacı olan nəzarətdən kənar onlarla uşağı misal gətirə bilər. Abxaziyada artıq uzun zamandır ki, ailə tipli uşaq evinin yaradılmasına ehtiyac var. Lomiyanın sözlərinə görə, respublika üçün məhz bu variant ən uyğundur.

Ailə tipli uşaq evi qəyyum ailə və uşaq evi, yaxud internat arasında bir şeydir. Ailə tipli uşaq evi ailə bazasında yaradılır. Ailə tipli uşaq evlərində doğmalar və himayəyə götürülənlər ümumilikdə 12 nəfərdən çox olmamalıdır.

Uğursuzluq nailiyyət sayılanda

Uzun müddət hesab olunub ki, Abxaziyada uşaq evinin olmaması nailiyyətdir. Çoxlarının danışdığına görə, Abxaziyada insanlar böyük həvəslə imtina olunmuş uşaqları doğum evlərindən götürür, hətta övladından imtina evən valideynlərdən bu uşaqları pulla da alırlar, bəzən başqa yerlərdən də uşaq gətirirlər.

Həmçinin hesab olunur ki, Abxaziyada küçə uşaqları yoxdur.

Əgər sahibsiz uşaqlar ayaq altında dolaşmırsa, bu o demək deyil ki, problem ümumiyyətlə mövcud deyil.

Bu sahədə çalışan müxtəlif ictimai təşkilatlar artıq uzun illərdir ki, bir fikirdə uzlaşır – Abxaziyaya sahibsiz uşaqların, o cümlədən də məişət zorakılığı qurbanı olan qadınların müvəqqəti saxlanması üçün mərkəzə böyük ehtiyac var.

Bu mövzu artıq uzun illərdir ki, aktualdır, “Kiaraz” təşkilatının rəhbəri Kama Qopiya belə deyir. Müvafiq qayğı görmədikləri ailələrdə yaşayan çox sayda uşaq “Kiaraz”ın qeydiyyatındadır. Tamam sahibsiz olanlar da var.

O deyir ki, söhbət kütləvi haldan gedir. Amma problem ondadır ki, hələ  bircə uşağa da kömək eləmək imkanı məhduddur.

Məsələn, kənddə tənha ana insult keçirib. Onu müvəqqəti olaraq Suxumda qulluq imkanı olan qocalar evinə yerləşdirmək mümkün olub. Onun sağalacağına ümid var. Nəzarətsiz qalan iki və altı yaşlı uşaqları isə qonşular himayələrinə götürüb, amma müvəqqəti.

Əgər bu gün Abxaziyada müvəqqəti sığınacaq mərkəzi olsaydı, Kama Qopiyanın sözlərinə örə, dərhal ən azı 5 uşağı ora yönləndirə bilərdi.

Uşaq və Ailələrə Sosial Dəstək Xidmətinin əməkdaşları da daxil olmaqla JAMnews-un həmsöhbətləri birinci növbədə ailələrə öz uşaqlarını tərbiyə etmək imkanı verməyin tərəfdarı olaraq çıxış edirlər. Amma ən ümidsiz hallarda, bunların sayı isə bütün Abxaziya üzrə iyirmidən çoxdur, uşaqları sağlam və həyat üçün təhlükəsiz mühitə yerləşdirmək vacibdir.

Naməlum qalmaq istəyən mənbənin sözlərinə görə, Suxumda Uşaq Mərkəzinin inşa edilməsi planı mövcuddur, hətta bunun üçün torpaq sahəsi də ayrılıb. Amma inşaatı kimin maliyyələşdirəcəyi məlum deyil. Ən azı dövlət orqanlarından bununla bağlı heç bir məlumat daxil olmayıb.


More on JAMnews