İndi məlum olur ki, hamının belə haqqı var" />

Abxaziyada kimin silah saxlamaq hüququ var və bunun kriminalın artması ilə nə əlaqəsi?

İndi məlum olur ki, hamının belə haqqı var

Foto: Ibragim Chkadua

Abxaziyada cinayətlərin böyük hissəsi odlu silah tətbiq edilməklə törədilir. Bununla belə, Abxaziyada odlu silah dövriyyəsi haqda qanun yoxdur. Yeganə nizamlama gürcü-abxaz müharibəsi bitəndən dərhal sonra – 1994-cü il mayın 4-də  Ali Şuranın qəbul etdiyi odlu silah dövriyyəsi haqda qətnamədir.

Çoxlu nəzarətdən kənar silah

Problemi həll etmək cəhdi 2017-ci ilin martında edilib. O zaman qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul olunub. Amma bununla da hər şey bitib.

Bu gün Abxaziyada evlərin və mənzillərin çoxunda nəzarətdən kənar silah var. Və əgər tapança və ya tüfəng ataya məxsusdursa, oğulun, kürəkənin və digər qohumların da ona əli çatır.

“Bizdə çox vaxt xəstə [psixi] adamlar da silah daşıyır”, – bu yaxınlarda Abxaziya Təhlükəsizlik Şurasının katibi Muhamed Kilba qəzəblə jurnalistlərə bildirib.

O hesab edir ki, silah saxlamaq qaydaları qəbul edilməlidir və bu qaydalar sərt olmalıdır.

“Əgər insan silahını rəsmi qeydiyyatdan keçirməlidirsə və bunun üçün lazım olan analizləri verməlidirsə, bu, hamının xeyrinə olar. Və elə eləmək lazımdır ki, bu silah kimin adına qeydiyyatdan keçirilibsə, ona yalnız onun əli çatsın”, – Kilba deyib.

Abxaziyada cinayətkarlığın ildən ilə artması müşahidə olunur, 2017-ci ildə isə göstəricilər daha təhlükəli  olub, bir il ərzində 910 cinayət qeydə alınıb, çox hissəsi də odlu silah tətbiq eləməklə. 2016-cı ildə isə 772 cinayət qeydə alınıb.

 

“Bir qrup şəxs tərəfindən odlu silah tətbiqi ilə və yaşayış yerlərinə soxulmaqla müşayiət olunan cinayət halları çoxalıb”, – Abxaziya baş prokurorunun birinci müavini Georgi Arşba deyib

Təhvil vermək, yoxsa verməmək?

Təhlükəsizlik Şurasının katibi Muhamed Kilba əmindir ki, siahlar mütləq qeydə alınmalıdır, qeydə alınmayanları isə müsadirə etmək lazımdır.

Abxaziya Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti Yevgeni Sinyavski JAMnews-a bildirib ki, o tərxis olunan zaman ilk növbədə silah və sursatları təhvil verib.

“Mənim onu da, bunu da evdə saxlamaq imkanım vardı, amma ehtiyac yoxdur. Birincisi, bu, dinc zamanda məqsədəuyğun deyil, ikincisi isə bu, çox böyük məsuliyyətdir. Odlu silah daşımaq və saxlamaq insanın üzərinə bir çox vəzifələr qoyur”, – o deyir.

Yevgeni hesab edir ki, evdə silah təhlükəsizlik yaratmır.

“Artıq nə qədər hadisə olub ki, insanları evlərində silah olmasına baxmayaraq, qarət edib və oğurlayıblar. Tətbiq eləsən, hətta özünü müdafiə məqsədi ilə olsa belə, sən məsuliyyətdən azad olmursan. Qarətçini isə mətbəx bıçağı ilə də qovmaq mümkündür, hər şey sənin özündən asılıdır”, – o deyir.

Gürcü-abxaz müharibəsi veteranı Daur Latariya hesab edir ki, evində odlu silah olan adam hərbi çağırışda iştirak etməyə və öz ixtisas səviyyəsini artırmağa borcludur. Silah isə qeydiyyatdan keçirilməlidir və evdə, yalnız ondan istifadə hüququ olan şəxslərdə olmalıdır. Amma bu adamların sırasına o, ancaq güc strukturlarının əməkdaşlarını daxil etmir, orduda xidmət edən hər kəsi və müharibə veteranlarını da bura aid edir.

“Dünyadakı bu cür qeyri-stabil vəziyyətlə bağlı olaraq, biz həmişə təcavüzə hazır olmalıyıq – Gürcüstan, Türkiyə, Amerika tərəfindən. Hamınıın əlindən silahı almaq lazım deyil. Bizim ordumuz azsaylıdır. Bəli, Rusiya ordusu var, amma heç kim bilmir ki, gələcəkdə nə olacaq, geosiyasi vəziyyət dəyişərsə, onlar özünü necə aparacaqlar. Biz özümüz özümüzü müdafiə etməyə qadir olmalıyıq”, – Latariya JAMnews-a deyib.

O bildirir ki, silahları saxlamaq üçün güc strukturlarına təhvil vermək də lazım deyil, çünki “silahın orada salamat qalacağına” əmin olmaq çətindir.

“Primorsk kəndndəki vəziyyətdən sonra [2017-ci ilin yayında bu kənddə sursat anbarı partlamışdı – JAMnews] mənim silahı saxlamaq üçün təhvil vermək kimi xüsusi istəyim yoxdur. Onların başına bir iş gələməyəcəyinə heç bir zəmanət yoxdur. Üstəlik, əgər birdən nəsə başlasa, saxlanma yerinə qədər gedib çatmaya da bilərsən”, – Daur Latariya deyir.

Sosial şəbəkələrdə mübahisələr

“Heç kimin qeydiyyatdan keçmiş silahı miras almaq hüququ olmamalıdır. Hər kəs müvafiq hazırlıq prosedurunu keçməlidir və silah daşımağa haqq qazanmalıdır”.

Ehtiyatda olan hərbçilər haqda qanunun 16-cı maddəsində deyilir ki, ehtiyatda olan hərbçilərin silahları onların adına ömürlük qeydiyyatdan keçirilir və miras kimi ötürülə bilər.

“İnsanın özünü müdafiə hüququ olmalıdır. Birbaşa əks təyinatı olmayan hər kəsə silah saxlamağa və daşımağa icazə verilməlidir”.

“Əhalidən silahları müsadirə etməyin leqal yolu var və bu yol yetərincə effektlidir – bu puldur. Əhali silah və sursatları təhvil verir və insanlara real məbləğ ödənir. Bugünkü maddi böhran şəraitində bunu isti peraşki kimi əldən qaparlar”.

Bəs parlament?

Abxaziya parlamentinin spikeri Valeri Kvarçiya hesab edir ki, Abxaziyada qeydiyyata alınmamış silahları müsadirə etmək lazım deyil.

“Saxlama və daşıma qaydalarını nizamlamaq yetərlidir”, – o, jurnalistlərə bildirib.

Kvarçiya deyir ki, parlament daxilində məsələnin fəal müzakirəsi gedir.

“Çox güman ki, yaxın zamanda mövzu dəvət olunmuş maraqlı insanların geniş çevrəsində müzakirə olunacaq. Amma məsələ çox mürəkkəbdir”.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews