Abxaziyanın himninin müəllifi pedofiliyaya görə 20 il həbs cəzası aldı" />

Abxaziyada pedofilin qurbanları, onun tutulması və anaların uşaqlarını nəyə görə ona satması haqqında

Abxaziyanın himninin müəllifi pedofiliyaya görə 20 il həbs cəzası aldı

Abxaz bəstəkar və himnin müəllifi Valeri Çkadua pedofiliyaya görə cəzasını ciddi rejimli koloniyada çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib.

O, silah-sursat saxlanılmasında və gəzdirilməsində də ittiham edilir.

 

 

Valeri Çkadua Abxaziyanın dövlət himninin və ilk abxaz baleti olan “Ritsa”nın müəllifidir. Tbilisi konservatoriyasının məzunu və aspirantı (1977), Abxaziya və SSRİ Bəstəkarlar İttifaqının üzvü, Abxaziya Yazıçılar Assosiasiyasının üzvü, Dmitri Qulia adına Dövlət mükafatının laureatıdır.

Rəsmi olaraq iki xəsarət alan olsa da, qeyri-rəsmi onların sayı çoxdur

Bəstəkarın pedofiliyaya meylli olması barədə çoxdan söhbətlər gəzirdi. Lakin Çkaduanın cəmiyyətdəki mövqeyi və onun hakimiyyətdəki əlaqələri cəzadan yan keçməsinə səbəb olurdu.

Fəqət 2018-ci ilin fevral ayının 13-də vəziyyət nəzarətdən çıxdı. Himn müəllifi Eşera kəndindəki atılmış idman bazasında bilavasitə uşaqla cinsi əlaqə vaxtı milis əməkdaşları tərəfindən saxlanıldı.

Qeyri-rəsmi məlumata əsasən, Çkaduanın mütəmadi olaraq zorladığı uşaqlar, bir qayda olaraq, uğursuz ailələrin övladları olub.

Aşağıdakı videoda milis əməkdaşları pul müqabilində Çkaduaya uşaqdan seksual obyekt kimi istifadə etməyə icazə vermiş ana ilə söhbət edirlər. Bunu üzə çıxarmağa zərərçəkmiş qızın təhsil aldığı korreksiya məktəbinin müəllimi kömək edib.

Bir dəfə qız müəlliməsinə şikayət edib ki, onun üçün bəstəkarın daimi seksual hərəkətlərinə tab gətirmək çətindir və bundan sonra müəllimə uşağa təklif edib ki, Çkadua növbəti dəfə onu harasa aparsa, ona zəng etsin.

Fevralın səkkizində müəllimə məlumat alır ki, Çkadua qızı idman bazasına aparıb. Müəllimə dərhal milis çağırır. Bəstəkar bilavasitə uşağla cinsi əlaqədə olduğu zaman cinayət başında tutulur.

Lənətlənmiş baza

Elə həmin yerdə 2017-ci ilin iyununda dövlət mühafizə xidmətinin əməkdaşı Astamur Copua 14 yaşlı qızı zorlamışdı.

Həmçinin saytda oxuyun: Qızın zorlanması və bacısının qətli Abxaziyada etiraz dalğasına səbəb oldu

 

Bir il sonra Copua cəzasını ciddi rejimli koloniyada çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilmiş və 15 min rubl (təxminən 230 dollar) məbləğində cərimə edilmişdi.

Həmçinin ona əsas cəzasının çəkilməsindən sonra üç il ərzində dövlət orqanları sistemində vəzifə tutmaq qadağan edilmişdi. Zorlamada ittiham olunmuş şəxs bütün hərbi rütbələrindən məhrum olunmuşdu.

İşin materiallarından

Valeri Çkaduanın işi Cinayət Məcəlləsinin dörd maddəsindən və altı bəndindən ibarətdir.

Himn müəllifi həddi-büluğa çatmamış iki qızın hədə-qorxu gəlməklə və güc tətbiq etməklə zorlanmasında ittiham olunur.

Bundan savayı, o, odlu silahın qanunsuz əldə edilməsində, başqa şəxsə ötürülməsində, satışında, saxlanmasında, daşınmasında və ya gəzdirilməsində ittiham edilir. İkinci xəsarət alan haqqında fakt istintaqın gedişində üzə çıxıb.

Cinayət işindən bəzi seçmələr:

2012-ci ildə Çkadua öz evində, odlu silahla hədə-qorxu gələrək, bambuk çubuğu və süpürgə ilə 10 yaşlı qızı döyüb və bundan sonra uşağı ən iyrənc formalarda zorlayıb. 2012-ci ildən başlayaraq dörd il ərzində bəstəkar həmin uşaqla analoji hərəkətləri dəfələrlə təkrarlayıb – həm öz evində, həm də Aşağı Eşera kəndindəki atılmış idman bazasında şəxsi avtomobilində.

2014-cü ilin dekabr ayından 2015-ci ilin mart ayına qədər (istintaq daha dəqiq vaxtı müəyyən edə bilməyib) Qulripş rayonunun Maçara kəndindəki evində Çkadua 12 yaşlı qızı zorlayıb.

2018-ci ilin fevral ayının 13-də Aşağı Eşera kəndindəki atılmış idman bazasında Abxaziya himninin müəllifi milis əməkdaşları tərəfindən 14 yaşlı qızı öz maşınında zorlayarkən saxlanılıb.

Evində aparılmış axtarış zamanı milis əməkdaşları qanunsuz əldə olunmuş silah və sursat aşkarlayıblar.

Hakimiyyətin reaksiyası

Rezonans doğurmuş bu işlərlə əlaqədar Abxaziya parlamenti həddi-büluğa çatmayanlar barəsində cinsi cinayətlərə görə cəza tədbirlərini sərtləşdirib.

2018-ci ilin iyul ayının sonlarında sonuncu oxunuşda Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edilib ki, bunlara əsasən, cəza və ya onun çəkilməmiş hissəsi daha yüngül cəza növləri ilə əvəz edilə bilməz, eyni zamanda şərti-vaxtından əvvəl azadetmə hüququ ləğv olunub.

Sosial şəbəkələr: indi bəs himn necə olsun?

Bu cinayət işinə Abxaziyada sosial şəbəkə istifadəçilərinin reaksiyası gözlənildiyi kimi, çox sərtdir. Bir neçə xarakterik şərh:

«Bu nadürüst haqqında ərizələr əvvəllər də daxil olurdu. Uşaqlar barəsində zorakılığın sübutları da vardı. Lakin o vaxt nazir onun qohumu idi, işi kənara atdı. Mən o vaxt hüquq-mühafizə orqanlarında işləyirdim, məlumat dəqiqdir».

«Mən Valerini yeniyetməliyindən istedadlı bəstəkar kimi tanıyıram, əvvəllər onda belə qorxulu bəla müşahidə edilmirdi. Düşünürəm ki, yaşla bağlı beyindəki dəyişikliklər belə patologiyaya səbəb olub. Çox xoşagəlməz haldır və bütün bunlar iyrəncdir».

«Hamı inanır ki, bu insanlıqdan kənar şəxs 20 il oturacaq? Uzağı 1 ildən sonra, səs-küy yatan kimi onu “unudacaqlar” və bu heyvanı elə özü kimi heyvanlar azad edəcəklər. Hardasa Rusiyada qəhvə içə-içə “cəza çəkəcək”».

«Bunu başa düşdük – cəmiyyətin tullantısıdır. Bəs himn necə olsun?».

Facebook Comments

More on JAMnews