Gürcüstan XİN: Aİ ilə vizasız rejimdən Abxaziya və Sxinval regionu sakinləri də yararlana biləcək" />

Abxaziya XİN: Gürcüstan üçün Aİ ölkələrinə viza rejiminin ləğvi Abxaziyaya aid deyil

Gürcüstan XİN: Aİ ilə vizasız rejimdən Abxaziya və Sxinval regionu sakinləri də yararlana biləcək

“Aİ-ə viza rejiminin ləğvi ancaq Gürcüstan vətəndaşlarına şamil edilir, Abxaziyaya aid deyil”, – fevralın 2-də Abxaziya XİN-in yaydığı bəyanatda belə deyilir.

Abxaziyanın diplomatik qurumu bununla Gürcüstanın XİN rəhbəri Mixail Canelidzenin “Aİ ilə vizasız rejimdən hazırda hakimiyyətin nəzarətində olmayan ərazilərində – Abxaziya və Sxinval regionunda (Cənubi Osetiya) yaşayan Gürcüstan vətəndaşları da yararlana biləcək” məzmunlu bəyanatına cavab verib.

Abxaziya XİN-i Canelidzenin bu sözlərini “Tbilisi hakimiyyətinin Abxaziya Respublikasının vətəndaşlarını Gürcüstanın siyasi-hüquqi məkanına cəlb etmək istiqamətində növbəti yöndəmsiz cəhdi” adlandırıb.

“Aydındır ki, “neytral pasportlarla” bağlı kələkləri baş tutmayandan sonra Gürcüstan hakimiyyəti Aİ ölkələri ilə viza rejiminin liberallaşdırılmasından Abxaziya vətəndaşları üçün növbəti tələ yemi kimi istifadə eləmək qərarına gəlib”, – Abxaziya XİN-in bəyanatında bildirilir.

Suxumda hesab edirlər ki, Tbilisinin bu yeni cəhdi bundan əvvəlkilər kimi öncədən müvəffəqiyyətsizliyə düçardır.

Eyni zamanda rəsmi Suxum Gürcüstan hakimiyyətinə xitabən bildirib ki Abxaziya vətəndaşlarının hərəkət azadlığı ilə bağlı səmimi şəkildə narahat olurlarsa, Tbilisinin üzündən Aİ ölkələrinə buraxılmayan  “vətəndaşlarımızın beynəlxalq təcridindən əl çəksinlər”.

Abxaziya XİN həmçinin Aİ ölkələrinə müraciət edərərk onları “Gürcüstanın populist əməllərini dəstəkləməkdən əl çəkməyə” və Abxaziya Respublikası vətəndaşlarının “deizolyasiyası” üçün real addımlar atmağa çağırıb.

Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyası və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.


More on JAMnews